BBC: Tarakan Hindistanda gənclərin siyasi birliyinin simvoluna çevrildi

Hindistanda Ali Məhkəmənin hakimi Surya Kantın işsiz gəncləri “tarakan” və “parazit” adlandırmasından sonra yaranan satirik siyasi gənclər hərəkatı — “Tarakan Xalq Partiyası” (Cockroach Janta Party) ölkədə geniş rezonans doğurub. Bu barədə BBC məlumat yayıb.
Hərəkatın yaradılması ideyası Boston Universitetinin tələbəsi Abhicit Dipkenə məxsusdur. Onun sözlərinə görə, partiya əvvəlcə insanları birləşdirəcək zarafat xarakterli təşəbbüs kimi düşünülüb.
Lakin qısa müddətdə hərəkat böyük populyarlıq qazanıb. Bir neçə gün ərzində partiyaya qoşulmaq üçün on minlərlə müraciət daxil olub. Hərəkat xüsusilə Instagram sosial şəbəkəsində diqqət çəkib. Belə ki, partiyanın hesabı təxminən 10 milyon izləyici toplayaraq hakim “Bharatiya Janata Party”nin rəsmi hesabını geridə qoyub.
Hərəkatın “X” sosial şəbəkəsindəki 200 min izləyicisi olan hesabı isə Hindistanda bloklanıb. İstifadəçilər səhifəni axtararkən “qanuni tələbə cavab olaraq hesabın məhdudlaşdırıldığı” barədə bildiriş görürlər.
“Tarakan Xalq Partiyası” artıq onlayn platformalardan kənara da çıxıb. Hərəkat üzvləri küçə aksiyalarında tarakan kostyumlarında iştirak edərək etirazlarını nümayiş etdirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.