Milli Məclisin deputatı Ülvi Quliyev gündəmin bir sıra aktual mövzusu ətrafında Moderator.az-ın suallarını cavablandırıb:
- Ülvi müəllim, bugünlərdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Rusiya sülhməramlılarının mandat səlahiyyəti ilə bağlı maraqlı bir açıqlaması oldu. Həmin açıqlamadan çıxış edərək deyə bilərikmi ki, sülhməramlıların səlahiyyət həddi ilə bağlı məsələlər cəmiyyətimizi narahat etdiyi kimi, hakimiyyətin də diqqət mərkəzindədir?
- Əvvəla, cəmiyyətin və hakimiyyətin məsələyə yanaşmalarının ayrı-ayrı kontekstlərdə təqdimatı ilə razı deyiləm, çünki onlar bir-birindən fərqlənmir. Xalqımızın ən böyük problemi 30 il ərzində işğal altında qalan torpaqlarımızın-Qarabağın azad olunması ilə bağlı idi. Azərbaycan hakimiyyəti sübut etdi ki, ötən illər ərzində bu problemin həlli onun üçün prioritet olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə yetişdirilən və ən müasir silahlarla təchiz olunan qəhrəman ordumuz bu mürəkkəb vəzifəni yerinə yetirdi, xalq və iqtidar birliyi qələbədə həlledici sözünü dedi. Cəmiyyətin və hakimiyyətin prioritetləri arasında fərq və ziddiyyət olmadığına görə, tarixi ədaləti bərpa edə bildik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və uzun ömür versin.
Sülhməramlıların mandat səlahiyyətinə gəldikdə isə, rəsmi açıqlamadan da göründüyü kimi, məsələ ətrafında “ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir”. Bu ifadənin məntiqindən çıxış etdikdə, o anlaşılır ki, səlahiyyət dairəsinin dəqiqləşdirilməsinə və konkretləşdirilməsinə zərurət var. Müzakirələrin davam etdiyinə işarə olunması isə o anlama gələ bilər ki, hansısa məqamlar ətrafında ortaq məxrəc axtarılır.
- Sülhməramlıların bir sıra addımları cəmiyyətimiz tərəfindən haqlı olaraq etirazla qarşılanır. Sizcə, Prezident Administrasiyasının rəsmi nümayəndəsi tərəfindən bu açıqlamanın məhz indi səsləndirilməsi təsadüfi ola bilərmi?
- Fəlsəfi qanunauyğunluqlardan biri təsadüflərin zərurətdən doğması ilə bağlıdır. Sülhməramlıların fəaliyyətində zaman-zaman müşahidə etdiyimiz qüsur və nöqsanlara ən ali səviyyədə münasibət bildirilib. Sülhməramlıların müvəqqəti nəzarəti altında olan Laçın dəhlizi vasitəsi ilə xarici ölkə vətəndaşlarının, eləcə də Ermənistan rəsmilərinin Xankəndinə səfərindən, mülki geyimli hərbçlərin və qeyri-mülki təyinatlı yüklərin daşınmasından, “İsgəndər-M” raket kompleksindən tutmuş Rusiya müdafiə nazirinin son bəyanatına qədər məsələlərlə bağlı notalar verilib və rəsmi etirazlar bildirilib. Əgər Rusiya müdafiə naziri Ermənistandan olan həmkarını qəbul edərkən ona qılınc bağışlayıb deyirsə ki, Rusiya Ermənistanı silahlandırmağa davam edəcək və ordusunun modernləşdirilməsinə köməkliyini əsirgəməyəcək, şübhəsiz, bu cür ciddi bəyanat diqqətdən kənarda qala bilməzdi. Ona görə də, Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsində Ermənistanın silahlandırılmasına kəskin etirazını bildirdi, həm Rusiya rəhbərliyinə, həm də beynəlxalq auditoriyaya gərəkli mesajını göndərdi. Bundan sonra Rusiya XİN-in rəsmi sözcüsü belə bir açıqlama verdi ki, hansısa ölkəni silahlandırmaq onların suveren hüququdur. Lakin diqqətdən qaçırdılar ki, 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatla Rusiya tərəflər arasında sülh araçılığı missiyasını üzərinə götürüb. Tərəflərdən birini ya pulsuz-parasız, ya da hansısa siyasi güzəştlər naminə silahlandırmaq həmin öhdəliyə ziddir və nəticə etibarı ilə sülhə xidmət etmir. Bunun fəsadları özünü çox gözlətmədi, rəsmi sözçünün açıqlamasından sonra Ermənistan atəşkəsi artıq Şuşa istiqamətində pozdu, yəni Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidən. Bu fakt bir daha sübut etdi ki, həmin ərazidən erməni silahlıları çıxarılmayıb. Halbuki, 10 noyabr Bəyanatına görə bu, məhz sülhməramlıların üzərinə götürdüyü əsas öhdəliklərdən biridir. Bu cür məsələlərin fonunda rus generalının qondarma rejimin təmsilçisi ilə qucaqlaşıb şəkil çəkdirməsi, diqqət yetirməyi tələb edən məqamlardan olsa da,xeyli kiçik məsələdir. Başqa məqamlar da var. Ona görə də, vasitəçi öhdəliyini üzərinə götürən Rusiya rəsmi etirazlarımıza adekvat yanaşmalı, cəmiyyətimizdə onsuz da mövcud olan neqativin artmasına rəvac verməməlidir. Əks təqdirdə, bu, ilk növbədə, onun öz siyasi reputasiyasını ciddi sual altında qoyacaqdır.
- Mənə belə gəlir ki, sülhməramlıların o cür davranışlarına cəmiyyətimizin mənfi münasibəti Moskva üçün də sirr deyil. Belə olan təqdirdə, bu addımları davam etdirməklə daha hansı mənfi yükə nail olmaq istəyirlər?
- Yadınızdadırsa, tarixi Şuşa Bəyannaməsi imzalanarkən Prezidentimiz xəbərdarlıq xarakterli ciddi bir bəyanat vermişdi,həm də diqqəti Bəyannamənin doğuracağı əks-sədaya yönəltmişdi. Bunun ardınca Bakı Bəyannaməsi imzalandı. Belə tarixi hadisələr regiona xüsusi maraq göstərən, hətta bu bölgəni şəriksiz maraq dairəsi hesab edən ölkələrin diqqətindən kənarda qalmır. Əminəm ki, həmin Bəyannamələr imzalanmasaydı, cəmiyyətimizi narahat edən sualların sayı daha çox olardı. Prezident İlham Əliyev xüsusi olaraq qeyd edəndə ki, Qarabağın işğaldan azad olunması üçün ən doğru, ən əlverişli məqamı seçdik və bunun üçün 28 il səbr etməli olduq, həm də Şuşa və Bakı Bəyannamələrinin imzalanması üçün ən uyğun vaxtın` seçildiyinə işarə edir. Bəzən kimlərsə praqmatik, real siyasətlə populist addımların yerlərini qarışıq salır, zamanından əvvəl addımların atılmasını təklif edir.Ola bilsin ki, bu cür təkliflər diqqəti daha tez cəlb edir, kiməsə ötəri rəğbət qazandırır. Qulağa xoş gələn belə təklifləri səsləndirmək çox asandır, çünki onu səsləndirənin dövlət və xalq qarşısında heç bir hüquqi məsuliyyəti yoxdur. Əminəm ki, o addımların bir çoxu mütləq reallaşacaq, qardaş ölkələrlə və strateji müttəfiqlərimizlə əməkdaşlığın hüquqi-siyasi bazası daha da genişləndiriləcək, amma zamanında, ən uyğun vaxtda. Napaleonun dəyərli bir kəlamı var: ”Müdriklik çətin olanla qeyri-mümkün olanı fərqləndirmək qabiliyyətidir”. Qeyri-mümkün olanı mümkün vəziyyətə gətirmək isə siyasi iradə və böyük zəhmət tələb edir. Prezidentimizin addımlarında hər birimiz bu siyasi iradəni görürük, zərrə qədər şübhə etmirəm ki, mümkünsüzlərin də gerçəkləşdiriləcəyinin şahidi olacağıq.
