İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə cari məsələlər müzakirə olunub.
Müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlar Elman Nəsirov, Etibar Əliyev, Azər Badamov, Tural Gəncəliyev, Elşad Mirbəşir oğlu, Ceyhun Məmmədov, Naqif Həmzəyev, Vüqar Bayramov, Fəzail Ağamalı, Bəhruz Məhərrəmov çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, iyun ayının 15-də Azərbaycan xalqı öz tarixinin ən şərəfli, qürurlu günlərindən birini – Milli Qurtuluş Gününü qeyd edəcək. Bildirilib ki, ölkə həyatının ağır dövründə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdaraq xalqımızı baş verə biləcək faciələrdən xilas etdi. Bu baxımdan Heydər Əliyev müasir, müstəqil Azərbaycanın memarı və qurucusu olaraq hər zaman xatirələrdə yaşayacaq. Qeyd olunub ki, Ümummilli Lider hakimiyyətə qayıdaraq Azərbaycan xalqının həmrəyliyini, ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, iqtisadi və sosial islahatların həyata keçirilməsi, milli ordu quruculuğu sahələrində mühüm addımlar atıldı, beynəlxalq münasibətlər sistemində dövlətimizin mövqeyi möhkəmləndi.
Deputatlar bildiriblər ki, Heydər Əliyevin ölkənin inkişafı ilə bağlı o zaman müəyyənləşdirdiyi siyasət bizim bugünkü nailiyyətlərimizi şərtləndirdi. Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz Zəfərimizin təməli də məhz həmin dövrdə qoyuldu. Bu gün Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilib. Azərbaycan regionun lider dövlətinə çevrilib. Millət vəkilləri son dövrlərdə ölkəmizin qazandığı bütün uğurları Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının məntiqi nəticəsi kimi dəyərləndiriblər.
Müzakirələrdə, həmçinin seçiciləri narahat edən bəzi məsələlərdən bəhs edilib və digər aktual mövzularda fikirlər səsləndirilib.
Cari məsələlərin müzakirəsinə yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bizim iclasımız Azərbaycan tarixində taleyüklü əhəmiyyət daşıyan bir hadisənin ildönümü ərəfəsində keçirilir. Sabah xalqımız Milli Qurtuluş bayramını dərin ehtiramla qeyd edəcək. Onu da qeyd etmək lazımdır ki, illər keçdikcə biz o zaman Ulu Öndər Heydər Əliyevin o dövrdə göstərdiyi fədakarlığı və qəhrəmanlığı daha da yaxşı anlayırıq. Ölkədə faktiki olaraq qardaş qırğını başlamışdı, erməni işğalı, separatçılıq meyilləri dövlətin varlığını təhlükə altına almışdı.
Yalnız xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıtması Azərbaycanın parçalanması və məhv olması fəlakətinin qarşısını aldı. Ulu Öndər siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində Azərbaycan dövlətini qoruyub saxladı, möhkəmləndirdi və davamlı inkişaf yoluna çıxardı, onun geosiyasi əhəmiyyətini artırdı, ölkəmizi qlobal əhəmiyyətli iqtisadi layihələrin mərkəzinə çevirdi.
Ulu Öndərin 30 ildən artıq bir dövrdə Azərbaycanın rəhbəri kimi fəaliyyətinin təhlili göstərir ki, müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir. Bizim üçün qürurverici bir haldır ki, Ümummilli Liderin böyük siyasətə qayıdışı məhz bu binadan başlamışdır.
Spiker qeyd edib ki, Ulu Öndərin qurtuluş və quruculuq missiyası bu gün eyni əzm və iradə ilə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət Azərbaycanı geniş bir bölgədə söz sahibi olan, dünyada səsi eşidilən qüdrətli bir dövlətə çevirib.
Milli Məclisin sədri bildirib ki, yaradılmış böyük siyasi, iqtisadi, hərbi potensial Ümummilli Liderimizin ən mühüm vəsiyyətini şərəflə yerinə yetirməyə imkan verdi – müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror tədbirlərində əldə edilən möhtəşəm qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu, tarixi ədalət öz yerini tutdu.
Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Əminliklə söyləmək olar ki, dövlət başçısı cənab İlham Əliyevin müstəsna liderlik keyfiyyətləri, siyasi məharəti və səriştəsi qarşıya qoyulan vəzifələri bundan sonra da uğurla yerinə yetirməyə imkan yaradacaq. Azərbaycan dövləti daim var olacaq, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bir neçə gündən sonra xalqımız insanları mərhəmətə və həmrəyliyə dəvət edən müqəddəs Qurban bayramını da qeyd edəcək.
O, təklif edib ki, Milli Qurtuluş Günü və Qurban bayramı münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq. Spikerin təklifi alqışlarla qarşılanıb.
Milli Məclisin sədri çıxışının sonunda bayramlar münasibəti ilə hər kəsə təbriklərini çatdırıb.
Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyə 11 məsələnin daxil edildiyini söyləyib. O, ilk dörd məsələnin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ilə bağlı olduğunu və bu məsələlərin müzakirəsi ilə əlaqədar hökumət üzvlərinin iclasda iştirak etdiyini deyib. Spiker gündəliyin birinci məsələsinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi olduğunu, sənədin üçüncü oxunuşda müzakirəyə təqdim edildiyini diqqətə çatdırıb.
İclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 890,5 milyon manat proqnoza qarşı 35 milyard 236,4 milyon manat təşkil edib. Dövlət büdcəsində təsdiq olunmuş 36 milyard 624,8 milyon manat xərcin 99,5%-i icra olunub. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən 5 milyard 881,6 milyon manat vəsait yönəldilib. Sosialyönümlü xərclər ötən ilin dövlət büdcəsinin icrasında xərclərin 35,8 faizi və ya 13 milyard 50 milyon manat həcmində olub. Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün xərclərin 19,9% həcmində və ya 7 milyard 246,9 milyon manat vəsait yönəldilib. 2023-cü ilin dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 734 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1 milyard 221,5 milyon manat təşkil etmişdir və bu ÜDM-in 1%-i həcmindədir. Qeyd edilib ki, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 22,5% və ya hədəf göstəricisindən 2,5% az, dövlət borcunun ÜDM-ə nisbəti isə 21,8% və ya hədəf göstəricidən 8,2% az olub.
Tahir Mirkişili 2023-cü ilin dövlət büdcəsinin icrasının Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi inkişaf kursunun ardıcıl şəkildə həyata keçirilməsi, strateji dövlət vəzifələrinin yerinə yetirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, müdafiə və təhlükəsizlik məsələlərinin həlli, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması və iqtisadiyyatın stimullaşdırılması ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaq üçün lazımi maliyyə təminatını yaratdığını söyləyib.
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin digər 10 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. O, xatırladıb ki, növbəti üç məsələ cari ilin dövlət büdcəsində və büdcə zərfinə daxil olan digər iki sənəddə dəyişiklik edilməsi barədə ölkə Prezidentinin Milli Məclisə təqdim etdiyi qanun layihələridir. Sədr ikinci məsələnin “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu qeyd edib.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu qanun layihəsi ilə bağlı məlumatı təqdim edib.
Komitə sədri diqqətə çatdırıb ki, 2024-cü ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərə əsasən, gəlirlərin 2 milyard 180 milyon manat artırılaraq 36 milyard 353 milyon manata, xərclərin 2 milyard 944,3 milyon manat artırılaraq 39 milyard 707,3 milyon manata çatdırılması, dövlət büdcəsinin kəsirinin isə 764,3 milyon manat genişləndirilərək 3 milyard 354,3 milyon manat olacağı təklif edilir. Artırılan gəlirlərin 51,1%-nin qeyri-neft, 48,9%-nin isə neft gəlirləri hesabına formalaşması təklif olunur. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 1 milyard 405 milyon manat artırılaraq 15 milyard 270 milyon manata, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 500 milyon manat artırılaq 6 milyard 400 milyon manata çatdırılması nəzərdə tutulur. Qeyd olunub ki, mövcud daxilolma mənbələrindən əlavə olaraq dövlət büdcəsinə Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından 250 milyon manat, “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”na isə 25 milyon manat səviyyəsində daxilolma proqnozlaşdırılır. Təsdiq olunmuş dövlət büdcəsində mövcud olan xərclər arasında aparılması planlaşdırılan optimallaşmanın həcmi isə 851,8 milyon manat təşkil edəcək.
Bildirilib ki, dövlət büdcəsində gəlirlərin artırılması, xərclər arasında aparılan optimallaşma və kəsirin genişlənməsi hesabına yaranan əlavə vəsaitlərin bir sıra istiqamətlərə yönəldilməsi təklif olunur. Bunlardan, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi üçün tədbirlərin maliyyələşdirilməsinə əlavə 1 milyard 160,3 milyon manat, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılmasına əlavə 807 milyon manat, avtomobil yolları, su təchizatı, elektrik enerjisi və digər sahələr üzrə infrastruktur layihələrinin həyata keçirilməsi üçün əlavə 1 milyard 184 milyon manat, Osaka Dünya Ekspo sərgisində iştirak, beynəlxalq münasibətlər və beynəlxalq fəaliyyət üzrə xərclər, nəqliyyat vasitələrinin utilizasiyası fondunun xərcləri və digər zəruri xərclər üzrə əlavə 498,8 milyon manat, əsaslı təmir, yenidənqurma və digər əsaslı xərclər üçün 146 milyon manat vəsaitin sərf olunması planlaşdırılır.
Diqqətə çatdırılıb ki, 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təsdiq olunmuş məlumatlarda ÜDM-in ilkin təqdim edilmiş 118,3 milyard manatdan 121,3 milyard manata artırılması, iqtisadi artım tempinin ilkin təsdiq edilmiş 2,4%-dən 3,8%-ə yüksəlməsi, qeyri-neft-qaz sektorunda real artım proqnozunun 4,6%-dən 5,5%-ə qədər, neft-qaz sektorunda real artım proqnozunun isə -1,7%- dən +0,8%-ə dəyişdirilməsi təklif olunur. Yenidən baxılan büdcə zərfində neftin 1 barelinin orta illik qiyməti təsdiq olunmuş layihədə nəzərdə tutulan qiymətdən 15 ABŞ dolları artırılaraq 75 ABŞ dolları səviyyəsində həyata keçirilmişdir.
Qeyd olunub ki, yenidən baxılmış 2024-cü ilin icmal büdcəsinin gəlirləri 43 milyard 480 milyon manat, xərcləri 45 milyard 591,8 milyon manat proqnozlaşdırılır. İcmal büdcə 2 milyard 111,8 milyon manat kəsirlə proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş kəsirə nisbətən 1 milyard 267 milyon manat azdır.
Sonra iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib. Komitə sədri hər iki layihə barədə birinci oxunuş zamanı ətraflı məlumat verildiyini, komitəyə hər hansı irad və təkliflərin daxil olmadığını deyib. O, məsələlərin komitədə ikinci oxunuşda müzakirələri zamanı layihələrin olduğu kimi Milli Məclisin plenar iclasına tövsiyə edildiyini söyləyib.
Təqdim edilmiş sənədlərə əsasən, Dövlət sosial müdafiə fondunun xərcləri 30,0 milyon manat artırılaraq 6949,9 milyon manata çatdırılır. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcəkdir. Layihədə işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur.
Musa Quliyev çıxışında sosial müdafiə və sosial təminat xərclərinin azaldılması barədə həqiqətə uyğun olmayan məlumatların yayıldığını qeyd edib. O, bunun əksinə olaraq, Dövlət sosial müdafiə fondunun gəlirlərinin artımla proqnozlaşdırıldığını və gəlirlərin strukturunda dəyişikliklərin nəzərdə tutulduğunu bildirib. Komitə sədri ölkədə aparılan iqtisadi islahatlar, uğurlu sosial-iqtisadi siyasət nəticəsində əmək haqlarının artım tempinin yüksəldiyini, gəlirlərin artdığını, şəffaflaşma prosesinin davam etdiyini, Dövlət sosial müdafiə fondunun imkanlarının genişləndirilməsi üçün şəraitin yaradıldığını diqqətə çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova komitə sədrinin qeyd etdiyi məsələlərlə bağlı mediada, o cümlədən televiziyalarda lazımi açıqlamaların verilməsini, “dəyirmi masa”nın təşkil edilməsini təklif edib. Musa Quliyev spikerin tövsiyələrinin nəzərə alınacağını və komitə üzvlərinin bu istiqamətdə fəallıq göstərəcəyini bildirib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu iki məsələ barədə onun rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini deyib.
Plenar iclasda cari ilin dövlət büdcəsində, Dövlət sosial müdafiə və İşsizlikdən sığorta fondlarının büdcələrində dəyişikliklərlə bağlı sənədlər ətrafında müzakirələr aparılıb. Komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Aydın Hüseynov, Bəhruz Məhərrəmov, Tahir Kərimli, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı çıxış edərək fikirlərini, qeyd və təkliflərinin söyləyiblər.
İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsləndirilən fikirlərə münasibət bildirib. Nazir ölkədə həyata keçirilən sosial islahatlar çərçivəsində minimum əmək haqqının, pensiyaların, sosial müavinətlərin, habelə şəhid ailələrinə, müharibə əlillərinə təqaüdlərin artırıldığını nəzərə çatdırıb. Nazir əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən hər zaman ardıcıl və məqsədyönlü tədbirlərin görüldüyünü qeyd edib.
Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Gündəliyin 5-ci məsələsi olan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, sənəd qanunsuz miqrasiyanın qarşısını almaq və bu sahədə həyata keçirilən tədbirlərin effektivliyini artırmaq məqsədilə hazırlanıb. Komitə sədri layihənin birinci oxunuşunda millət vəkillərinin səsləndirdiyi bəzi məsələlərə aydınlıq gətirib.
Müzakirədə komitə sədri Siyavuş Novruzovun fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Növbəti məsələ - Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə məlumat verib. O bildirib ki, qanun layihəsinə təklif olunan dəyişikliklər qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərin publik hüquqi şəxs statuslu qurumlar tərəfindən də həyata keçirilməsinə imkan yaratmaq məqsədi ilə hazırlanıb.
Layihə ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyini komitə üzvü Kamal Cəfərov səsləndirəndən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) nəzərə çatdırıb. O, bildirib ki, qanun layihəsi barədə birinci oxunuşda ətraflı məlumat verilib və sənədlə bağlı deputatlardan heç bir irad və təklif daxil olmayıb.
Layihənin müzakirəsində deputatlar Etibar Əliyevin və Sabir Rüstəmxanlının fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Gündəliyin 8-ci məsələsi olan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumatı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim edib. O, layihənin birinci oxunuşunda səslənən bəzi məsələlərə aydınlıq gətirib və bildirib ki, qanun layihəsi ilə bağlı əlavə rəy və təklif verilməyib.
Dəyişiklərlə bağlı komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov, deputatlar Ceyhun Məmmədov və Bəhruz Məhərrəmov çıxış ediblər, qeydlərini səsləndiriblər.
Komitə sədri Hicran Hüseynovanın qaldırılan məsələlərə münasibəti dinlənildikdən sonra layihə ikinci oxunuşda qəbul olunub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəliyin 9-cu məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verərkən bildirib ki, qanun layihəsi ilə bağlı əlavə rəy və təklif verilməyib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, bildirib ki, təklif olunan layihə müdafiə sənayesi sahəsində sahibkarlıq subyektlərinin liberallaşması, onlara xüsusi icazələrin verilməsi ilə bağlıdır.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məsələ barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonuncu məsələ - “Auditor xidməti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov məlumat verib. Bildirilib ki, layihə audit zamanı əldə edilən məlumatların məxfiliyinin təmini məqsədilə hazırlanıb və qanun layihəsi ilə bağlı əlavə rəy və təklif verilməyib.
Bu qanun layihəsi də ikinci oxunuşda qəbul olunub.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.