Bu gün məni, həm valideyn kimi, həm də uşaqların müdafiəsi ilə məşqul olan bir insan kimi narahat edən bir mövzuya toxunmaq istəyirəm. Bizim dövrümüzdə məktəb həyatı mədəniyyətlə sıx bağlı idi. Şagirdlər mütəmadi olaraq teatr tamaşalarına, konsertlərə, bayram tədbirlərinə biletlər alırdılar və həvəslə iştirak edirdilər. Bu təşəbbüslər uşaqların mənəvi dünyasını zənginləşdirir, onlarda gözəlliyə, incəsənətə və mədəniyyətə hörmət formalaşdırır, sosial adaptasiya və ümumi inkişaf üçün zəmin yaradırdı.
Lakin bu gün biz müşahidə edirik ki, bu cür təcrübə demək olar ki, yoxdur. Mədəni tədbirlər keçirilsə də, məktəblilərin bu tədbirlərdə iştirakı çox azalıb. Sual yaranır: nəyə görə biz tərbiyə prosesinin ayrılmaz hissəsi olan bu vacib ənənələri itiririk?
Müasir uşaqlarda təəsüf ki tez-tez təhsilə motivasiya çatışmazlığına rast gəlinir, onlar maraqlı və inkişafetdirici istirahət formalarının qıtlığından əziyyət çəkirlər. Rəqəmsal texnologiyaların canlı ünsiyyəti arxa plana atdığı, uşaqların mədəni həyata daha az cəlb olunduğu bir dövrdə məktəblərlə mədəniyyət ocaqları arasında əməkdaşlığı bərpa etmək və inkişaf etdirmək xüsusilə vacibdir.
Birgə tədbirlərin təşkili, tamaşalara, ekskursiyalara, konsertlərə pulsuz və ya güzəştli biletlərin təqdim olunması — bütün bunlar uşağın şəxsiyyətinin formalaşmasında mühüm rol oynaya bilər. Belə təşəbbüslər yalnız dünyagörüşün genişlənməsinə deyil, həm də əxlaqi dəyərlərin aşılanmasına, ictimai həmrəyliyin və ailə-məktəb münasibətlərinin möhkəmlənməsinə səbəb olur.
Vacib məqamlardan biri də odur ki, belə tədbirlərə valideynlər də cəlb olunmalıdır. Bu, məktəblə ailə arasında əlaqələrin möhkəmlənməsinə, vahid tərbiyəvi yanaşmanın formalaşmasına, etimad və əməkdaşlıq mühitinin yaranmasına gətirib çıxarırdı. Ailələrin mədəni həyata birgə qatılması onları birləşdirir, valideynlərə uşağın dünyasını daha yaxşı anlamağa və inkişafında fəal iştirak etməyə imkan verir.
Amma bu problemin bir tərəfi də var və bunu qeyd etmək vacindir. Söhbət təkcə məktəblə mədəniyyət arasında bağların qırılmasından getmir. Təəssüf ki, bir çox valideynlər də uşağın məhz mənəvi dünyaya, deyil, istehlak yönümlü həyata yönəldilməsinin nə qədər təhlükəli olduğunu başa düşmürlər. Rahatlıq, asanlıq axtarışı içində ailələr daha çox teatra, muzeyə və ya canlı konsertə getmək əvəzinə alış-veriş mərkəzinə, fastfuda və ya popkornlu kinoya üstünlük verirlər. Artıq bu cür məkanlar kukla teatrından daha adi, burgerlə çəkilən selfi isə səhnədən alınan canlı emosiyalardan daha vacib olub. Razıyam ki, teatra getmək bir az iş tələb edir: geyinmək, hazırlaşmaq, uşağa nə görəcəyini izah etmək. Amma məhz bu cür səylər təməl yaradır — zövq, diqqət və hiss etmək qabiliyyəti formalaşdırır.
Problem təkcə sistemdə deyil, valideyn olaraq bizim seçimlərimizdədir. Biz uşaqlarımızın böyüdüyü mühiti formalaşdırırıq. Əgər biz onlara əsl incəsənətin, mədəniyyətin, canlı və səmimi ünsiyyətin nə olduğunu göstərməsək — bunu heç kim bizim yerimizə etməyəcək. Biz təkcə mədəni tərbiyə ənənələrini məktəblərə qaytarmamalıyıq — özümüz də onların daşıyıcısı olmalıyıq. Çünki heç bir müəllim, heç bir layihə ailədən gələn canlı nümunəni əvəz edə bilməz.
Təəssüf ki, bu gün biz belə əməkdaşlıq nümunələrini çox nadir hallarda görürük. Mədəni tədbirlər keçirilsə də, məktəblilərin — xüsusilə də ailələrin — iştirak səviyyəsi azalıb. Sual yaranır: niyə biz öz faydasını sübut etmiş bu ənənələri inkişaf etdirmirik?
Bu gün, cəmiyyət və təhsil sistemi qarşısında harmonik, savadlı və sosial məsuliyyətli fərdin formalaşması kimi vəzifə durduğu bir dövrdə, biz keçmişin ən yaxşı ənənələrinin bərpasına daha çox ehtiyac duyuruq. Məktəblərlə mədəniyyət müəssisələrinin əməkdaşlığı istisna yox, norma olmalıdır.
Bu əlaqələrin bərpası gələcək nəsillərə yatırılan investisiyadır. Bu, uşaqları doğru yola yönəltmək, onların dərsə və mənalı, mədəni məzmunlu həyata marağını artırmaq üçün bir şansdır.
Amma eyni zamanda narahatedici başqa bir tendensiya da var. Müasir bayram və mədəni tədbirlərin çoxu, xüsusilə də kütləvi olanlar, bəzən ədəbsiz zarafatlar, nalayiq sözlər, aqressiv və zövqsüz təqdimatla müşayiət olunur. Bu isə, xüsusilə də auditoriyada uşaqlar olduqda, yolverilməzdir. Uşağa bayram bəxş etmək istəyən valideynlər, bəzən bilmədən, onu mədəniyyət, gözəllik və mərhəmət anlayışlarını dağıdan kontentə məruz qoyurlar. Ailələr bu barədə az danışır — bəlkə də nəticələri dərk etmirlər, bəlkə də bunun “sadəcə əyləncə” olduğunu düşünürlər.
Lakin məhz belə “xırdalıqlar” uşağın zövqünü, dünyaya, insanlara və özünə münasibətini formalaşdırır. Mədəniyyət təkcə incəsənət deyil — bu, həm də ünsiyyət dili, tamaşaçıya hörmət və təşkilatçının uşaq auditoriyasına nə çatdırdığına görə məsuliyyətidir.
Biz yalnız məktəblilər və onların ailələri üçün mədəni istirahət ənənəsini bərpa etməməliyik — bu tədbirlərin keyfiyyətinə də ciddi nəzarət etməliyik. Məktəblər, valideynlər, mədəniyyət müəssisələri — biz hamımız dərk etməliyik ki, uşaqlar üçün yaradılan mədəni mühit tərbiyə etməli, ruhlandırmalı və inkişaf etdirməlidir — dəyərləri dağıtmamalıdır.
Uşaqlarımızın necə insan kimi formalaşacağı — onlara nə göstərdiyimizdən, nə öyrətdiyimizdən və belə tədbirlərdən hansı təəssüratlarla ayrıldıqlarından asılıdır.
Artıq zamandır ki, biz ənənələri sadəcə geri qaytarmayaq, onları dərin məna və məsuliyyətli məzmunla dolduraq. Bu, bizim uşaqlar, cəmiyyət və qoruyub saxlamalı olduğumuz deyil, inkişaf etdirməli olduğumuz mədəni irs qarşısında ümumi borcumuzdur.
https://www.facebook.com/share/1Xjm2LFj3G/