AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AMEA-da Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” elmi həftəsinə start verilib

  • + A
  • - A
  • 23-09-2021, 10:58


    AMEA-da Qarabağ – Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” elmi həftəsinə start verilib.
    “Zəfər dərsləri” həftəsi çərçivəsində Akademiyanın bir çox institut və təşkilatlarında 27 sentyabr – Şəhidlərin Anım Gününə həsr olunmuş əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub.
    Anım Gününə həsr olunmuş ilk onlayn konfrans AMEA YAP Ərazi Təşkilatı, Humanitar və İctimai Elmlər Bölməsi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə təşkilatçılığı ilə baş tutub.
    Tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin başlamasından bir ilə yaxın vaxt keçdiyini xatırladıb. O, Şəhidlərin Anım Gününə həsr olunmuş bu konfransın 44 günlük müharibədə qazanılan tarixi qələbəmiz münasibətilə AMEA-da keçirilən ilk tədbir olduğunu diqqətə çatdırıb.
    Akademik İ.Həbibbəyli Ali Baş Komandan və rəşadətli ordumuzun qazandırdığı möhtəşəm zəfər nəticəsində 30 il ərzində işğal altında olan Azərbaycan torpaqlarının erməni vandallarından azad edildiyini vurğulayıb. Alim bu qələbəni Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında ən parlaq nailiyyəti və tarixə qızıl hərflərlə yazılmağa layiq hadisə kimi dəyərləndirib.
    Vitse-prezident bugünkü tədbirin təşkilatçılarından olan YAP-ın Azərbaycan cəmiyyətinin ən aparıcı qüvvəsi olduğunu bildirib, ölkəmizdə siyasi-ideoloji hərəkatın, müstəqil dövlətçilik ideyalarının inkişafında müstəsna xidmətlərindən bəhs edib. Alim bildirib ki, bu siyasi qələbə bütün təşkilatlarda diqqətlə öyrənilməli, buradan çıxarılan nəticələr ümumiləşdirilməli və elmimizin, mədəniyyətimizin, təhsilimizin və iqtisadiyyatımızın gələcək inkişafına dəstək verilməlidir.
    “Tarixi qələbəmizin öyrənilməsi istiqamətində AMEA qarşısında da mühüm vəzifələr durur”, - deyə bildirən İ.Həbibbəyli AMEA Rəyasət Heyəti tərəfindən işğaldan azad edilmiş ərazilərdə tədbirlərin həyata keçirilməsinə dair fəaliyyət proqramının qəbul edildiyini xatırladıb. Akademik Qarabağda aparılacaq tədqiqatlarla bağlı AMEA qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi istiqamətində keçirilən konfranslardan söz açıb, Qarabağın zəngin təbiətinin, faydalı resurslarının öyrənilməsi üçün çoxsaylı kitabların çap olunduğunu diqqətə çatdırıb.
    “İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən insanlığa qarşı törədilən vəhşiliklər, xarabalıqlara çevrilmiş evlər 2012-ci ildə Yaponiyanın Hiroşima şəhərində olduğum zaman gördüklərimdən daha ağır təəssüratlar yaradır”, - deyə İ.Həbibbəyli qeyd edib. Akademikin sözlərinə görə, “Böyük Qayıdış” AMEA-da alimlərimiz tərəfindən geniş şəkildə işıqlandırılmalı, monoqrafiyalar, məqalələr yazılmalı, tarixi zəfərimiz salnamələşdirilməli və yeni nəsillərə ətraflı şəkildə çatdırılmalıdır.
    Çıxışının sonunda vitse-prezident AMEA-nın kollektivi adından cənab Prezidentə qazanılan şanlı zəfər münasibətilə minnətdarlığını bildirib. Əlavə edib ki, Azərbaycan alimləri ümummilli lider Heydər Əliyev ideyalarına dəstək qalaraq Azərbaycanın inkişafına elmimizin dəstəyini verməli və bu istiqamətdə elmimizi səfərbər etməlidir.
    Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycan xalqının uzunəsirlik tarixinə qızıl hərflərlə yazılan, 2020-ci ildə tariximizin əbədi qəhrəmanlıq salnaməsi olan zəfərimizin şəhidlərimizin qanı ilə yazıldığını bildirib. O, Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edildiyini söyləyib.
    AMEA-nın vitse-prezidenti bildirib ki, ölkə Prezidentinin Sərəncamına əsasən, Anım Günü İkinci Qarabağ müharibəsi şəhidlərinə ehtiram əlaməti olaraq qeyd edilsə də, həmin gün vətən üçün böyük xidmətləri olmuş, həyatının hər damlasını Azərbaycanın yüksəlişinə sərf etmiş bütün insanlar, bütün şəhid və qazilərimiz yad edilməli, xatırlanmalıdır. Akademik vurğulayıb ki, 27 sentyabrda bu dövlətin varlığı və müstəqilliyi üçün borclu olduğumuz insanları, ilk növbədə, Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevi və onun yerinə yetirdiyi tarixi missiyanı xatırlamalıyıq.
    “Bu gün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə əlil və şəhid ailələrinin sosial müdafiəsi daim gücləndirilir. Onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindəndir”, - deyə bildirən İ.Hüseynova bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmlərinin formalaşdırıldığını, bu şəxslərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını diqqətə çatdırıb.
    AMEA-nın vitse-prezidenti qeyd edib ki, dövlət başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərin tam şəkildə yenidən qurulacağını, müasir, abad yaşayış məntəqələri və infrastrukturun yaradılacağını, kənd təsərrüfatı, müxtəlif sənaye sahələrinin bərpa və inkişaf etdiriləcəyini bildirib. Çıxışının sonunda akademik İ.Hüseynova əlavə edib ki, Qarabağın tam bərpası, yüksəlişi, burada çəkilən hər yol, tikilən hər ev müqəddəs şəhidlərimizə qoyulmuş abidə olacaq.
    Tədbirdə AMEA YAP Ərazi Təşkilatının sədri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova rəhbərlik etdiyi təşkilatın yaranma tarixi, üzvlərin sayı haqqında ətraflı məlumat verib. Bildirib ki, ümumilikdə AMEA əməkdaşlarının 24 faizi AMEA YAP Ərazi Təşkilatının üzvüdür.
    Şəhidlərimizin Anım Gününün keçirilməsinin əhəmiyyətinə toxunan U.Qurbanova torpaq, millətin namusu, heysiyyəti uğrunda canından keçmiş şəhidlərimizin həyatları və ölümlərinin yeni nəsillər üçün bir örnək, vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu vurğulayıb. O, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan xalqının Ali Baş Komandanımız ətrafında sıx birləşdiyini qeyd edib, müzəffər Azərbaycan Ordusunun qələbəmizin əsas memarlarından olduğunu diqqətə çatdırıb. U.Qurbanova qeyd edib ki, şəhidlərimiz öz qəhramanlıqları ilə adlarını zəfər tarixinə yazıb və bu adı əbədiləşdiriblər.
    Sonra çıxış edən GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Azərbaycanın 44 günlük döyüşdə böyük şücaət tələb olunan savaşın canlı örnəyini dünyaya göstərdiyini, 30 ildən artıq müddətdə alınması mümkünsüz hesab olunan torpaqlarımızı geri qaytardığını bildirib. Onun sözlərinə görə, erməni mifini tarixə qovuşduran əsgər və zabitlərimizin ilham qaynaqları vətənləri və uğrunda ölməyi gözə aldıqları torpaqları olub.
    F.Salmanov 27 sentyabr tarixinin xalq tərəfindən əbədiləşdirilmiş, övladını, qardaşını, atasını və soydaşını anan millətimiz üçün ən həssas gün olduğunu vurğulayıb. GAMŞ sədri əlavə edib ki, bu sınaqdan Azərbaycanın gənc nəslinin, müzəffər ordumuzun sıralarında tarixi və hiyləgər düşmənlərimizə qarşı igidcəsinə vuruşan əsgərlərimizin üzüağ çıxmasının episentrində hər nə qədər döyüşkənlik və qələbəyə köklənmiş ruh böyük əhəmiyyətə malik olsa da, bir o qədər də keçmiş dəyərlərimizə sədaqət, Ali Baş Komandana inam, eləcə də etimad və məsuliyyət tandemi həlledici rol oynamışdır.
    Konfransda müharibədə Füzuli və Xocavənd rayonunda gedən döyüşlərdə ön və arxa cəbhədə könüllü olaraq iştirak etmiş AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, ərəbşünas alim Pərviz Ağayev müharibə ilə bağlı təəssüratlarını bölüşüb. O, Vətən müharibəsi dövründə həyata keçirdiyi tədbirlərdən bəhs edib, qəhrəmancasına vuruşaraq həlak olmuş əsgər yoldaşlarını xatırlayıb. P.Ağayev xalqımızın hər zaman canlarını bu günlər üçün fəda etmiş şəhidlərimizi, onların qəhrəmanlıqlarını xatırlayacağını, ruhları qarşısında baş əyəcəyini bildirib.
    AMEA Qadınlar şurasının sədri, professor Rəna Mirzəzadə isə çıxışında Ağdam və Şuşaya baş tutan səfərləri zamanı şahid olduğu erməni vandalizmi nümunələrindən bəhs edib, xarabalıqlara döndərilmiş gözəl diyarımızın tezliklə yenidən bərpa olunması üçün görülən məqsədyönlü işlərdən danışıb.
    R.Mirzəzadə bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə dayaq durması, mərhəmət və dəstək göstərməsi, onları tək qoymaması həmin ailələrə böyük təsəllidir.
    Vurğulayıb ki, şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi və digər görülən dəstək tədbirləri verilən sözün böyük dəyərə malik olmasının göstəriciləridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR