Vaqif Əsədov Damlanın “AA” seriyalı maşını barədə: “…istəsə belə ala bilməz” – FOTO
Sosial şəbəkədə müğənni Damlanın “AA” seriyalı “Toyota Fortuner” markalı avtomobil sürməsi haqqında məlumat yayılıb.
Müğənninin prodüseri Şamil İbrahimov bildirib ki, avtomobil hədiyyədir, amma avtomobilin dövlət nömrə nişanı isə onlara aiddir. Bankdan seriya 1 illik müqavilə ilə kreditə götürülüb. 4-5 aydan sonra maşının krediti bağlanacaq, nömrə banka təhvil veriləcək.
Prodüser deyib ki, bundan sonra yenidən Damlaya “AA” nömrəsini almağa çalışacaqlar. Bəs Damla avtomobili üçün arzusunda olduğu “AA” seriyalı dövlət nömrə nişanını ala bilər?
Minval.info məlumat verir ki, bu seriyalı maşınlar həm özəl, həm də dövlət sektoruna məxsusdur. Yəni “AA” seriyası hamının zənn etdiyi kimi, yalnız dövlət orqanlarına məxsus olan avtomobillərə aid qeydiyyat nişanı deyil. Bu, şərti olaraq ona görədir ki, hüquqi və fiziki şəxslərə verilən nəqliyyat vasitələrinə aid dövlət qeydiyyat nişanlarını müəyyənləşdirmək mümkün olsun. Belə qəbul olunub ki, AA, AB, AC seriyası hüquqi şəxslərə məxsus nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Digər hərflərlə başlayanlar isə fiziki şəxslər üçün nəzərdə tutulub.
Məsələ ilə bağlı əlaqə saxladığımız Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov da minval.info-ya bildirib ki, fiziki şəxsin “AA” seriyalı maşın sürməsi qanunla qadağandır:
“İndi hər kəsin dediyi gerçəkləşə bilməz ki. “AA” seriyalı nömrələr hüquqi şəxslərə aiddir. Eyni zamanda dövlət orqanında çalışan dövlət qulluqçularının xidməti maşınlarına da “AA” seriyalı nömrə nişanı verilir. Bu seriyalı avtomobilləri də yalnız yol vərəqələri ilə idarə etmək mümkündür. Heç bir hüquqi şəxs bu seriya nömrəsini hədiyyə də edə bilməz. Əgər hədiyyə edərsə, biz də sənədlərinə baxarıq, sizi də məlumatlandırarıq. Fiziki şəxs istəsə belə “AA” seriyalı nömrə ala bilməz”.
Xatırladaq ki, ötən il ATV telekanalının əməkdaşı, tanınmış teleaparıcı İlhamə Bədəlovanın 90-AA-518 dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobili də müzakirələrə səbəb olmuşdu.
Teleaparıcı “Bu nömrə illərdir məndədir. Burada aydınlıq gətiriləsi nə var ki?” deyərək özünə haqq da qazandırmışdı.