Nazim Eynallı
19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru31 mart – Dünya Azərbaycanlılarının Soyqırımı Günü xalqımızın yaddaşına silinməz iz buraxmış faciələrin anım günüdür. Bu tarix 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm simvola çevrilib.
Tarixi mənbələrə əsasən, həmin dövrdə erməni daşnakları və silahlı dəstələr tərəfindən həyata keçirilən hücumlar nəticəsində minlərlə azərbaycanlı həyatını itirib. Şamaxıda yüzlərlə kənd yerlə-yeksan edilib, Qubada isə kütləvi qətliamlar törədilib. Şamaxıda məscidə sığınan dinc sakinlər – qadınlar, uşaqlar və qocalar belə amansızcasına qətlə yetirilib. Dinc əhali ümumilikdə xüsusi qəddarlıqla öldürülüb.

Şamaxıda erməni quldurlarının törətdikləri kütləvi qırğınlar və onların nəticələri ağır olub. 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxı qəzasında qəza mərkəzi və 120 kənd yaşayış məntəqəsinin 86-sı ermənilərin hücumuna məruz qalmışdır. Təcavüz nəticəsində 8027 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Öldürülən əliyalın insanların 1277-si uşaq, 2560-ı qadın, 4190-ı isə kişi idi. Şamaxıda yüzlərlə sakin, o cümlədən uşaqlar, ahıllar, qadınlar Cümə məscidinə doldurularaq diri-diri yandırılmışlar. Qətliamlar zamanı qəzanın 22 nəfər nüfuzlu ağsaqqalı və ziyalısı da vəhşicəsinə öldürülmüşdür.
Stepan Şaumyanın göstərişi ilə Şamaxıda kütləvi qırğınların təşkilatçıları olan dəstəbaşçısı Stepan Lalayan, Arşak Gülbəndyan, Mixail Arzumanov, Karapet Karamanov və digər azərbaycanlı qanına susamış daşnaklar dinc insanlara qarşı misli görünməmiş qəddarlıqlar törətmişlər.
Mart-aprel qırğınlarına məruz qalan digər 33 kənddə isə qətliamların konkret mənzərəsi və miqyası barədəki araşdırma yarımçıq saxlanılmış, tarixi həqiqətlərin üzə çıxarılması uzun illər yasaq edilmişdir.
Bu hadisələr uzun illər ərzində müxtəlif səbəblərdən geniş şəkildə araşdırılmayıb və dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırılmayıb.
Lakin müstəqillik dövründə aparılan tədqiqatlar, arxiv materialları və beynəlxalq araşdırmalar bu faciənin miqyasını daha aydın şəkildə ortaya qoyub.
31 martın anılması təkcə keçmişə ehtiram deyil, həm də gələcək üçün dərsdir. Bu gün Azərbaycan dövləti və diaspor təşkilatları bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl fəaliyyət göstərir. Məqsəd tarixi ədalətin təmin olunması və belə faciələrin bir daha təkrarlanmamasıdır.
31 mart soyqırımı Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış hadisə kimi daim xatırlanır və anılır.