AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZƏRBAYCAN, TÜRKİYƏ VƏ PAKİSTANIN NÜMUNƏVİ ƏMƏKDAŞLIĞI

  • + A
  • - A
  • 29-07-2021, 17:52


    Ceyhun Məmmədov,
    Milli Məclisin deputatı

    Hazırda dünyanın ayrı-ayrı bölgələrində ciddi proseslər gedir. Bir sıra dövlətlər hələ də müharibə və terrordan əziyyət çəkirlər. Azərbaycan 44 günlük müharibədə şanlı qələbəsini təmin edərək öz torpaqlarını işğaldan azad etdi.
    Bu da reallıqdır ki, bu gün müsəlman ölkələri davamlı olaraq ikili standartlar və ədalətsiz mövqe ilə üzləşirlər. Bu baxımdan müsəlman ölkələri arasında birlik və həmrəyliyin gücləndirilməsi xüsusi önəm daşıyır. Müasir dövrdə Azərbaycan, Türkiyə və Pakistan nümunəvi əməkdaşlıq modelini uğurla inkişaf etdirirlər.

    Azərbaycan-Türkiyə əlaqələri

    Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din, ortaq folklor Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Hələ 1918-ci ildə Azərbaycanın ən ağrılı günlərində Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını daşnakların caynağından xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi.
    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana - Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə Türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.
    Umummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı istiqamətdə mühüm addımlar atıldı. O, Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Türkiyəyə münasibətdə xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəfdaşıdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir”.
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır”, - deyə vurğulamışdır.
    Cənab Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır”.
    Hazırda beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Turkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlmişdir.
    Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərdi. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmayacaq.
    Həm Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinə xüsusi önəm verir. Bu lahiyənin həyata keçirilməsi bötövlükdə regionda təhlükəsizliyin təmin olunmasına, sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfələr verəcək. Həmçinin Azərbaycanı loqistika mərkəzinə çevirmək üçün yeni imkanlar yaradacaq. Artıq proses sürətlə gedir və bu layihələrin qarşısını heç kim ala bilməz. Bunu Ermənistan tərəfi də ciddi nəzərə almalıdır. Populist və revanşist bəyanatlar Ermənistanı daha da uçuruma aparacaq. İqtisadiyyatının çöküşünə, siyasi böhranın daha da dərinləşməsinə səbəb olacaq. Bunu gec olmadan ermənilər anlamalıdırlar. Əks halda region dövlətlərinin hər birini yüksəlişə aparacaq bu proseslərin kənarında qalaraq məhv olacaqlar.
    26.02.2021 il tarixdə xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə mətbuat konfransında cənab Prezident qeyd etdi ki, 1993-cü ilin aprelində Ermənistan qoşunları Azərbaycanın Kəlbəcər rayonunu işğal etdikdən sonra Türkiyə Ermənistanla sərhədlərini bağlamışdır. Bu, Azərbaycana qarşı qardaşlıq addımı idi. Artıq Azərbaycan ərazi bütövlüyünü təmin etmiş və bölgədə yeni vəziyyət yaranmış, ancaq eyni zamanda Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Ermənistan Türkəfobiyadan əl çəkərsə, Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına müsbət yanaşa bilər. Ermənistan nə qədər gec deyil bu barədə ciddi düşünməlidir.

    Azərbaycan və Pakistan münasibətləri

    Azərbaycanla Pakistanın əlaqələrinin dərin tarixi kökləri var. Hər iki ölkənin xalqları bir-birinə qarşılıqlı hörmət bəsləyir. Hər iki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir.
    Bu əlaqələrin tarixi azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə birbaşa bağlıdır. XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında virus yayılmışdı. İnsanlar bu ağır xəstəlikdən kütləvi şəkildə dünyasını dəyişirdilər. Həmin vaxt Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampul peyvənd alıb Pakistana göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Pakistan xalqı bu gün də həmin yaxşılığı unutmur.
    İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa da məhz Pakistan sədrlik edib.
    1995-ci ilin oktyabrında Pakistan Prezidenti Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb.
    1996-cı ildə isə Ulu Öndər Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan ediblər. Ulu Öndər Heydər Əliyev bildirib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib. Azərbaycan həmişə Kəşmir problemi ilə əlaqədar Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən müxtəlif fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik", -deyərək Azərbaycanın Pakistanı dəstəklədiyini bir daha bəyan edib. 2002-ci ildə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.
    Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev də Pakistanla münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır. 2004-cü il iyulun 8-də Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin Azərbaycana 3 günlük rəsmi səfərində iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında, beynəlxalq terrorçuluq, turizm, gömrük işi sahəsində hökumətlərarası saziş, həmçinin Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə imzalanmışdır.
    2005-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanda rəsmi səfər edib. Azərbaycan və Pakistan Prezidentlərinin görüşündə ölkələrarası münasibətlər müzakirə olunub, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində 6 əməkdaşlıq sazişi imzalanıb.
    2016-cı il 1 yanvar tarixində Davosda Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərif ilə görüşü olub. Prezident İlham Əliyev bu görüşün ölkələrimiz arasındakı münasibətlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu deyib. Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək qiymətləndirib. “Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik”, -deyən Prezident İlham Əliyev iqtisadi əlaqələrimizi də çox güclü olan siyasi əməkdaşlığın səviyyəsinə qaldırmağın vacibliyini vurğulayıb, ölkələrimizin energetika, nəqliyyat, sərmayə qoyuluşu, təhlükəsizlik sahələrində əməkdaşlıq etməsinin əhəmiyyətini bildirib. 2016-cı ildə Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Müdafiə Sənayesi nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
    Prezident Pərviz Müşərrəf Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyini qəti şəkildə bildirib. İyulun 9-da Pakistan Prezidenti Heydər Əliyev Fondunu ziyarət edib.
    Qarşılıqlı əlaqələrin inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də ciddi rol oynayır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xətti ilə Pakistanda bir sıra mühüm layihələr həyata keçirilmiş, zəlzələdən zərərçəkmiş məktəblər təmir edilmiş, tibb müəssisələri müvafiq avadanlıqlarla təchiz edilmişdir.
    Sadalanan faktlardan da göründüyü kimi, Azərbaycanla Pakistan hər zaman çətin günlərdə bir-birilərinin yanında olmuşlar. Bu ənənə bu gün də uğurla davam etdirilir. Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Hə iki dövlət bir-birinə qarşı dəstəyini davamlı ifadə edir. Pakistan Azərbaycana görə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamışdır. Artıq uzun illərdir hər iki qardaş ölkə hərbi və siyasi sahələrdə sıx əməkdaşlıq edir. Bu əlaqələr növbəti illərdə digər sahələrdə də sürətlə inkişaf edəcək.
    44 günlük vətən müharibəsi dönəmində və ondan sonrakı müddətdə də qardaş Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında oldu, öz siyasi və mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan xalqı Pakistan xalqının bu dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaqdır.
    İnanırıq ki, dərin kökləri olan və xoşbəxt gələcəyə hesablanmış Azərbaycan-Türkiyə-Pakistan münasibətləri, dostluğumuz və qardaşlığımız bu gündən sonra da yüksələn xətt üzrə inkişaf edəcək. Bakıda imzalanan Bakı bəyannaməsi bu əlaqələrin inkişafına ciddi təkan verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR