Masallıdan seçilmiş millət vəkili Məşhur Məmmədov Masallı rayonunun Şərəfə kəndində təşkil olunan toy mərasimində iştirak edib. Məclis 2021-ci ildə şəhidlik zirvəsinə ucalan Nurlan Əbilovun övladları Amin və Fəruxun kiçik toyu münasibətilə keçirilib.
Millət vəkili tədbirlə bağlı sosial şəbəkə hesabında paylaşım edərək şəhid övladlarının sevincinə şərik olmağın onun üçün həm şərəf, həm də böyük məsuliyyət olduğunu bildirib:
“Biz Nurlan kimi qəhrəmanlarımızın yoxluğunu ailələri üçün unutdura, onları əvəz edə bilmərik, övladları üçün ata yerini heç kim tuta bilməz... Amma çalışacağıq ki, Amin və Fərux balamız heç vaxt atasızlığın acısını hiss etməsinlər. Onlar bizə əmanətdir, onlar bu dövlətə əmanətdir!” – deyə millət vəkili qeyd edib.
Xatırladaq ki, Nurlan Əbilov 19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında şəhidlik zirvəsinə ucalıb və doğulduğu kənddə – Masallının Şərəfə kəndində dəfn olunub.
Məşhur Məmmədov sonda şəhidin xatirəsinə ehtiram ifadə edərək onun övladlarının da Vətənə layiqli övladlar kimi yetişəcəyinə inandığını vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.