Tokioda ticarət mərkəzində qıcıqlandırıcı maddə səpilib:onlarla insan xəstəxanaya yerləşdirildi

Tokioda ticarət mərkəzində qıcıqlandırıcı maddə səpildi: onlarla insan xəstəxanaya yerləşdirildi
Tokyo şəhərində yerləşən məşhur “Ginza Six” ticarət mərkəzində qıcıqlandırıcı maddənin havaya səpilməsi nəticəsində azı 19 nəfər xəstəxanaya aparılıb. Hadisə bazar ertəsi günorta saatlarında baş verib.
Yerli KİV-in məlumatına görə, naməlum şəxs ticarət mərkəzinin birinci mərtəbəsindəki bankomatların yerləşdiyi ərazidə naməlum maddə püskürdüb. Polis bunun tərkibində acı bibərdə olan kapsaisin maddəsi ehtiva edən qıcıqlandırıcı aerozol ola biləcəyini ehtimal edir.
Hadisədən sonra zərərçəkənlər boğazda yanma, nəfəs yollarında qıcıqlanma və narahatlıq hiss etdiklərini bildiriblər. Xəstəxanaya yerləşdirilənlər arasında 70 yaşlı qadın da olub. O, hadisə yerinə yaxınlaşarkən boğazında güclü yanma hiss etdiyini deyib.
“Bankomatların olduğu əraziyə daxil olanda boğazım qurumağa və keyiməyə başladı. Əvvəlcə elə bildim ki, kiçik yanğın baş verib”, – deyə şahid AFP agentliyinə bildirib.
Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Ticarət mərkəzinin qarşısındakı ərazi müvəqqəti olaraq bağlanıb, bəzi hissələr isə xüsusi qoruyucu örtüklərlə izolyasiya edilib.
Şahidlərin sözlərinə görə, xüsusi qoruyucu geyimdə olan əməkdaşlar insanları binadan təxliyə ediblər.
Hazırda polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışını davam etdirir. Hadisənin bütün detalları araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.