Qonşularla mehriban və dostluq münasibətlərinin qorunub saxlanılması son otuz ildə Azərbaycanın xarici siyasət doktrinasının əsas prinsiplərini təşkil edib. Azərbaycanın bütün qonşuları, o cümlədən Rusiya ilə münasibətləri də məhz bu prinsiplər üzərində qurulub.
Bu səbəbdən də avqustun 18-də Rusiya Prezidenti Vladimir Putinin səfəri dövlətlərimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun bir daha təsdiqidir. Səslənən bəyanatlar, verilən bəyanatlar ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisi hesab etmək olar.
Əvvəla, ondan başlayaq ki, regionun ən böyük ölkələrindən biri olan Rusiya ilə ölkəmiz tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Dünyanın aparıcı dövlətləri sırasına daxil olan Rusiya BMT TŞ-nin 5 daimi üzvündən biridir və çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlayır. İki ölkə münasibətləri uzun tarixə və kompleks xarakterə malikdir. Bu il münasibətlər illərdir yüksələn xətlə inkişaf edib və son illərdə də yeni mərhələyə qədəm qoyub. İmzalanan müqavilələr, sazişlər və razılaşmalar bu əlaqələrin müxtəlif yönlərini əhatə edir və hər iki ölkənin strateji maraqlarına xidmət edir. Siyasi münasibətlərdə əhəmiyyətli irəliləyişlər olub, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin gücləndirilməsinə və regionda sabitliyin təmin edilməsinə yönəlib. Bu görüşlər çərçivəsində tərəflər regionda təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərini müzakirə olunub, Qarabağ münaqişəsinin həlli istiqamətində birgə səylər göstərilib.
Şübhəsiz ki, münasibətlərin strateji önəm kəsb etməsində Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasətin mühüm rolu var. Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələri həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Rusiya Prezidentinin səfəri hər mənada tarixi və əhəmiyyətlidir.
Əvvəla, səfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bir dövrdə baş tutur. Hazırda da Qarabağın dirçəldilməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün genişmiqyaslı proqramlar həyata keçirilir. Ən əsası Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması da son mərhələdədir. Rusiya Prezidenti də bu gün Bakıda bəyan etdi ki, ölkəsi Bakı ilə İrəvan arasında nizamlanmada hər iki tərəf üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırdır. O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevlə danışıqların nəticələrini Azərbaycana səfərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla müzakirə edəcək. Putin bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar. Bu da artıq onu deməyə əsas verir ki, Rusiya iki ölkə arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır.
İkincisi, Rusiya ilə Azərbaycan arasında münasibətlər 2022-ci ilin əvvəlində imzalanmış Bəyannamə əsasında inkişaf etdiyini bəyan edir. V.Putin də bəyan edib ki, “Bəyannamə uğurla həyata keçirilir. Bu ilin aprelində Moskvaya səfəriniz ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verib”. Bu nədən xəbər verir? Rusiya Azərbaycanla ikitərəfli münasibətlərin inkişafını gücləndirməkdə maraqlıdır. Rəsmi Moskva Azərbaycanın regionda gücü və mövqeyini anlayır və siyasətini də bu istiqamətdə qurur.
Üçüncüsü, ölkələr arasında ticari-iqtisadi əlaqələri bundan sonra daha uğurla inkişaf edəcək. V.Putin 4 milyard dollarlıq ticarət-iqtisadi göstəricini yaxşı rəqəm hesab etsə də, bunun bizim imkanlarımızın potensialına uyğun gəlmədiyini xüsusi vurğulayıb. Bu da onu deməyə əsas verir ki, gələcəkdə bu rəqəm artacaq. Əlavə edib ki, “burada təkcə energetikadan deyil, həm də sənaye kooperasiyalarından, nəqliyyat logistikasından, yüngül sənayedən danışmaq olar. Bizim birgə iş üçün çoxsaylı istiqamətlərimiz var”.
Dördüncüsü, Rusiya lideri növbəti dəfə Azərbaycanın tolerant, bütün xalqlara və millətlərə eyni cür yanaşıldığını xüsusi qeyd edib. Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycanda yaşayan bütün xalqların hüquqlarının qorunub saxlanılmasını xüsusi qeyd edib. Bildirib ki, Rusiya Azərbaycanda rus dilinin inkişafına göstərilən diqqətə böyük əhəmiyyət verir və buna görə minnətdarlığını bildirir. “Azərbaycanda rus dilində 300 məktəb, aparıcı ali məktəblərimizin filialları fəaliyyət göstərir. 1000 azərbaycanlı gənc Rusiyanın aparıcı ali məktəblərində təhsil alır. Biz bu qarşılıqlı əlaqəni genişləndirməyə hazırıq”, - o vurğulayıb.
Dövlət başçısı Rusiya mədəniyyətinin ölkəmizdə təmsil olunmasından da danışıb: “Yeri gəlmişkən, bu ilin iyununda Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirilib. Bu işin təşkilinə görə sizə təşəkkür edirik”.
Səfərin ən mühüm cəhətlərindən biri də ölkələrimiz arasında regionlararası, siyasi, ticari-iqtisadi əlaqələr, o cümlədən enerji sektoru uğurla inkişafıdır. Rusiya siyasi rəhbərliyi Azərbaycana ən mühüm strateji tərəfdaş kimi baxır.
Yeri gəlmişkən, Azərbaycan və Rusiya arasında geosiyasi münasibətlər regionda mövcud güc balansının qorunmasında vacib rol oynayır. Xüsusilə, Qafqaz və Xəzər regionu bu ölkələrin maraq dairəsinə daxildir. 2024-cü ildə Rusiya və Azərbaycanın bu regionlardakı maraqları çərçivəsində bir sıra vacib razılaşmalar imzalanıb. Bu razılaşmalar Xəzər dənizinin hüquqi statusu, enerji ehtiyatlarının istifadəsi və nəqliyyatı kimi mühüm məsələləri əhatə edir.
2024-cü ildə Azərbaycan, həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİCS kimi beynəlxalq platformalarda fəal iştirakını davam etdirib. Rusiya ilə birgə fəaliyyət bu təşkilatlarda Azərbaycanın geosiyasi rolunu daha da gücləndirib. Xüsusilə, Azərbaycanın ŞƏT çərçivəsində Rusiya ilə əməkdaşlığı regionda sabitliyin qorunmasına və iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edib.
İqtisadi sahədə Azərbaycan-Rusiya əlaqələri dərin və müxtəlif yönlüdür. 2024-cü ildə hər iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb enerji, kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində yeni layihələr həyata keçirilib. Azərbaycan və Rusiya arasında imzalanan iqtisadi sazişlər və müqavilələr, təkcə ikitərəfli əlaqələri deyil, həm də regionda iqtisadi inteqrasiyanı gücləndirir.
Azərbaycanın Rusiya ilə enerji sahəsində əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Neft və qaz sahəsində imzalanan yeni müqavilələr, xüsusilə də Xəzər dənizindəki yataqların birgə işlənməsi, hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixracı və idxalı sahəsində əməkdaşlıq da 2024-cü ildə genişlənib.
Hərbi-texniki əməkdaşlıq Azərbaycan və Rusiya münasibətlərində mühüm yer tutur. 2024-cü ildə bu sahədə bir sıra yeni müqavilələr imzalanıb. Bu müqavilələr çərçivəsində Azərbaycan Rusiyadan müasir hərbi texnika və silah-sursat alıb, eyni zamanda hərbi təlim və kadr hazırlığı sahəsində əməkdaşlıq gücləndirilib.
Bu əməkdaşlıq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına və regionda təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Azərbaycan öz müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün Rusiya ilə hərbi-texniki əlaqələrə böyük önəm verir.
2024-cü ilin noyabr ayında keçiriləcək COP29 konfransı Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Rusiya ilə birgə bu qlobal iqlim təşəbbüsündə fəal iştirak etmək Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə beynəlxalq səviyyədə mövqeyini gücləndirir. COP29 çərçivəsində Azərbaycan və Rusiya enerji səmərəliliyi, yaşıl texnologiyalar və iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində əməkdaşlığı müzakirə ediblər.
Digər bir məsələ də ondan ibarətdir ki, Azərbaycan tək Rusiya ilə deyil, onunla problemlər yaşayan Ukrayna ilə də münasibətləri qoruyub saxlayır. Təsadüfi deyil ki, Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır və Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir. Təklif ilk növbədə Avropa İttifaqı və Ukrayna tərəfdən səsləndirilib. Təsadüfi deyil ki, ukraynalı ekspertlər də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə gətirir və Prezidenti İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd edir, bunu yüksək qiymətləndirirlər. Azərbaycan dünyada dialoq məkanı kimi tanınır, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində onun imkanlarından istifadə oluna bilər.
Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, Azərbaycan bütün qonşuları ilə heç bir fərq qoyulmadan mehriban, hərtərəfli münasibətlərin qorunub saxlanmasına yönəlik siyasətini davam etdirəcək. Ən əsası qeyd olunanlar aparılan siyasətin düzgün və praqmatik olduğunu bir daha təsdiqləyir.(Report)