20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub
Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin növbəti - 31-ci ildönümü qeyd olunur.
Xalqın yaddaşına qanlı hərflərlə yazılan 20 Yanvar faciəsindən bizləri nə az, nə çox 31 il ayırır. 31 il az müddər deyil, amma hər il qədirbilən xalqımız eyni hüznlə, eyni izdihamla 20 Yanvar Şəhidlərinin məzarını ziyarət edir, onların xatirəsni ehtiramla yad edir.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş əliyalın xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi. Televiziya blokunun partladılıb əhalini informasiyasız və təşviş içində saxlamaq, xəstələrin daşındığı xəstəxanaların elektrikini kəsmək öncədən planlaşdırılmış vəhşiliyin ssenarisindən xəbər verirdi. Məhz həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
20 Yanvar faciəsi zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Təsəllimiz budur ki, məhz 20 yanvarda baş verənlər nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Dövlət səviyyəsində Hüzn Günü kimi qeyd edilən 20 Yanvar dövlətin 20 yanvar şəhidlərinə diqqət və ehtiramıdır. Hər bir 20 Yanvar əlil və Şəhid ailələri dövlət tərəfindən qayğı və diqqətlə əhatə olunub. Bunu həmin ailələr dəfələrlə öz çıxışlarında qeyd ediblər.
Artıq bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi. 31 ildə ilk dəfə qürurla şəhidlərin xatirəsini yad edib, ruhlarına dualar edəcəyik.
Illər keçsə də, Şəhidlərin xatirəsi həmişə ehtiramla anılacaq, məzarları xalqın ziyarətgahına çevriləcək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR