Türkiyənin cənubundakı sel nəticəsində 3 nəfər həyatını itirib

Türkiyənin cənubunda baş verən güclü sel fəlakəti nəticəsində üç nəfər, o cümlədən 15 yaşlı yeniyetmə həyatını itirib. Hadisə ilə bağlı məlumatı ölkə rəsmiləri yayıb.
Leysan yağışları xüsusilə 2023-cü il zəlzələsindən ciddi zərər görmüş Hatay vilayətində ağır fəsadlar yaradıb. Asi çayının daşması nəticəsində kəndlər və əkin sahələri su altında qalıb, yollar və körpülər dağılıb.
Həlak olanlar arasında Antakya şəhərində torpaq sürüşməsi nəticəsində uçan evin altında qalan 15 yaşlı oğlan da var. Bundan başqa, 66 yaşlı kişi Defne rayonunda avtomobilinin xəndəyə aşması nəticəsində, 62 yaşlı digər şəxs isə Samandağ rayonunda sel sularına qapılaraq ölüb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, daşqınlar 2900 hektar kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurub.
Hazırda fəlakətin nəticələrinin qiymətləndirilməsi və bərpa işləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.