"Azərişıq" ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Zəngilana səfər təşkil olunub. 10 fevral – “Azərişıq” ASC-nin 10 illik yubileyi ilə əlaqədar keçirilən media-tur çərçivəsində 50 nəfərədək KİV nümayəndəsi Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi ilə tanış olub. Burada qonaqlara yeni yaradılan mərkəzlə bağlı məlumat verilib. Bildirilib ki, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı ötən il oktyabrın 3-də Cənab Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Müasir texnologiya və avadanlıqlarla təchiz olunan mərkəzdə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, idarəetmə, texniki və köməkçi otaqlar yerləşir. Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib.
Daha sonra media nümayəndələrinin iştirakı ilə Mərkəzdə konfrans keçirilib.Tədbiri giriş sözü ilə Səhmdar Cəmiyyətin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev açaraq “Azərişıq” ASC-nin təşkil etdiyi və qurumun 10 illik yubileyinə həsr olunmuş müsabiqə barədə məlumat verib. Bildirib ki, “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr” mövzusunda media nümayəndələri arasında keçirilən müsabiqəyə müraciət qəbulu fevralın 14-dək davam edəcək.
“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək 2015-2025-ci illər ərzində "Azərişıq" ASC-nin keçdiyi inkişaf yoluna qısa nəzər salıb. Bildirib ki, qarşıya qoyulan əsas hədəflərdən biri Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunandan dərhal sonra elektrik şəbəkəsinin yenilənməsi idi. Cəmi 1 ayda Şuşa şəhəri elektrik enerjisi ilə təmin olundu. Həmçinin digər regionlarda reallaşan 100 kənd layihəsi əsasında 2023-cü ildə 140-dək, 2024-cü ildə 120-dən çox kənd və qəsəbələrdə elektrik təsərrüfatı yenilənib. 2025-ci ildə də bu layihə uğurla davam etdirilir.
Konfransda “Azərişıq” ASC-nin 10 illik fəaliyyətini əks etdirən video-çarx da nümayiş olunub.
Çıxışlar zamanı "Azərişıq" ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov 10 illik fəaliyyəti dövründə qurumun əldə etdiyi nailiyyətlərdən bəhs edib. Bildirib ki,
ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 10 ildə 20 min km uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib, 30 min km-ə yaxın mövcud elektrik veriliş xətləri yenisi ilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min ədəd yeni transformator məntəqəsi quraşdırılıb. "Azərişıq" ASC çətin relyef və hava şəraitinə baxmayaraq ölkənin bütün regionlarında elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir.
Asan Xidmətlə iş və Elektron xidmətlər Departamentinin direktor müavini İnam Yusifov çıxışı zamanı media nümayəndələrinə elektron xidmətlər barədə məlumat verib. Qeyd edib ki, 2017-ci illə müqayisədə "Azərişıq" ASC-nin "ASAN xidmət" mərkəzlərində 8 il ərzində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə çatdırılıb.Əvvəl 7 prosedurla aparılan müraciətlər bu gün, sadəcə, 2 prosedurla yekunlaşır. Nəticədə şəbəkəyə qoşulma müddəti 41 gündən 20 günə endirilib. Hazırda "Azərişıq" ASC-nin 15 elektron xidməti mövcuddur və bu xidmətlər vasitəsilə vətəndaşlar prosedurları onlayn şəkildə idarə edə bilirlər. Ötən il sahibkarlıq subyektlərinin 53.4%-i elektron şəkildə müraciət edib".
Sonda çıxış edən “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev bildirib ki, 10 il ərzində ölkə üzrə enerji yığımı göstəricisi 80 %-dən 97,6 %-ə yüksəlib, texniki itki göstəriciləri 13,9 %-dən 8,5 %-ə endirilib. Bu ilin sonunadək texniki itkilərin daha 0,2 % azaldılaraq 8,3 %-ə çatdırılması proqnozlaşdırılır. Həmçinin bu illər ərzində abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı 386 mindən 1 milyon 120 minə yüksəlib. Bu gün işğaldan azad edilən ərazilərdə 4182-si əhali qrupu olmaqla 5097 abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunub.
Çıxışlardan sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Sonda qonaqlar Zəngilanın elektrik enerjisi ilə təminatı üçün çəkilən 35 kV-luq ÖİN-3 kabel xətti ilə tanış olublar.
İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərini minimuma endirməsini hədəfləyən "Azərişıq"ASC ölkə üzrə yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, həm də maarifləndirici tədbirlərin keçirilməsinə davam edir.