AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Akademik Bəhram Əsgərov elə bir zirvədir ki, yeri çox görünəcək

  • + A
  • - A
  • 4-10-2023, 11:59

    Akademik Bəhram Əsgərov elə bir zirvədir ki, yeri çox görünəcək

    Gözümü açandan evimizdə kitab görmüşəm. Düzdür, aralarında bədii kitab az idi. Əksəriyyəti fizika və kimyaya aid kitablar, ensiklopediyalar idi. Bu kitabların arasında dədəmin çox sayğı ilə, ehtiyatla vərəqlədiyi, uşaqların əli çatmasın deyə kitablığın ən hündür yerinə qoyduğu bir neçə kitab vardı- Bəhram Əsgərovun kitabları. O kitablar rusca idi. Onda mən bu dili bilmirdim. Sadəcə bir dəfə dədəmin nəzarətində onları vərəqləmişdim. Dədəm onda demişdi, kitab yarımkeçiricilər haqqındadır. Düzü, sadəcə sözü yadımda saxlamışdım. Nə onda, nə də indi yarımkeçiricilərin nə olduğunu bilmirəm. Dədəm bilirdi, çünki o da fizik idi. Bəhram Əsgərov onun müəllimi olmuşdu.
    Onun necə bir zirvə olduğunu, necə bir şəxsiyyət olduğunu da öncə dədəmdən öyrənmişdim. Çünki dədəmdə Bəhram müəllimə sonsuz hörmət hissi vardı. “Əvəzedilməz insan, gözəl alimdir” deyərdi.
    Düzü, mən də uşaqlıqda Bəhram müəllimi qohumum olduğundan daha çox dədəmin ona bu qədər hörmət eləməsinə görə çox istəyirdim. Kəndə gələndə evlərinin həndəvərində gəzişir, ona heyranlıqla baxırdım.
    Yadımdadır, bir dəfə nənəmgildə məndən soruşdu “necə oxuyursan?”. Mən də general qarşısında “farağat” komandasında olan əsgər kimi durub “yaxşı” dedim.
    “Yaxşı yox, əla oxumaq lazımdır” - dedi.
    Onda nəfəsim və cəsarətim çatıb Bəhram müəllimə cavab verə bilməzdim. Deyə bilməzdim ki, sizin və dədəmin sevdiyi fənni mən sevə bilmirəm, hər ikinizi dünyalar qədər sevməyimə baxmayaraq fizikadan “4” alıram.
    Sonra ixtisas seçimimdə də tamam fərqli sahəni seçdim, filoloq oldum.
    Birinci kursda oxuyanda anamla onlara getmişdim. Onda da soruşdu, necə oxuyursan? Bu dəfə şəstlə “əla” dedim. “Filologiyada fizika keçirilmir ha”- bunu ürəyimdə dedim amma. Çünki Bəhram müəllmin qarşısında həmişə “farağat” dururdum.
    Universitetdə doğrudan da əla oxuyurdum. Çünki hər yarımilin sonunda birinci qiymət kitabçamı universitetdə Bəhram müəllimə göstərirdim, sonra kəndə gedib dədəmə göstərirdim. Hər ikisi mənim əla oxumağım üçün stimul verirdilər.
    Dördüncü kursda oxuyanda elmi konfrans olmuşdu. Mən də çıxış etmişdim. Sonra konfransın materialları dərc olunmuşdu. Növbəti dəfə Bəhram müəllimin kabinetinə gedəndə həmin kitabın içini yazıb mənə verdi. Və həmin gün bir söz dedi: “Sən mənim gözümün işığısan”. Ogünkü halımı təsəvvür edirsinizmi?! Bəhram dayım, Bəhram müəllim, professor Bəhram Əsgərov mənə nə demişdi?! Qanadsız uçurdum!
    İllər keçdi, mən Sankt-Peterburqda yaşamalı oldum. Bəhram müəllim də məhz bu şəhərdə 1962-ci ildə “Güclü maqnit sahəsində yarımkeçiricilər və yarımmetallarda termomaqnit effektlər” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, alimlik dərəcəsi almışdı. Və sonra 1971-ci ildə yenidən Leninqrad şəhərində “Yarımkeçiricilərdə kinetik effektlər” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. 1974-cü ildə Leninqradda "Nauka" nəşriyyatında özünün 21 çap vərəqi həcmində olan "Yarımkeçiricilərdə kinetik effektlər" adlı monoqrafiyasına görə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına da layiq görülmüşdü.
    Peterburqda mən bir alimlə tanış oldum, fizika-riyaziyyat elmləri doktoru Fəham Kəsəmənli ilə. Fəham müəllim tovuzlu olduğumu biləndə aspiranturada onunla bir tovuzlu oxuduğunu dedi- akademik Bəhram Əsgərov. Fəxrlə “dayımdır” dedim. Fəham müəllim ömrünün son illərində Bakıya köçəndə arxivinin böyük bir hissəsini mənə verib getdi. Bir kitabı ayrıca təqdim etdi. Bu, akademikin imzası olan, “Azərbaycan elm və mədəniyyət xadimləri” seriyasından olan “Bəhram Əsgərovun bioqrafiyası” kitabı idi. İndi mənim Peterburqdakı evimdə kitablığımın ən yuxarısında Bəhram müəllimin imzalı kitabı durur. Bakıdakı kitablıqda isə həyatımda ciddi rolu olmuş iki şəxsiyyətin, dədəmin və Bəhram müəllimin şəkilləri.
    Bu il akademik Bəhram Əsgərovun 90 illik yubileyidir. Bu barədə professor İsgəndər Əsgərovla danışanda “yazı yazacaqsanmı?” soruşdu. “Əlbəttə” dedim. Əlimdən yazmaqdan başqa heç nə gəlmir.
    Bu yazını da əslində çoxdan düşünürdüm. Düzü, əvvəlcə emosional, duyğulu yox, ciddi, elmi məqalə yazmağa cəhd etdim. Məsələn, Bəhram Əsgərovun 2000-ci ildə
    Azərbaycan Respublikası Əməkdar Elm xadimi fəxri adına layiq görülməsi, 2001-ci ildə "Fizika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həmin ixtisas üzrə həqiqi üzvü seçilməsi haqqında, 2004-cü ildə Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilməsi barədə yazam. 2009-cu ildə prezident təqaüdünə layiq görülməsini deyim. 140 elmi məqalə, 4 monoqrafiya, 7 kitab və 1 patentin müəllifi olduğunu qeyd edim. Amma gördüm onda bu yazı mənim yazım olmur, bu olur Vikipediya məlumatı. Mənim akademik Bəhram Əsgərova olan sayğım, sevgim isə məhz belə, içdən gələn, duyğulu cümlələrlə ifadə oluna bilər.
    Bəhram müəllimin 80 illiyində “Ədalət” qəzetinin 5 oktyabr 2013-cü il sayında “Akademikə akademik təbrik” adlı yazım çap olunmuşdu. Sonra həmin yazını xatirə kitabına verməyə tərəddüd etdim. Yaxşı yazı idi, amma həmişə mənə elə gəlir, Bəhram müəllim haqqında yaza biləcəyim ən gözəl yazını yazmamışam, duyğularımı tam ifadə edəcək cümlələri hələ qura bilmirəm. Çünki akademik Bəhram Əsgərov elə bir zirvədir ki, onu təsvir etmək çətindir.
    Ruhunuz şad olsun, Bəhram müəllim!
    Şahnaz Kamal
    Sankt-Peterburq 03.10.2023


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR