Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə tarixi ədaləti və beynəlxalq hüququn aliliyini təmin etməklə yanaşı, həm də bölgəmizdə yeni reallıq yaratdı. Müharibədən sonrakı dövrdə dövlətimizin atdığı addımlar məhz ona xidmət edir ki, yaratdığı yeni reallıq daha etibarlı və daha dayanıqlı olsun. Çünki Ermənistanda hələ də revanş hissi ilə yaşayan və xaricdəki bəzi dairələr tərəfindən himayə olunan siyasi kəsimin varlığı danılmaz faktdır. Azərbaycan hakimiyyəti təkcə bu təhlükənin böyüməsi ehtimalına görə deyil, ilk növbədə, bölgəmizə dinc, təhlükəsiz və firavan həyatı gətirmək istədiyi üçün regionda iqtisadi inteqrasiyanın dərinləşməsi və şaxələndirilməsi yolunu seçib. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən iqtisadi layihələr bütün qonşu dövlətlərə, hətta ənənəvi cığallığından əl çəkəcəyi təqdirdə Ermənistana belə, yalnız rifah gətirə bilər.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.
Deputat bildirib: “Artıq Ermənistan hakimiyyəti və cəmiyyəti üçün də sirr deyil ki, Azərbaycan regional münasibətlərə iqtisadi və siyasi təsir imkanları baxımından dəfələrlə üstün mövqeyə malikdir. Martın 11-də ölkəmizlə İran İslam Respublikası arasında Bakıda imzalanmış memorandum da ona dəlalət edir ki, Azərbaycan hakimiyyəti bölgədə yaratdığı yeni reallığı hər ötən gün daha da möhkəmləndirmək əzmindədir və onun bu təşəbbüsləri dayanıqlı sülh və firavanlıq şəraitində yaşamaq istəyən əksər qonşularımız tərəfindən hörmətlə qarşılanır. Çünki bu seçim onların da dövlət maraqlarına tam uyğundur. Həmin ölkələr yaxşı bilirlər ki, Ermənistandan fərqli olaraq, başqalarına qarşı heç bir ərazi iddiası olmayan Azərbaycan regional əməkdaşlıqda etibarlı tərəfdaşdır və üzərinə götürdüyü öhdəliklərə hər zaman sadiqdir. İranla imzalanan memorandum imkan verəcək ki, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni dəmir və avtomobil yolları əlaqəsi, eləcə də rabitə və enerji təminatı xətləri qurulsun. Yeni kommunikasiyalar gələcəkdə Şərq-Qərb və Şimal-Cənub kimi geoiqtisadi əhəmiyyətli dəhlizlərin tərkib hissəsinə çevriləcək. Bu, iqtisadi səmərəliliklə yanaşı, layihənin regional və qlobal əməkdaşlığa verə biləcəyi töhfənin də göstəricisidir. Başqa bir önəmli məqam memorandumun adı və onun mətnində istifadə olunan ifadələrlə bağlıdır. Sənəd belə adlanır: “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”. Bu, o deməkdir ki, müharibədən sonra ölkəmizin iqtisadi-ərazi bölgüsündə yer alan və normativ-hüquqi bazasında təsbit edilən “Şərqi Zəngəzur iqtisadi rayonu” ifadəsi artıq dövlətlərarası sənədlərdə də əks olunur, başqa sözlə, beynəlxalq leksikonun tərkib hissəsinə çevrilir. Ermənistan hakimiyyəti, nəhayət, anlamalıdır ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmaq cəhdləri əbəsdir və Azərbaycan hakimiyyəti müəyyən etdiyi hədəflərə istənilən halda nail olacaq”. Ermənistanın davam edən cığallığı isə növbəti onilliklərdə də onu regional iqtisadi inteqrasiya layihələrindən kənarda qoymaqla nəticələnəcək.
Ülvi Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən belə layihələrdən biri də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən ölkəmizdə inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası ilə bağlıdır. Dövlətimizin başçısı martın 15-də həmin layihənin Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində iştirak etdi. Layihənin həyata vəsiqə qazanması o deməkdir ki, dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərən nüfuzlu “Masdar” şirkəti ölkəmizdə alternativ enerji layihələrinə sərmayə qoymağa qərar veribsə, Azərbaycanın bölgəmizdə yaratdığı yeni reallığın dayanıqlığına əmindir. Ermənistan hakimiyyəti və kənardan onu şirnikləndirərək yönləndirənlər bilməlidirlər ki, heç bir nüfuzlu şirkət öz reputasiyasını və iqtisadi resurslarını riskə atmaz. Əksinə, bütün imkanlarını səfərbər edər ki, qoyduğu sərmayədən təhlükəsiz şəkildə qazanc əldə etsin. Prezident İlham Əliyev təməlqoyma mərasimində onu da bildirdi ki, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar da uğurla gedir. Dövlətimizin başçısı bir müddət əvvəl, yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən ölkəmizdə inşa olunacaq 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində xüsusi diqqətçəkən bu açıqlamanı vermişdi: “Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir”. Prezident İlham Əliyev martın 15-də keçirilən təməlqoyma mərasimində siyasi iradə əzminə və ölkəmizin iqtisadi potensialına dəlalət edən bu mesajı da verdi: “Bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır. Mən buna əminəm, biz artıq bu işin təzahürlərini görürük”.
“Məlum olduğu kimi, ölkəmiz sülh müqaviləsinin imzalanması məqsədilə Ermənistana beş baza prinsipini təklif edib. Onların hər biri fundamental beynəlxalq prinsiplərə, beynəlxalq hüquq normalarına və BMT kimi mötəbər təşkilatın Nizamnamə tələblərinə söykənir. Azərbaycanın bölgəmizdə yaratdığı yeni reallıq modelini Ermənistan hakimiyyəti soyuq başla dəyərləndirərsə, kənar diktələrlə hərəkət etməzsə, heç şübhəsiz ki, erməni cəmiyyəti də ölkəmizin təşəbbüsü ilə həyata keçirilən regional iqtisadi layihələrdən yalnız faydalana bilər. Bunun üçün Ermənistan rəhbərliyi 10 noyabr tarixli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməli və hərbi-siyasi təxribatlarına son qoymalıdır. Dünyamızın qaynar qazana çevrildiyi bir vaxtda sözünə və imzasına hörmət etməyən Ermənistanın nazı ilə heç kim oynamayacaq və zorla onu iqtisadi inteqrasiya proseslərinə cəlb etməyəcək. Başqasına qarşı ərazi iddiası ilə və sərsəm xülyalarla yaşamaq heç kimə rahatlıq və firavan həyat vəd etmir. Çünki haqsızlıq heç vaxt hüzur gətirə bilməz. Ermənistan hakimiyyəti, nəhayət, bu həqiqəti dərk edib adekvat nəticə çıxarmalıdır. Əlbəttə, əgər dinc və təhlükəsiz birgəyaşayış qaydalarını seçərsə...”, - deyə deputat fikirlərini yekunlaşdırıb.