AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Laçının işğaldan azad olunması tarixi hadisə kimi yaddaşlarda həkk olunmuşdur

  • + A
  • - A
  • Bu gün, 12:10

    Laçının işğaldan azad olunması tarixi hadisə  kimi yaddaşlarda həkk olunmuşdur

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    44-günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbənin ən mühüm səhifələrindən birini də Laçının işğaldan azad olunması təşkil edir.
    Böyük strateji əhəmiyyətə malik olan Laçın rayonunun 1992-ci il mayın 18-də işğal olunması nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak olub və ya itkin düşmüşdür, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan olunub və məhv edilmişdir. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidələr vandalizmə məruz qalmışlar.
    Ermənistanın sılahlı qüvvələri va separatçı qanunsuz silahlı dəstələr kütləvi şəkildə beynəlxalq humanitar hüququ pozaraq, müharibə cinayətləri kimi tövsif edilən kütləvi qırğınlar, mədəni irsin məhv olunması, əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi məqsədi ilə qeyri-qanuni məskunlaşma həyata keçirmişlər. ATƏT-in 5 fevral 2005-ci ildə həyata keçirdiyi faktaraşdırıcı missiyası müəyyən etmişdir ki, Laçında 8000-dək erməniəsilli şəxs yerləşdirilmişdir.
    1992-1993-cü illərdə AXC-Müsavat iqtidarı dövründə hökm sürən hərcmərclik, xaos, nizami ordunun, vahid hərbi komandanlığın olmaması, müdafiə sahəsində mövcud olan pərakəndəliyin nəticəsində Şuşa, Laçın, Kəlbəcər işğal altına düşmüşlər və beləliklə, Ermənistanla Qarabağ arasında coğrafi əlaqə yaranmışdır.
    Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi-siyasi strategiyasının döyüş meydanında parlaq formada həyata keçirilməsinin, böyük qələbəmizin və Ermənistanın kapitulyasiyasının nəticəsi olan üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
    Dövlət Başçısının sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
    Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən edildi.
    İşğaldan azad olunduqdan sonra Laçında genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilmişdir.
    Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Laçın şəhərində yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.
    2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurdlarına qayıdışına start verilib.
    Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra Dövlət Başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR