AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifələrindən biridir

  • + A
  • - A
  • 20-01-2022, 11:36

    20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifələrindən biridir

    Ceyhun Məmmədov,
    Milli Məclisin deputatı

    1990-cı ilin 20 yanvar gecəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.
    1990-cı ilin yanvar cinayəti, qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin dəhşətli gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
    Keçmiş sovet imperiyasının ağır texnikasının Azərbaycanda törətdiyi qanlı qırğından 32 il keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayır, həmin faciənin ağrı-acısını yaşayır. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanına gəlir, şəhidlərimizi ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edirlər.
    Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
    Qeyd etmək lazımdır ki, həmin dövrdə heç bir təhlükədən çəkinməyərək Sovet hakimiyyətinin bu cinayətinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin bütün qadağalarına rəğmən, həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
    Onu da qeyd etmək lazımdır ki, yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ulu Öndər Heydər Əliyev “20 Yanvar” faciəsi zamanı şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəmədi. Bu məqsədlə bir sıra mühüm qərarlar qəbul etdi, sərəncamlar imzaladı.
    Bu gün Ümummilli Liderin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə xüsusi diqqət yetirilir, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR