AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Alimlər xəbərdarlıq edir: Qrenlandiya və Antarktida buz örtükləri 30 il əvvəllə müqayisədə altı dəfə sürətlə əriyir

  • + A
  • - A
  • Dünən, 23:30

    Alimlər xəbərdarlıq edir: Qrenlandiya və Antarktida buz örtükləri 30 il əvvəllə müqayisədə altı dəfə sürətlə əriyir



    BMT qlobal istiləşmə səbəbindən buzlaqların, qütb buz örtüklərinin və daimi donuşluq qatının geri dönməz şəkildə məhv olmaq təhlükəsi ilə üzləşdiyini açıqlayıb. Bu barədə “The Guardian” nəşri yeni elmi hesabata istinadən məlumat yayıb.

    Hesabata görə, bəşəriyyət Paris İqlim Sazişində müəyyən edilmiş 1,5°C həddini müvəqqəti olaraq aşsa belə, sonradan qlobal istiləşməni yalnız bu səviyyəyə qaytarmaq kifayət etməyəcək. Alimlər 2150-ci ilədək temperatur artımının mümkün qədər 1°C-dən aşağı salınmasının vacibliyini vurğulayırlar.

    Hazırda Yer kürəsində orta temperatur sənayedən əvvəlki dövrlə müqayisədə təxminən 1,3°C artıb. İstixana qazı emissiyalarının lazımi səviyyədə azaldılmaması səbəbindən alimlər 1,5°C həddinin müvəqqəti aşılmasının qarşısını almağın çətin olacağını düşünürlər. Bununla belə, həmin dövrün mümkün qədər qısa olması vacibdir. Çünki temperatur sonradan azalsa belə, yaranmış zərərin əhəmiyyətli hissəsini aradan qaldırmaq mümkün olmayacaq.

    Hesabat Beynəlxalq Kriosfer İqlim Təşəbbüsünün (ICCI) və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) iştirakı ilə 80 alim tərəfindən hazırlanıb. Kriosfer dedikdə planetin buzlaqlar, qar örtüyü, dəniz buzları və daimi donuşluq kimi bütün donmuş komponentləri nəzərdə tutulur.

    Araşdırmaya əsasən, hazırkı iqlim siyasəti davam edərsə, qlobal istiləşmə təxminən 2,8°C-yə çata bilər. Bu ssenari reallaşarsa, yer səthinə yaxın daimi donuşluq qatının demək olar ki, hamısı əriyə, okean dövranındakı pozuntular isə ciddi təhlükəyə çevrilə bilər. Buzların əriməsi dəniz səviyyəsinin yüksəlməsini və okeanların turşulaşmasını da sürətləndirəcək.

    Xüsusilə dağ buzlaqları böyük təhlükə altındadır. Mövcud iqlim siyasəti davam edərsə, Alp dağları, Qayalı dağlar, İslandiya və Skandinaviya bölgələri buzlaq həcminin 90 faizindən çoxunu itirə bilər. Qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq mümkün olarsa, mövcud buzlaq həcminin təxminən 20-35 faizi qorunub saxlanıla bilər.

    Himalay və Hindukuş dağlarında da ciddi fəsadlar gözlənilir. Bu bölgələrin buzlaqları dünya əhalisinin təxminən dörddə birinin su təminatında mühüm rol oynayır. Mövcud ssenariyə əsasən, həmin ərazilərdə buzlaq buzlarının yalnız 41 faizi qalacaq. Temperatur artımı 1,5°C ilə məhdudlaşdırılarsa, bu göstərici təxminən 83 faiz təşkil edə bilər.

    Qrenlandiya və Antarktidanın buz örtükləri isə hazırda 1990-cı illərlə müqayisədə təxminən altı dəfə daha sürətlə əriyir. Alimlər xəbərdarlıq edirlər ki, qlobal temperatur yenidən 1,5°C səviyyəsinə endirilsə belə, buz itkisi davam edəcək. İqlim sistemlərinin bir çoxunun bərpası üçün əsrlər, hətta minilliklər tələb oluna bilər.

    Hesabatın aparıcı müəlliflərindən biri, qlasioloq Ceyms Kirkhem bildirib ki, qar və buz temperaturun cüzi artımına belə sürətlə reaksiya verir və onların itirilməsinin nəticələri bütün planetə təsir göstərir.

    Buna görə də alimlər iqlim hədəflərinin müvəqqəti aşılmasını məqbul ssenari kimi qəbul etməməyə, istixana qazı emissiyalarının mümkün qədər sürətlə azaldılmasına çağırırlar.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR