Baş prokuror Kamran Əliyevin dəvəti ilə dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Baş katibi Han Moraal və İcraçı Direktoru xanım Yanne Holst Hübnerin rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlmişlər.
İyunun 1-də keçirilmiş görüş zamanı Assosiasiyanın vitse-prezidenti olan Baş prokuror qonaqlara ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son dövrlərdə prokurorluq orqanlarında həyata keçirilmiş islahatlar, struktur və kadr dəyişiklikləri barədə ətraflı məlumat verməklə gənc hüquqşünasların işə qəbul edilməsi və onların peşəkar kimi təkmilləşdirilməsinin prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırmışdır.
Qonaqlar səmimi qəbula görə minnətdarlıq ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirmiş, təşkilatın milli prokurorluq orqanlarımızla əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını bildirmişlər.
Daha sonra Assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağına 2024-cü ildə ölkəmizin ev sahibliyi etməsi haqqında qərarın icrası məqsədilə yaradılmış Yerli Təşkilat Komitəsinin fəaliyyəti ilə bağlı ilk iclas keçirilməklə bir sıra təşkilatı məsələlər müzakirə edilmişdir.
Bundan sonra qonaqlar BPA-nın üzvlüyünə yeni qəbul olunmuş gənc əməkdaşlarla görüş keçirməklə üzvlük vəsiqələrini təqdim etmişlər.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.