Ülvi Quliyev,
Milli Məclisin deputatı MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüşün maraqlı məqamlarından biri də onunla bağlı oldu ki, bəzi məlumatlar rəsmi səviyyədə təsdiqini tapdı. Rusiya Prezidenti ictimai şəkildə bəyan etdi ki, Ermənistanla xarici ticarət dövriyyəsi durmadan artmaqdadır. Rəsmi məlumata əsasən, ötən il bu rəqəm 7,4 milyard ABŞ dolları təşkil etdiyi halda, cari ilin birinci yarısında 2,5 dəfə artaraq 8,3 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. İlin sonunadək həmin göstəricinin 14-16 milyard ABŞ dollarına çatacağı gözlənilir. Əhalisinin sayı Ermənistandan az qala dörd dəfə çox, ərazisi üç dəfə böyük olan Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi isə cəmi 4 milyard ABŞ dolları civarındadır. Ekspertlərin müşahidələrinə görə, Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsinin kəskin artımı əsasən son iki ilə, Rusiya-Ukrayna müharibəsinin getdiyi dövrə təsadüf edir. Azərbaycanı qərəzli qətnamələrlə hədəf seçən ölkə və təşkilatlar, sanksiya hədəsi ilə üzərimizə gələn ABŞ siyasətçiləri özlərini elə aparırlar ki, guya bu rəqəmlərdən xəbərsizdirlər? Guya onlar bilmirlər ki, bu artımın arxasında Ermənistanın yerli istehsal gücü deyil, çeşidli mallar təsnifatını əhatə edən reeksport siyasəti dayanır?! Buna baxmayaraq, Ermənistan heç bir sanksiya ilə hədələnmir, əksinə, onun “iqtisadi azadlığına” riyakarcasına göz yumulur...
Xeyli vaxt idi ki, Ermənistan rəsmiləri “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməkdən çəkinirdilər. Lakin görəndə ki, AŞPA-nın və Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələrdə məhz bu terminə istinad olunur, Fransa rəsmilərinin ardınca ABŞ rəsmiləri də “Dağlıq Qarabağ” ifadəsini ciddi-cəhdlə “diriltməyə” və onu yenidən beynəlxalq leksikona sırımağa çalışırlar, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Qədim Sivilizasiyalar Forumunda bu termindən istifadə etməyə başladı. Ermənistan rəsmisi bununla onu nümayiş etdirdi ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanımalarına dair bəyanatları boş söz yığnağından və bəsit manipulyasiyadan başqa bir şey deyil. Elə buna görə də Ermənistan ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan Konstitusiyasını dəyişdirməkdən müxtəlif bəhanələrlə yayınır, vaxt udmağa çalışır. Yarımçıq sülh müqaviləsini imzalamaq üçün Azərbaycana təzyiq göstərən Ermənistanın hamiləri də eyni niyyəti güdür və yalnız öz maraqlarından çıxış edirlər. Halbuki onlardan heç biri özlərinə qarşı hüquqi müstəvidə ərazi iddialarını nəzərdə tutan ölkə ilə heç vaxt barışığa getməz və yarımçıq sülh sənədini imzalamazdı. Ermənistan rəsmiləri nəyi bacarmasalar da, ənənəvi olaraq siyasi konyukturanın nəbzini tutmağı, daha dəqiq desək, sahiblərinin diktəsinə sözsüz tabe olmağı və onların oyun qaydalarına uyğunlaşmağı çox yaxşı bacarırlar. Onlar görəndə ki, ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adı altında qərəzli dinləmələr keçirilir və həmin dinləmələrdə ləğv olunmuş qondarma separatçı rejimin keçmiş təmsilçilərinin iştirakına şərait yaradılır, heç şübhəsiz ki, bu cür riyakarlıq Ermənistan hakimiyyətini yeni xülyalara həvəsləndirməyə bilməzdi. Müzakirələr zamanı dini təəssübkeşliklə bağlı cahil fikirlərin önə çıxdığını gördükdən sonra şərti sərhəddə üzərinə “səlib xaçı” işarəsinin çəkildiyi Ermənistan bayrağının qaldırılması da artıq təəccüb doğurmamalıdır.
Amma bütün bunlar o demək deyil ki, bu cür siyasi oyunbazlığın arxasında yalnız kənar təsirlər və xarici maraqlar dayanır. Baş nazir N.Paşinyan nə qədər desə də ki, o, “tarixi” Ermənistanın yox, real Ermənistanın dövlət başçısıdır, “Wikipedia”da hələ də saxlanılan rəsmi səhifə tamam fərqli mətləblərdən xəbər verir. Həmin məlumatda açıq mətnlə bunlar qeyd olunub: “Ermənistan krallığı eramızdan əvvəl 50-ci əsrdə böyük Tiqranın hakimiyyəti dövründə özünün yüksək zirvəsinə çatmışdır. Daha sonra xristianlığı rəsmi din kimi qəbul edən dünyada ilk dövlət oldu”. Bu cür miflər üzərində yetişdirilmiş cəmiyyətin sıravi üzvü bir tərəfə, hətta rəsmi təmsilçisinin reallığı asanlıqla və müqavimətsiz qəbul edəcəyini gözləmək özümüzü aldatmaqdan başqa bir şey deyil. Gəlin, unutmayaq ki, müharibədən bir neçə ay əvvəl, 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında “böyük Tiqran” mifologiyasına istinad edən elə Paşinyanın özü idi. Ona görə də uzun onilliklər ərzində erməni cəmiyyətinin xəstə təxəyyülünü oxşayan miflərlə bağlı bir səhifənin “Wikipedia”dan indiyənədək silinməməsi təəccüb doğurmamalıdır.
Bu gün ona da təəccüblənməməliyik ki, Ermənistan intensiv şəkildə hücum silahları ilə silahlandırılır. Sual olunur: sülh müqaviləsinin imzalanmadığı bir şəraitdə otuz illik işğalçılıq keçmişi olan bir ölkə kimə qarşı silahlandırılır? Reallıq belədir ki, Fransanın yürütdüyü militarizasiya siyasətinə Avropa Sülh Fondu aktiv şəkildə dəstək verir, ABŞ isə birgə hərbi təlim və başqa ad altında bu siyasətdən kənarda qalmır. Erməni dəyirmanına su tökmək kimi zərərli vərdişindən əl çəkməyən AXCP təmsilçiləri iddia edirlər ki, Rusiya ilə xarici ticarət dövriyyəsinin kəskin artımı guya yalnız Ermənistana satılan silahla bağlıdır. Ermənistanda bunu eşitdikdən sonra, gərək, özlərinə başqa yerdə vəkil axtarmasınlar. ABŞ Dövlət Departamenti, ölkəmizdəki radikal müxalifətin iddia etdiyi kimi, milyardlarla ölçülən hərbi əməkdaşlıqdan məlumatsız ola bilməz. Bəs, onda niyə susur və Ermənistana sanksiya tətbiq etmək əvəzinə, Azərbaycanı hədəf seçir? Yoxsa, qlobal qarşıdurma müstəvisində dayanan əks-qütblərin hər biri üçün kiçik Ermənistan vazkeçilməz “matağa” çevrilib?
Riyakarlıqdan başqa nə ad vermək olar ki, torpaqlarımız Ermənistan tərəfindən işğal edildiyi vaxt-1992-ci ildə ABŞ sanksiyanı işğalçıya deyil, işğala məruz qalan Azərbaycana qarşı tətbiq etdi?! Utanmadan onu da iddia edirdilər ki, guya sanksiyanın səbəbi Azərbaycanın işğalçı “Ermənistanı blokadada saxlaması” ilə bağlıdır. Hansı sağlam məntiqə sığa bilər ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin tələblərini, beynəlxalq hüququ və ədaləti bərpa etdikdən sonra sanksiya hədəsi ilə üzləşən yenə də Azərbaycandır. Riyakarlıq həm də ondan ibarətdir ki, ölkəmizə qarşı “907-ci Düzəliş” 2001-ci ilə qədər qüvvədə saxlanıldı. Yalnız Əfqanıstan məsələsində Azərbaycanın köməyinə ehtiyac yarandığı vaxt onun qüvvəsi dayandırıldı. ABŞ üçün Əfqanıstan məsələsi bitdikdən sonra isə sanksiya yenidən qüvvəyə mindirildi. Prezident İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına müsahibəsində riyakarların siyasi mahiyyətinə tam uyğun olan bu cavabı verdi: “Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.
Ətraflı
Heç cür məntiqi izahı olmayan və cəmiyyətimizi hiddətləndirən həm də budur ki, bəzi Qərb dairələri Azərbaycana qarşı müharibə cinayətlərini törətmiş, Qarabağdakı separatçılıq yuvasını təmsil və təbliğ etmiş, törətdikləri əməllərə görə bu gün Bakıda ədalət mühakiməsini gözləyən erməni əsilli şəxsləri utanmadan girov və ya siyasi məhbus kimi qələmə verir, onların azad olunmasını tələb edirlər. Halbuki eyni dairələr Ukraynada separatçıların hətta fiziki cəhətdən zərərsizləşdirilməsini belə, təqdir və təşviq edirlər. Prezident İlham Əliyev elə bu cür rəzil ayrı-seçkiliyi nəzərə alaraq, oktyabrın 4-də Cəbrayılda həmin dairələri növbəti dəfə ədalətə dəvət etdi və onlara bu mesajı verdi: “Axı, bu riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?! Bu gün Rusiya-Ukrayna müharibəsinə baxın, Qərb dövlətləri, Fransa, Amerika, o birilər nə deyirlər? Deyirlər, Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir, Ukrayna silahdan istifadə etməlidir. Bütün növ silahları Ukraynaya verirlər. Yaxşı, bəs bizim işğal altında olan torpaqlarımıza niyə münasibət fərqli idi? Axı, bizim də ərazi bütövlüyümüz pozulmuşdu... Bu suallara cavab tələb edirik. Amma cavabı biz harada görürük? Yenə də anti-Azərbaycan addımlarında”.
Dövlətimizin başçısı sentyabrın 6-da Çernobbio Forumundakı çıxışı zamanı həm bu cür riyakar siyasəti yürüdən dairələrə, həm də dünya ictimaiyyətinə bir daha xatırlatdı ki, Azərbaycanın ötən ilin sentyabrda həyata keçirdiyi və məhz buna görə hədəfə gəldiyi lokal xarakterli antiterror əməliyyatı Ukraynanın öz ərazisində etməyə çalışdığından və Qərbin tərəddüdsüz dəstəklədiyi addımlarından heç nə ilə fərqlənmir. Görünən odur ki, Azərbaycana qarşı sərgilənən ayrı-seçkilik və riyakarlıq artıq heç bir sərhəd tanımır. Bəziləri bunu yalnız geosiyasi və geoiqtisadi maraqlarla izah etməyə çalışırlar. Amma bir neçə gün əvvəl üzərində “səlib-xaç” yürüşünün tanıtım işarəsinin əks olunduğu Ermənistan dövlət bayrağının şərti sərhəddə qaldırılması dini tolerantlığı ilə seçilən xalqımız üçün nə qədər qəbuledilməz olsa da, bəzi demokratiya carçıları bu iyrənc təxribatda heç bir təhlükə görmək istəmirlər. Buna görə cəmiyyətimizdə getdikcə o qənaət də möhkəmlənir ki, XXl əsrdə Qərbdə bəzi siyasətçilərlə yanaşı, hətta ayrı-ayrı yüksək səviyyəli rəsmi şəxslər belə, orta əsrlər təfəkkürünə söykənən təhlükəli bölücülük siyasətini “diriltməyə”, ona yeni nəfəs verməyə çalışırlar. Elə bu səbəbdən istər indiki, istərsə də gələcək nəsillər Prezident İlham Əliyevin 2022-ci ilin aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında açıqladığı bu tarixi gerçəkliyi heç vaxt unutmamalıdır: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.