Azərbaycanın hazırda ən böyük mənfəətlə işləyən bankı «Kapitalbank»ın səhmləri «qara bazarda» kəskin bahalaşıb.
Bu barədə FED.az-a qiymətli kağızların ticarəti ilə məşğul olan şəxslər bildirib. Hazırda «Kapitalbank»ın səhmlərinin qiyməti 65-70 manata yüksəlib, amma səhmlərə bu qiyməti təklif edən olsa da, satış edən demək olar ki, yoxdur. Xatırladaq ki, «qara bazar»dakı qiymət bankın səhmlərinin nominal qiymətindən 5 dəfə artıqdır – nominal qiymət 12,39 manatdır.
«Kapitalbank»ın səhmlərinin sürətli bahalaşması bankın davamlı olaraq mənfəətlə işləməsi və dividend ödəməsidir.
FED.az xatırladır ki, «Kapital Bank» 2019-cu ili 134,7 milyon manat mənfəətlə başa vurub (BANKLARIN TAM SİYAHISI).
Bankın səhmdarlarının 1 aprel 2020-ci il tarixində keçirilmiş ümumi yığıncağının qərarına əsasən 10 aprel 2020-si il tarixindən etibarən bankın 31 mart 2020-ci il tarixinə olan səhm sahiblərinə dividendlərin ödənilməsinə başlanılacaq.
FED.az-ın əldə etdiyi məlumata görə, toplantıda «Kapital Bank»ın hər səhminə 4,6 manat dividend ödənilməsi qərara alınıb. Başqa sözlə, səhmlərin nominal qiymətini nəzərə avlanda, dividend üzrə gəlirlik 40%-ə yaxındır.
«Kapital Bank»ın nizamnamə kapitalı 185 milyon 850 min manat təşkil edir. Bankın 15 milyon səhmi olduğunu nəzərə alanda səhmdarlara ümumilikdə 69 milyon manat dividend ödəniləcək.
Səhmlərin 14 milyon 980 min 163-ü və ya 99,87%-i «Paşa Holdinq»ə məxsusdur. Başqa sözlə, dividendin 68 milyon 910 min manatı «Paşa Holdinq»ə, 90 min manatı digər səhmdarlara ödəniləcək.
Pandemiya şəraitinə baxmayaraq bank bu il də böyük mənfəətlə işləyir və 2020-ci ili böyük mənəfətlə başa vurması gözlənilir. Belə ki, təkcə bu ilin ilk yarısında «Kapitalbank» 170 milyon manat xalis mənfəət əldə edib (BANKLARIN TAM SİYAHISI). İlin sonunadək isə bu rəqəmin 217 milyon manatı keçəcəyi bildirilir.
Qeyd edək ki, «Kapitalbank»ın səhmlərinin 14 milyon 980 min 163-ü və ya 99,87%-i «Paşa Holdinq»ə məxsusdur.