AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hava Limanı Ekspressində gecə problemi: Gecikən avtobus, işləməyən sistem və cavabsız suallar

  • + A
  • - A
  • Bu gün, 11:42

    Hava Limanı Ekspressində gecə problemi: Gecikən avtobus, işləməyən sistem və cavabsız suallar


    Bakı Beynəlxalq Hava Limanından şəhər istiqamətində fəaliyyət göstərən Hava Limanı Ekspressi ilə bağlı sərnişin narazılığı yenidən gündəmə gəlib.
    Sərnişin Rauf Ağamirzəyev səfərdən qayıdarkən üzləşdiyi problemləri ictimaiyyətlə bölüşərək xidmətin təşkilindəki çatışmazlıqlara diqqət çəkib.

    Onun sözlərinə görə, hava limanının çıxışında yerləşən ekspress avtobus köşkündə avtobusların hərəkət cədvəli göstərilsə də, cədvələ uyğun xidmət təmin olunmayıb. Belə ki, saat 02:15-də yola düşməli olan avtobus təyin olunmuş vaxtda dayanacağa gəlməyib. Sərnişin təxminən 01:45-dən gözləməsinə baxmayaraq, avtobus yalnız saat 02:30-da dayanacağa çatıb və 02:40-da hərəkətə başlayıb.

    Məsələni aydınlaşdırmaq üçün sərnişin Hava Limanı Ekspressinin 141 qaynar xəttinə müraciət etsə də, gecə saatlarında yalnız avtomatik səsli cavabla qarşılaşıb. Bildirilib ki, müraciətə yalnız iş saatlarında baxılacaq. Avtobusun yerini müəyyən etmək məqsədilə istifadə edilən "AynaMaaS" tətbiqi isə texniki təkmilləşdirmə səbəbindən işləməyib.

    Sərnişinin sözlərinə görə, avtobus köşkündə çalışan əməkdaşlar da dispetçerlə operativ əlaqə qura bilməyiblər. Gecikmənin səbəbi kimi isə sürət həddinin azaldılması göstərilib. Lakin bu izah sərnişin tərəfindən inandırıcı hesab edilməyib.

    Bundan əlavə, avtobusda sərnişinlər üçün təqdim olunan Wi-Fi xidməti də işləməyib ki, bu da xidmət keyfiyyəti ilə bağlı əlavə suallar doğurub.

    Məsələ fonunda bir sıra vacib suallar ortaya çıxır. Niyə hava limanında avtobusların real vaxt rejimində hərəkətini göstərən elektron məlumat tabloları yoxdur? Niyə sərnişinlər avtobusun yerini mobil tətbiq və ya digər rəqəmsal platformalar vasitəsilə izləyə bilmirlər? Əgər hərəkət qrafikində dəyişiklik baş verirsə, bu barədə məlumat niyə operativ şəkildə elektron sistemlərdə əks olunmur?

    Hava limanı ölkəyə gələn turistlərin və qonaqların ilk təəssüratının formalaşdığı əsas məkanlardan biridir. Bu baxımdan Hava Limanı Ekspressinin fəaliyyəti yalnız ictimai nəqliyyat xidməti deyil, həm də Azərbaycanın nəqliyyat infrastrukturunun və rəqəmsal xidmətlərinin göstəricisi kimi qiymətləndirilir. Xidmətin dəqiq qrafiklə işləməsi, real vaxt məlumatlandırma sisteminin qurulması və sərnişinlərə vəd edilən xidmətlərin fasiləsiz təmin edilməsi artıq zərurət kimi qiymətləndirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR