Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov pandemiya dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərarla əlaqədar açıqlama yayıb.
O, açıqlamasında Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib:
"Qanuna əsasən, işsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Muzdla (əmək müqaviləsi ilə) işləyənlər; Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər; Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alına bilməzlər.
Ona görə də, bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər.
İşsiz kimi qeydiyyata alınan şəxslərdən isə hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilməyəcək. Bu da ödəmənin məhz bu yardıma ehtiyacı olanlara ünvanlanması, pandemiya dövründə real olaraq zərərçəkən şəxslərə münasibətdə ədalətli yanaşmanı təmin etmək məqsədi daşıyır.
Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alacaq şəxslərə də şamil olunacaq.
Müraciət üçün www.e-sosial.az portalından istifadə etmək, "e-xidmətlər" bölməsinə daxil olmaq lazımdır.
Məşğulluq Mərkəzlərində pandemiya ilə əlaqədar olaraq vətəndaş qəbulları dayandırılıb, bu müraciətlər qəbul olunmur.
Beləliklə, adıçəkilən kriteriyalara uyğun gəlməyən şəxslərdən işsiz kimi qeydiyyata alınmaq üçün elektron müraciət etməməyi xahiş edirik. Çünki kütləvi müraciətlər nəticəsində elektron sistemlər əlavə yüklənməyə məruz qalır, nəticədə müraciətlərin emalında çətinliklər yaşanır. Göstəricilərə uyğun gələn və işsiz kimi birdəfəlik ödəməni almağa haqqı çatan şəxslərə isə təmkinli olmağı tövsiyə edirik.
Bildiririk ki, çoxsaylı müraciətlərlə bağlı elektron sistemdə yüklənmələrin artmaması və müraciətlərə baxılmasında növbəliliyin təmin olunması üçün yaxın saatlarda ölkənin şəhər və rayonları üzrə müraciət qrafiki açıqlanacaq. İşsiz statusuna uyğun gələn şəxslər qeydiyyatda olduqları rayon (şəhər) üzrə məhz həmin qrafikdə qeyd edilən tarixdə elektron qaydada müraciətlərini edə bilərlər".