İsti hava şəraiti artıq təkcə narahatlıq doğurmur, birbaşa olaraq ölkə üzrə enerji və su təchizatında ciddi problemləri üzə çıxarır. Sosial şəbəkələr, TV reportajları və xəbər portalları bir neçə gündür fasilələrlə verilən elektrik enerjisi və içməli su ilə bağlı şikayətlərlə doludur. Şikayət edənlər arasında narazı qalan abonent media nümayəndələri də çoxluq təşkil edir. Təkcə təbiət deyil, enerji və kommunal sahədə cavabdeh qurumlar da əhalinin səbrini bu günlərdə sınağa çəkir.
Bakının bir sıra qəsəbələrində və paytaxt ətrafı ərazilərdə elektrik enerjisinin saatlarla verilməməsi, təzyiqsiz və ya tamamilə dayanan içməli su təchizatı əhalini bezdirib. Havada temperaturun 40 dərəcəyə yaxınlaşdığı günlərdə bu vəziyyət az qala fövqəladə hal kimi qiymətləndirilir.
Qış aylarında qaz təchizatı və istilik sistemləri ilə bağlı yaranan narazılıqlar hələ unudulmamışkən, indi də yay sınağı ortaya çıxıb. Əgər bu günlərdə cəmi bir neçə günlük yüksək temperatur fonunda bu qədər böhran yaşanırsa, qarşıda bizi gözləyən daha isti günlərdə vəziyyət necə olacaq?
"Azərişıq" və "ADSEA" qarşısında duran əsas məsuliyyət təkcə texniki məsələlər deyil – əhaliyə etibarlı xidmət, şəffaf məlumatlandırma və operativ müdaxilədir. "Təmir gedir", "hamı suyu eyni anda açdı" bəhanələri ilə olmur bu işlər. Təəssüf ki, bu istiqamətdə gözləntilər qarşılanmır. Enerji kəsintiləri zamanı səbəb izah olunmur, qabaqlayıcı tədbirlər barədə məlumat verilmir. Su təchizatı sahəsində də eyni vəziyyətdir – vətəndaşlar hər gün sosial şəbəkələrdə "niyə su yoxdur?" sualını verirlər.
Təəssüf doğuran məqam və fakt budur ki, bu vəziyyət təsadüfi yox, sistemli problemlərin nəticəsidir. İstər enerji ötürülməsi, istərsə də su təchizatı infrastrukturlarında illərdir gözlənilən modernləşmə prosesləri ya ləngiyir, ya da formal xarakter daşıyır.
İndi isə reallıqla üz-üzəyik: nə qışa hazır olmuşuq, nə də yaya. Bu isə ölkədə kommunal xidmətlərin idarə olunması sistemində ciddi islahatlara ehtiyac olduğunu bir daha göstərir.
Qurumların susqunluğu və ya sadəcə ümumi bəyanatlarla kifayətlənməsi vətəndaş etimadını daha da sarsıdır. Halbuki cavabdeh qurumların rəhbərliyi qarşıya çıxmalı, vəziyyəti izah etməli və konkret addımlar barədə ictimaiyyəti məlumatlandırmalıdır.
Unutmayaq ki, enerji və su həyat üçün vazkeçilməz sahələrdir. Bu sahədə yaranan hər gecikmə, hər problem təkcə narahatlıq deyil – insan sağlamlığına, psixoloji durumuna və gündəlik həyatına birbaşa təsir edən faktorlardır.




