AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elçin Mirzəbəyli: “Türkiyə 1974-cü ildən sonra ilk dəfə idi ki, NATO üzrə müttəfiqlərinin deyil, öz maraqlarını əsas götürdü”

  • + A
  • - A
  • 16-07-2019, 10:32

    Elçin Mirzəbəyli: “Türkiyə 1974-cü ildən sonra ilk dəfə idi ki, NATO üzrə müttəfiqlərinin deyil, öz maraqlarını əsas götürdü”

    Ankara ilə Vaşinqton arasındakı gərginlik növbəti mərhələyə keçir
    ABŞ-ın davamlı etirazlarına və təhdidlərinə baxmayaraq, Türkiyə imzasına və sözünə sahib çıxaraq, iradə nümayiş etdirdi və Rusiya ilə anlaşmaya sadiq qaldı. Artıq keçən həftədən etibarən Türkiyəyə S-400-lərin gətirilməsi prosesi başlandı.

    Bununla da Vaşinqton və Ankara arasındakı gərginliyin növbəti mərhələyə adladığını söyləmək olar. Axar.az saytı bununla bağlı maraqlı təhlil yazısı hazırlayıb. Bildirilir ki, ABŞ-ı narazı salan əsas məqam Ankaranın NATO üzvü kimi Rusiya silahı alması və bununla beşinci nəsil təyyarə hesab olunan F-35 layihəsini təhlükə altına qoymasıdır. Vaşinqtonun fikrincə, bu sistemlər F-35-lərlə bağlı məlumatların gələcəkdə Rusiyanın əlinə düşməsinə imkan yaradacaq. Ankara isə bununla razılaşmır, F-35-lərin gözəgörünməz imkanının olması iddiasının S-400-lər vasitəsilə yox olacağı qorxusuna sahib olduğu fikrini təbliğat hesab edir.

    Bəs bu proseslərin növbəti gedişatı nə deyir, S-400 Türkiyəni NATO-dan qoparacaqmı? Əslində Türkiyə prezidenti R.T.Ərdoğan ABŞ prezidenti D.Trampla görüşündən məmnun ayrılmışdı.

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Osakada G-20 sammiti çərçivəsində ABŞ prezidenti Donald Trump-la görüşəndən sonra ümidvar olduğunu bildirmişdi ki, Vaşinqton Ankaraya qarşı Rusiyadan S-400 raket komplekslərini aldığına görə sanksiya yürütməyəcək. “Bizim ondan (Trampdan-red.] eşitdiyimiz odur ki, buna [sanksiyalara] bənzər heç nə olmayacaq”, – Ərdoğan Osakada görüşdən sonra bildirmişdi. Trampın özü isə demişdi ki, ABŞ-ın əvvəlki administrasiyası Türkiyə ilə ədalətli rəftar etməyib, lakin eyni zamanda qeyd etmişdi ki, sanksiyalar məsələsi Vaşinqtonda hələ müzakirə edilməkdədir. Hesab olunur ki, Ankara hazırda bütün vasitələrlə ABŞ-ı özündən uzaqlaşdırmamağa çalışır və müxtəlif vasitələrlə yaranan problemi həll etməyə çalışır. Hətta ABŞ sanksiya tətbiq etsə belə, Ankara ABŞ-la əlaqələrini normallaşdırmağa cəhd göstərəcək. Lakin görünən budur ki, Ankaranın xoşməramlı davranışlarına rəğmən, ABŞ fərqli davranır.

    Bəzi ekspertlər hesab edir ki, S-400 Türkiyə üçün başağrısına çevriləcək. Ancaq bunu Qərbin başağrısı sayanlar da var. Proseslərin Ankaranın NATO-dan çıxmasına gətirə biləcəyini zənn edənlər də tapılır. Hesab olunur ki, Türkiyəni Avrasiya Birliyinə cəlb etməyə, qazanmağa çalışan Rusiya Türkiyəni tələyə salıb. Bütün bu iddialarla bağlı ekspertlərimizə müraciət etdik.

    Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması qardaş ölkənin təhlükəsizliyi üçün zəruri bir addım idi və rəsmi Ankara milli maraqları əsas götürərək bu addımı atdı: “Hesab edirəm ki, Türkiyənin Rusiyadan nə üçün S-400 zenit-raket kompleksi aldığının səbəblərini müəyyənləşdirmək üçün bir az öncəyə ekskurs etmək lazımdır. Türkiyənin israrlı tələblərinə baxmayaraq 2015-ci ilin oktyabrında ABŞ ”Patriot” zenit komplekslərini bu ölkənin ərazisindən çıxardı. Bu komplekslər 2013-cü ildə Türkiyənin hava məkanını Suriya və İrandan gələn təhlükədən qorumaq üçün Qaziantepdə yerləşdirilmişdi. 2015-ci ildə Rusiya və Suriya hərbi hava qüvvələri əməliyyata başladıqdan sonra NATO müttəfiqinin müdafiəsini təmin etmək əvəzinə Patriot sistemlərinin Türkiyədən çıxarılmasının məqsədəuyğun olduğunu bəyan etdi. Türkiyə ərazisində “Patriot” zenit kompleksi batareyaları yerləşən Almaniya və Niderland da Alyansın bəyanatına uyğun davrandılar. NATO müttəfiqi olan Türkiyənin nəinki təhlükəsizliyini təmin etdi, əksinə, bölgədə fəallaşan Rusiya və İranla, həmçinin terror qrupları ilə qarşı-qarşıya və tək qoydu. Qənaətimə görə, məqsəd Türkiyəni Rusiya və İranla qarşıdurmaya çəkmək və bölgədəki münaqişə ocaqlarının sərhədlərini daha da genişləndirmək idi. Rusiyaya məxsus hərbi təyyarənin vurulması da məhz bu məqsədə xidmət edirdi. Yaranmış vəziyyət Türkiyəni çıxış yolu tapmağa məcbur edirdi. İlham Əliyev və Nursultan Nazarbayevin səyləri, Türkiyə və Rusiya liderlərinin soyuqqanlı davranışları Ankara-Moskva münasibətlərindəki gərginliyin azalmasına və əməkdaşlığa gətirib çıxardı. Və nəticədə S-400-lər artıq Türkiyədədir”.

    E.Mirzəbəylinin sözlərinə görə, Türkiyə 1974-cü ildən sonra ilk dəfə idi ki, NATO üzrə müttəfiqlərinin deyil, öz maraqlarını əsas götürdü: “Rusiyanın təqdim etdiyi əlverişli şərtlər də buna imkan yaratdı. Rusiyanın Türkiyəni tələyə saldığı barədə söylənilənlər isə bəsit, ilk ağıla gələn yanaşmalardan başqa bir şey deyil. Rusiya ilə normal münasibətlər Türkiyə üçün bütün müstəvilərdə əverişlidir. Rusiya nəhəng xammal ölkəsidir və Türkiyədə bu xammalın emalı, müxtəlif məhsulların istehsalı üçün əlverişli şərait var. Rusiya nəhəng bazardır və Türkiyənin aqrar, sənaye və tikinti sektorunun bu bazara ehtiyacı var. Avropa ölkələrinin heç biri Türkiyə biznesinə Rusiyanın yaratdığı şəraiti və imkanları yaratmırlar, əksinə, bu məsələdə onlar Türkiyə ilə rəqabətdədirlər. Digər tərəfdən, Rusiya bazarına maneəsiz çıxış Türkiyəyə təkcə bu ölkənin sərhədləri çərçivəsində iqtisadi manevr imkanları yaratmır, eyni zamanda Avrasiya məkanının nəhəng bir hissəsinə çıxış imkanları verir, Rusiyanın təsir dairəsinə daxil olan ölkələrlə əməkdaşlıq imkanlarını maneəsiz genişləndirmək imkanı yaradır. Bunun alternativini ABŞ, yaxud Avropa İttifaqı təqdim edirmi? Yox, etmir. Türkiyə ilə NATO üzrə müttəfiqlik bağlarının qırılması isə hazırda heç kimin, o cümlədən ABŞ və NATO-nun digər üzv dövlətlərinin də marağında deyil. Bu bağ qırılarsa, regionda yeni və kifayət qədər güclü hərbi-siyasi ittifaqın formalaşması üçün zəmin yarana bilər. Bu baxımdan ABŞ-ın Türkiyəyə münasibətdə kökə və zopa siyasətini hələlik davam etdirəcəyini düşünürəm. Türkiyə üçün daha əlverişli şərtlər irəli sürülə bilər. ABŞ-ın Türkiyəyə qarşı kəskin addımlar atmayacaq. Ən azı prezident seçkilərinədək bu siyasət davam edəcək”.



    Politoloq Məhəmməd Əsədullazadə isə artıq S-400-lərin hissəsinin artıq Türkiyəyə gətirildiyini deyərək bildirdi ki, bununla iki ölkə strateji hərbi əməkdaşlıq müstəvisində yeni mərhələyə start verdi: ”Bu, həm də Türkiyə ilə NATO arasında soyuq münasibətlərin başlanmasının başlanğıcı oldu. Xüsusi olaraq qeyd edim ki, S-400 ZRK-nın 12-15 iyul arası Türkiyəyə daşınmasının hərbi çevrilişə cəhd günü ilə üst-üstə düşməsi Qərbə mesajıdır. NATO-nun Rusiyaya qarşı kəskinləşən siyasi-hərbi doktrinası fonunda Ankaranın Moskva ilə hərbi-texniki əməkdaşlığı Alyansda çatların baş verməsinə və Moskvanın bu təşkilat üzərində psixoloji və siyasi qələbəsinə gətirəcək”.

    M.Əsədullazadə hesab edir ki, Türkiyə rəhbərliyi bu silahları almaqla, Rusiya ilə siyasi yaxınlaşmaqla 2016-cı il iyul hərbi çevrilişində ona dəstək olan Moskvaya minnətdarlıq və Qərbə qarşı öz dirənişini nümayiş etdirdi. Bununla demək olar ki, Ankara artıq Qərbin bir nömrəli hədəfi halına gəldi”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR