Ceyhun Məmmədov
Milli Məclisin deputatıAzərbaycanın xarici siyasətində beynəlxalq qurumlarla əməkdaşlıq, birgə layihələrin icrası prioritet yerlərdən birini tutur. Hazırda Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Məhz bu səbəbdən bu təşkilatlara üzv ölkələr hər zaman Azərbaycanın haqq mövqeyini dəstəkləyirlər. Bu həm də Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin göstəricisidir.
Bu əməkdaşlıqla yanaşı Azərbaycan bu qurumlara xüsusilə, Qoşulmama Hərəkatına üzv dövlətlərə öz dəstək və yardımlarını heç zaman əsirgəmir. Pandemiya dövründə Azərbaycan bu quruma üzv bir çox dövlətlərə humanitar və maliyyə yardımları göstərdi. Bu məsələ ümumi əməkdaşlığa öz ciddi təsirini göstərdi. Həmin ölkələr Azərbaycanın ağır gündə onların yanında olmasını, dəstək olmasını yüksək qiymətləndirirlər. Onlar müxtəlif tədbirlərdə bu mövqeyi dəfələrlə açıq ortaya qoyublar.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının aralıq konfransında videoformatda çıxışında bir çox vacib məqamlara toxundu. O 2020-ci il Azərbaycan üçün əlamətdar il olduğunu xüsusi vurğuladı. 30 ilə yaxın müddətdə Ermənistanın ərazimizin təqribən 20 faizini işğal altında saxladığını, azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, Bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, 1992-ci ilin fevralında Xocalı soyqırımını törətdiyini, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirdiyini, Xocalı soyqırımının 13 ölkə tərəfindən tanındığını qeyd etdi.
Prezident İlham onu da bildirdi ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul edib. Lakin Ermənistan aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayıb. Beləliklə, Ermənistanın yeganə məqsədi status-kvonun saxlanılmasından və işğalın möhkəmləndirilməsindən ibarət olub.
Prezident İlham Əliyev çıxışında İşğal dövründə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıtması faktlarına da geniş toxundu. Hətta qəbiristanlıqların yerlə-yeksan edildiyini, Ermənistanın məqsədinin əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olduğunu, məscidlərdən donuz və inək tövləsi kimi istifadə etdiyini bildirdi. Prezident onu da qeyd etdi ki, Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunandan sonra Ordumuz orada Azərbaycan bayrağını qaldırmaq üçün bir dənə də salamat bina tapa bilmədi. Ermənistanın vəhşiliyinin miqyası bu dərəcədə böyükdür.
Prezident İlham Əliyevin çıxışında toxunduğu digər vacib məsələ Ermənistanın basdırdığı çoxsaylı minaların işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə yaratdığı çətinlikdir. O 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşının həlak olduğunu, 100 nəfərdən çox insanın yaralandığını, bundan əlavə, minaların azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngitdiyini, belə geniş ərazilərin minalardan təmizlənməsinin olduqca böyük zaman və resurs tələb etdiyini, Ermənistanın mina xəritələrini verməkdən boyun qaçırdığını, beynəlxalq ictimaiyyətin Ermənistanı azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana verməyə məcbur etməsinin vacibliyini xüsusi vurğuladı.
Bütün beynəlxalq platforma və tədbirlərdə olduğu kimi bu konfransda da Prezident İlham Əliyev Ermənistanın Azərbaycan xalqının başına gətirdikləri müsibətlər, işğal etdikləri ərazilərdə törətdikləri vəhşiliklər barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırdı.