Novruz tonqalında yanan məşhurlar — VİDEO
Şou-biznes nümayəndələri Novruz bayramında başlarına gələn maraqlı hadisələrdən danışıblar.
“Ölkə.Az” xəbər verir ki, məşhurlar “Xəzər maqazin”ə açıqlamalarında xatirələrini bölüşüblər:
Əməkdar artist Abbas Bağırov:
“Bir dəfə papaq atdım, gözlədim şəkərbura, paxlava qoysunlar. Amma mürəbbə tökmüşdülər papağıma”.
Aşıq Telli Borçalı:
“Əmimgilə getdim ki, qapını pusum. 20 dəqiqə gözlədim, danışmadılar. Qulağımı lap dirədim qapıya ki, bəlkə, nəsə eşidərəm. Həmin an bibim qapını açdı, yıxıldım içəri”.
Xalq artisti Faiq Ağayev:
“Bu günümü həll edən qulaq falı olub. Tibb Universitetində oxuyurdum, incəsənətə gəlmək istəyirdim. Qərar verdim ki, gedim qulaq falına, görüm nə olacaq. Yaxınlaşdım qapıya, eşitdim deyir, gəl, gəl, səni gözləyirik. Başa düşdüm ki, məni incəsənətdə gözləyirlər”.
Müğənni Elnarə Xəlilova:
“Universitetə daxil olmağım, ailə qurmağım Novruz falında məlum olmuşdu”.
Əməkdar artist Dilarə Əliyeva:
“Universitetdə qızlardan biri nişanlanmışdı. Konfet gətirmişdi ki, biz də qoyaq balışın altına, gələcək həyat yoldaşımızı görək. Mən də aparıb qoydum və Oqtay Əliyevi yuxuda gördüm. Həmin günə qədər heç vaxt onu həyatda belə görməmişdim”.
Xalq artisti Brilliant Dadaşova:
“Bir dəfə konsertdə gedib qapı pusdum. Dedilər, səni birdən gəlib aparacaqlar. Elə ondan sonra ərə getdim”.
Əməkdar artist Vasif Məhərrəmli:
“Tonqaldan tullananda yanmışam”.
Müğənni Nadir Qafarzadə:
“Tonqaldan tullananda bir də gördüm yanıram. Məni içi su dolu çəlləyə saldılar”.