- Ermənistan tərəfi davamlı şəkildə Minsk qrupunu diriltməyə çalışır. Yerli siyasətçilərimizdən və ekspertlərdən bəziləri də “diriltmə” əməliyyatının tərafdarı kimi görünürlər. Bunu Rusiyanın sülhməramlısına balans kimi təqdim edənlər də var. Ülvi müəllim, sizin yanaşmanız necədir?
- Minsk qrupunun fəaliyyəti ilə bağlı reallıq ortadadır. 30 il boyunca gördüyümüz haqsızlıqları və ayrı-seçkilik nümunələrini sadalamağa başlasaq, dilimiz qabar olar. Gəlin, bu dəfə bir-ikisi ilə kifayətlənək. Necə ola bilər ki, həm Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edəsən, həm də separatçı rejimə humanitar ad altında okeanın o tayından maliyyə dəstəyi göstərəsən? Halbuki, Abxaziya və Cənubi Osetiyadakı rejimlərə belə dəstək verilmirdi. Yaxud, necə ola bilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığın və Ermənistanın işğal faktını BMT qətnamələrində etiraf etdiyin halda, Ermənistanı sevimli bacı hesab etdiyinə görə deyəsən ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Bu azmış kimi, Senatı da qondarma qurumun müstəqilliyinin tanınması barədə təşəbbüslə çıxış edir. Minsk qrupu 30 il ərzində qarşısını almalı olduğu erməni işğalını unudaraq Qarabağdakı separatçı rejimə hüquqi don geyindirməyi, ona status verməyi hədəf seçmişdi. 44 günlük Vətən müharibəsinin nəticələrinə görə Azərbaycanın bölgədə yeni reallıq yaratmasına, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etməsinə baxmayaraq, Minsk qrupunun hədəfi və gündəliyi dəyişməz olaraq qalır. Belə olan halda, vasitəçilik institutunun bərpası yalnız Ermənistanın və məlum fobiyalardan əziyyət çəkən hamilərinin marağına xidmət edə bilər. Dövlətimizin başçısı da məhz bu reallığı nəzərə alaraq, münasibətini ictimai şəkildə bir neçə dəfə bildirib. Belə bir sual yarana bilər: axı, üç həmsədrdən biri olan Rusiya da bu illər ərzində Ermənistanı yalqız buraxmayıb, pulsuz silahlandırıb, sərhədlərinin keşiyində dayanıb və eyni hərbi blokda indiyədək təmsil olunur, belə olan halda, bu vasitəçiliyi niyə qəbul edirik? Haqlı sualdır, amma bu haqlı sualın cavabında kövrək də olsa, başqa bir həqiqət də dayanır. Son 30 ildə hər birimiz dəfələrlə öz aramızda etiraf etmişik ki, Qarabağın açarı Rusiyadadır. Gec də olsa, 28 ildən sonra, tarixi məqamlar və maraqlar üst-üstə düşdüyü an Rusiya Prezidenti Vladimir Putin, sələflərindən fərqli olaraq, açıq şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və KTMT-nin müdaxiləsinə hüquqi əsas yoxdur. Doğrudur, onu da dedi ki, status məsələsini gələcək nəsillərin öhdəsinə buraxmaq lazımdır.Çünki, Rusiya çoxəsrlik forpostunu və müttəfiqi hesab etdiyi Ermənistanı itirmək, başqalarına yem etmək istəmədi. Hər bir halda, Rusiya son anda Ermənistanı tam məhv olmaqdan xilas etsə də, onun gözlədiyi köməyi tam həcmdə vermədi və ölkəmizə münasibətdə nisbi obyektivliyi gözlədi. O da reallıqdır ki, Rusiya coğrafi qonşumuzdur, ümumi quru və dəniz sərhədlərimiz var.Bütün bunlarla yanaşı, obyektivlik işarəsinin yanında nisbi ifadəsi işlədilirsə, deməli, həqiqət sonadək ifadə olunmayıb və o, alayarımçıqdır. Böyük Nizami Gəncəvinin irsindən və nəsihətlərindən çıxış etsək, etiraf etməliyik ki, yarımçıq həqiqət və ya nisbi obyektivlik o anlama gəlir ki, həqiqəti bütövlükdə etiraf etmək istəməyənin niyyətinin arxasında mübhəm məqamlar da gizlənə bilər. Əgər rus sülhməramlısının keçmiş komandiri xidmətini Ermənistan rəsmilərilə görüşlə yekunlaşdırırsa, sülhməramlıların yeni rəhbəri fəaliyyətinə məhz işğalçı Ermənistandan başlayırsa, nisbi obyektivliyin cəmiyyətimizi narahat etməsi anlaşılandır və təbiidir. Ona görə də, sülhməramlı missiyanın əndazəni aşan hansısa addımının cəmiyyətimizdə doğurduğu haqlı qıcıq təəccübə səbəb olmamalıdır. Elə bu səbəbdən, Dövlət Duması üzvlərinin- Jirinovskinin, Zatulinin və başqalarının velikoros düşüncəsinə xidmət edən açıqlamalarını eşitməzliyə vura bilmərik. Əgər Rusiyanın siyasi elitasında təmsil olunan bu cür şəxslərin dili ilə deyilirsə ki, Qarabağa əbədi yerləşiblər, yaxud rus dünyasının müdafiəsi adı altında istənilən postsovet ölkəsinə müdaxilə mümkündür və ya demoqrafiq vəziyyətin düzəlməsi üçün postsovet respublikaları Rusiyaya zor-xoş birləşdirilə bilər, şübhəsiz, bu cür açıqlamalar cəmiyyətimizi narahat etməyə bilməz. Rusiya Prezidentinin elə bu günlərdə belə bir açıqlaması da oldu ki, əgər zamanında yanlış addımlar atılmasaydı, indi Rusiya imperiyasının 500 milyon əhalisi olardı. Müasir dünyada güc yalnız nüvəbaşlıqlı silahlarla deyil, həm də demoqrafik imkanlarla ölçülür. Təbii ki, bu cür açıqlamaları eşitdikdə, müstəqilliyi özü üçün əbədi seçim hesab edən istənilən qonşu, o cümlədən Azərbaycan cəmiyyəti daha ehtiyatlı tərpənməyə məcburdur. Məcburdur ki, sülhməramlıların fəaliyyətini daha böyük optik çihaz altında izləsin və istənilən səhvinə anındaca münasibət bildirsin. Ona görə də, rəsmi etiraz və notalar, gərəkli açıqlamalar hakimiyyətin adekvat addımı və ali siyasi iradənin ifadəsi kimi qiymətləndirilməlidir.
Qonşularından hansı ölkəni müttəfiq, hansını sadəcə qonşu hesab etmək, həqiqətən, hər kəsin suveren hüququdur. Qardaşımız və Müttəfiqimiz olan Türkiyənin Hərbi Hava Qüvvələri ilə ”TurAz Şahini-2021” taktiki-hərbi təlimlərinin Laçında-Azərbaycan ərazisində keçirilməsi də dövlətimizin suveren hüququdur. Ölkəmizlə qonşuluq və ya müttəfiqlik etmək seçimindən asılı olmayaraq, Prezident İlham Əliyevin səsləndirdiyi bu bəyanat bütün region dövlətlərinə ünvanlanan mesajdır: Azərbaycan bütün qonşuları ilə sülh şəraitində, dinc birgəyaşayışın tərəfdarıdır və hər zaman sözünün arxasındadır. Qonşulardan da gözləntimiz sözləri ilə əməllərinin üst-üstə düşməsidir.