Masallı rayonunun şəhid Seyran Hacıyevin adını daşıyan Viləş kənd tam orta məktəbində məktəbin 165 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayonun tanınmış ziyalıları, məktəbin məzunları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri, məktəbin müəllim və şagird kollektivi, şəhid anaları, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yubiley tədbirində 74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov da iştirak edib. Çıxışı zamanı M.Məmmədov məktəbin sabiq direktoru, uzun illər kəndin maarifləndirilməsi sahəsində böyük xidmətləri olan Oqtay Həsənovun bu yubileylə bağlı arzularını aylar öncə, qəbul-görüş zamanı dinlədiyini və hərtərəfli dəstəklədiyini vurğulayıb. Millət vəkili Məşhur Məmmədov bildirib ki, məktəbin yubiley tədbirinin keçirilməsi ilə bağlı təşəbbüsü məmnuniyyətlə qəbul edib və həm maddi, həm də mənəvi baxımdan dəstəyini əsirgəməyib.
Yubiley tədbirində məktəbin tanınmış məzunları da iştirak edib, məktəbin tarixindən, onun cəmiyyətə verdiyi töhfələrdən, Viləş kəndinin maarifçilik ənənələrindən danışılıb.
Tədbirin ən duyğulu anlarından biri isə iki oğlunu Vətən üçün şəhid vermiş kənd sakini, Ziba ana ilə bağlı olub. Ziba ana təkcə bu kəndin deyil, bütün Azərbaycanın əziz analarından biri kimi dəyərləndirilib. O, tədbirdə fəxri qonaq kimi iştirak edib. Onun Vətən uğrunda şəhid olmuş övladlarının xatirəsi tədbir iştirakçıları tərəfindən dərin ehtiramla yad edilib. Deputat Məşhur Məmmədov öz çıxışında Ziba ananın fədakarlığını yüksək qiymətləndirib, onun ailəsinə göstərilən diqqət və qayğının daim davam edəcəyini qeyd edib.
Tədbirin rəsmi hissəsindən sonra məktəbin həyətində ağacəkmə aksiyası keçirilib. Ardınca keçirilən bədii hissədə məktəbin şagirdləri və məzunları çıxış edərək yubileyə həsr olunan şeirlər söyləyib, musiqi nömrələri təqdim ediblər.
Sonda çay süfrəsi arxasında kəndin ziyalıları və tədbir iştirakçıları səmimi söhbətlər aparıb, kəndin gələcəyi və məktəbin inkişafı ilə bağlı fikir mübadiləsi ediblər.
Qeyd edək ki, millət vəkili Məşhur Məmmədov bölgədə xeyriyyəçilik fəaliyyəti, şəhid ailələrinə, təhsil ocaqlarına və aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğı ilə tanınır. O, mütəmadi olaraq məktəblərə dəstək olur, təhsil layihələrini təşviq edir, kəndlərin sosial inkişafında fəal iştirak edir, aztəminatlı ailələrin övladlarını dərsliklə təmin edir, qızların təhsilə marağını artırmaq üçün onları təqaüdlə təmin edir, təhsilhaqlarının ödənilməsinə dəstək olur.