“Seçkilərdəki rəqiblərimin əməlidir” — Atasına heykəl qoyan deputatdan ŞOK AÇIQLAMA
“Mənə şər-böhtan atdığına görə Şamaxı rayon sakini Ağamikayıl Cəbrayılovu məhkəməyə verməyi düşünürəm”
Bunu “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin 64 saylı Sabirabad ikinci seçki dairəsindən seçilmiş deputatı Rüstəm Xəlilov atasına heykəl qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, Ağamikayıl Cəbrayılov onun nüfuzuna xələl gətirməyə çalışır:
“Mən o adamı ömrümdə bir dəfə də olsun görməmişəm və tanımıram. Bilirəm ki, qardaşı bizim kənddə yaşayır. Bu adamın birdən-birə mənə şər atmasının da səbəblərini bilmirəm. Ehtimal var ki, parlament seçkiləri öncəsi kimlərsə mənim təmsil olunduğum dairədən deputatlığa namizəd olmaq istəyir. Bunun üçün də Ağamikayıl Cəbrayılov vasitəsilə məni nüfuzdan salmağa çalışır. Ola bilsin ki, bu seçkilərdə rəqibim olmuş şəxslərin əməlidir. Yaxud da son vaxtlar Azərbaycanda ayrı-ayrı deputatlara və məmurlara qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi də ola bilər. İstənilən halda mən məsələnin qanuni yolla aydınlaşmasına tərəfdaram. Ola bilsin ki, mənə qarşı atılan şər-böhtanlara görə məhkəməyə müraciət edim”.
Xatırladaq ki, Şamaxı rayon sakini Cəbrayılov Ağamikayıl Oruc oğlu deputat Rüstəm Xəlilov barədə ciddi ittihamlar irəli sürüb.
O qeyd edib ki, deputat və qardaşı onun yaxın qohumlarına qarşı qərəzli olmaqla yanaşı, onları yaşadıqları kənddən sürgün etdirməyə çalışır.