Ölümdən sonra da yaşamaq: Unudulmayacağına inanan insanların həyat tərzi necə dəyişir?

Öldükdən sonra da insanların yaddaşında qalacağına inanan şəxslərin psixoloji vəziyyəti daha yaxşı olur. Onlar alkoqol və narkotik maddələrdən problemli istifadə, eləcə də müxtəlif asılılıq davranışları ilə daha az üzləşirlər. Bu qənaətə Qüds İvrit Universitetinin alimləri gəliblər. Araşdırmanın nəticələri International Journal of Mental Health and Addiction jurnalında dərc olunub.
Tədqiqatçılar simvolik ölümsüzlük anlayışını araşdırıblar. Bu anlayış insanın ölümündən sonra onun müəyyən bir hissəsinin yaxınlarının yaddaşında, əldə etdiyi nailiyyətlərdə, dəyərlərində və cəmiyyətə qoyduğu irsdə yaşamağa davam edəcəyinə dair inamı ifadə edir. Bu, axirət həyatına inanmaqdan fərqli bir anlayışdır.
Araşdırmada İsraildə yaşayan 2912 yetkin şəxs iştirak edib. Onlardan ölümündən sonra gördüyü işlər və digər insanların həyatına verdiyi töhfələr sayəsində xatırlanacağına inanıb-inanmadıqları soruşulub. Eyni zamanda iştirakçıların psixoloji vəziyyəti, sosial əlaqələri, özünəinamı və asılılığa meyilləri qiymətləndirilib.
Nəticələr göstərib ki, simvolik ölümsüzlük hissi daha güclü olan insanlar, adətən, özünə daha yüksək qiymət verir, ətrafdakılardan daha çox dəstək alır, həyatlarının mənalı olduğunu düşünür və daha sağlam münasibətlər qururlar.
Bu şəxslərdə depressiya, təşviş və posttravmatik stress pozuntusunun əlamətləri, yuxu problemləri və emosiyaları idarə etməkdə çətinliklər də daha az müşahidə olunub.
Oxşar əlaqə asılılıq davranışları ilə bağlı da müəyyən edilib. Ölümündən sonra başqalarının yaddaşında qalacağına inanan insanlarda alkoqol, kannabis və reseptlə verilən dərmanlardan problemli istifadə ehtimalı daha aşağı olub. Bundan başqa, onlar qumar, videooyunlar, pornoqrafiya, sosial şəbəkələr və internetdən asılılıqla bağlı problemləri daha az bildiriblər.
Bununla belə, tədqiqatçılar aşkar edilən əlaqələrin əsasən zəif və ya orta səviyyədə olduğunu vurğulayırlar. Araşdırma insanın özündən sonra irs qoyacağına inanmasının psixoloji sağlamlığı birbaşa yaxşılaşdırdığını sübut etmir. Mümkündür ki, psixoloji problemləri olan insanlar özlərini əhəmiyyətli hiss etməkdə və ətrafdakılarla əlaqə qurmaqda daha çox çətinlik çəkirlər.
Qeyd edək ki, sorğu 2025-ci ilin fevralında, İsraildə müharibənin davam etdiyi dövrdə keçirilib və əsasən ölkənin yetkin yəhudi əhalisini əhatə edib. Müəlliflər nəticələrin təsdiqlənməsi üçün digər ölkələrdə və fərqli sosial şəraitlərdə də əlavə araşdırmaların aparılmasına ehtiyac olduğunu bildirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.