11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü olub. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib: aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır. Bu əlaqələrin bütün türk dövlətləri ilə yüksələn xətlə inkişaf etməsi dövlətimizin əsas vektorlarındandır. Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə dövlətimizin başçısı cənab İlham Əliyevin dediyi kimi, “Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır".
Cənab Prezident İlham Əliyev öz çıxışında Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərindən danışarkən türk dövlətlərinin şirkətlərinin bu quruculuq işlərində iştirakını müsbət dəyərləndirib. Bildiyimiz kimi İşğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətləri öz töhfələrini verir, o cümlədən Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaqdır. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri, xüsusilə türk dövlətləri faydalanacaq. Beləliklə, Türk Dövlətləri Təşkilatı artıq regional təşkilat olmaqla yanaşı, coğrafi əlaqələri mövcud olan dövlətlər birliyinə çüvriləcək.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.