Yeni tədris ilindən əlavə olaraq 68 məktəbdə təmayül siniflərin təşkili nəzərdə tutulur.
Bu barədə Elm və Təhsil Nazirliyinin rəsmi qəzetinə “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin rəhbərini əvəz edən Elşən Ədalətli məlumat verib.
Onun sözlərinə görə, əslində tələbat daha böyükdür: “70-ə yaxın məktəbdən peşə təmayüllü sinfin təşkil edilməsi üçün müraciət daxil olunub. Seçim isə layihə tərəfindən təyin olunmuş müəyyən meyarlar əsasında həyata keçirilir. Həmçinin, ölkə prezidentinin qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, 2026-cı ilə qədər ümumi təhsil müəssisələrinin 15 faizində təmayüllü siniflər təşkil edilə bilər”.
Elşən Ədalətli, həmçinin bildirib ki, bu il 4 yeni peşə ixtisası üzrə peşə təmayüllü siniflərin təşkili nəzərdə tutulub.
Onun sözlərinə görə, peşə təmayüllü siniflərdə indiyədək 4 profil üzrə 12 peşə ixtisası tədris olunub. Yeni tədris ilindən əlavə olaraq 4 peşə ixtisasının pilot olaraq tədrisini planlaşdırıblar:
“Xidmət profili üzrə dərzi, aşpaz, qənnadçı və bərbər, təmir-tikinti profii üzrə çilingər, kombi-kondisioner ustası, mebel quraşdırma və dülgər ixtisaslarının tədrisi uğurla həyata keçirilir. Aqronom profili üzrə aqronom köməkçisi yetişdirilir ki, burada da modullar fərqlənir. Belə ki, tərəvəz əkini, tingçilik, bağçılıq, çiyələk və s. Modullar üzrə aqronom köməkçisi qruplarımız, İT profili üzrə helpdesk, kompüter operatoru və qrafik dizayner peşə ixtisaslarımız var. Pilot olaraq növbəti tədris ilindən foto-videoqraf, telefon təmiri ustası, bərbər-vizajist manikürçü, ofisiant-barista peşə ixtisasları da açılacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.