AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Könlüm keçir Qarabağdan...

  • + A
  • - A
  • 30-08-2020, 22:00

    Könlüm keçir Qarabağdan...


    Xanəndə yanıqlı səslə “Qarabağ şikəstəsi” oxuyur. Mətni bayatılardan ibarət olan bu şikəstədə Vətənə, torpağa sevginin doğurduğu hisslərdən şikayət, həsrət, iztirab duyulur. Sonra bir-birinin ardınca “Rast”, “Şur”, “Segah”, “Çahargah”, zərb muğamları –“Heyratı”, “Arazbarı”, “Səmayi-şəms”, təsniflər, xalq mahnıları səslənir. İstər ifa olunan muğamlar olsun, istərsə bəstəkar mahnıları Qarabağın füsunkar gözəlliyini dinləyicilərin gözü qarşısında canlandırır. İşğal olunmuş torpaqlar Vətən tarixinin qanlı-qadalı səhifələri kimi bir-bir vərəqlənir, könüllər sızıldayır, gözlər yaşarır. Xəyal insanı doğma Azərbaycanın Qarabağlı günlərinə aparır.

    Azərbaycan musiqisinin beşiyi adlanan Qarabağın təbiəti və təbii ehtiyatları, zəngin mədəni sərvətləri qərinələr boyu onu Qafqazda nadir məkana çevrilmişdir. Bəlkə də ona görədir ki, bu gözəl diyarı erməni faşist ünsürləri uzun müddətdir ki, işğal altında saxlayırlar. Fəqət, hələ 19-cu əsrdə zərb muğamı kimi təşəkkül tapmış ”Qarabağ şikəstəsi” ona görə kədərli, yanğılı, əzəmətli və həssas bir formada bəstələnib ki, xalqımız hec zaman Qarabağı unutmasın. Əbəs yerə demirlər ki, “Qarabağ şikəstəsi" Azərbaycanın torpaq şəhadətnaməsidir.

    Muğamın Azərbaycan həqiqətlərinin dünyada isbatlanması baxımından çox önəmli və təsirli vasitə olduğunu Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 15 il əvvəl “Azərbaycan muğamı” layihəsi çərçivəsində nəfis şəkildə nəşr etdirdiyi “Qarabağ xanəndələri” musiqi albomu ilə təsdiq etdi. 12 diskdən ibarət və 24 sənətkarın ifasında səslənən Azərbaycan muğamının Qarabağla sıx bağlılığı artıq əcnəbi iştirakçılarda şübhələrə yer saxlamadı. Yeri gəlmişkən, müxtəlif illərə məxsus olan bu səs yazılarının ilk təqdimat mərasimi 2005-ci ildə UNESCO-nun qərargahında, xoşməramlı səfirlərin illik toplantısında olub.

    Azərbaycana qarşı irəli sürülmüş ədalətsiz torpaq iddiaları nəticəsində başlayan münaqişə, Dağlıq Qarabağ və ətraf rayonların, o cümlədən Qarabağın mədəniyyət mərkəzi hesab olunan Şuşanın erməni işğalçıları

    tərəfindən zəbt olunması muğam sənətinin parlaq nümayəndələrini də məcburi köçkünlərə çevirdi. İşğal zamanı əsrlər boyu yaradılmış mədəniyyət, tarixi və memarlıq abidələri, o cümlədən 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, onlarla musiqi məktəbi dağıdıldı.

    Şuşa Xalça Muzeyi - Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı 1985-ci ildə yaradılmışdı. Muzeydə tarixi Qarabağ xalçalarının nadir eksponatları nümayiş etdirilirdi. Hələ IX-XVI əsrlərdə yaşamış bir çox ərəb tarixçilərinə aid mənbələrdə Qarabağ xalçalarının nəfisliyindən, bu xalçaların Yaxın Şərq ölkələrində böyük şöhrət qazanmasından bəhs edilirdi. Digər muzeylər kimi, Şuşa Xalça Muzeyi də ermənilərin təcavüzünə məruz qaldı. Hərbi əməliyyatlar zamanı muzeydən bir sıra eksponatları çıxarmaq mümkün olub və bu eksponatlar hazırda Bakıdakı Azərbaycan Xalça Muzeyində saxlanılır.

    Qarabağın əzəli Azərbaycan ərazisi olmasını təsdiqləyən qeyri-maddi mədəni nümunələr isə yetərincə çoxdur. Mənəvi istehkam olan Şuşa şəhəri son dərəcə təmiz havası, gözəlliyi, İsa bulağı, Turşsu, Səkinə bulağı, Soyuq bulaq, Yüz bulaq, Qırx bulaq, Çarıq bulaq və başqa nadir bulaqları ilə də məşhur idi. Azərbaycanın ən məşhur at cinslərindən olan Qarabağ atları Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 30 ilə yaxındır min illər boyu yaşadıqları mühitdən didərgin salınmışdır. Vaxtilə Cıdır düzündə Qarabağ atlarının cıdır yarışları keçirilərdi ki, bu yarışlara baxmaq üçün dünyanın müxtəlif yerlərindən səyyahlar, tarixçilər, tacirlər, dövlət xadimləri Şuşaya gələrdilər. Burada, həmçinin dünyada məşhur olan Polo oyununa bənzər Azərbaycanın qədim atüstü oyunu olan Çövkən yarışları da keçirilərdi. Məhz bunun nəticəsidir ki, Qarabağ atı ilə oynanılan Çövkən oyunu 2013-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi.

    Qarabağın Azərbaycan mədəniyyətində oynadığı rol çox böyükdür. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun nəşri olan “Qarabağ: folklor da bir tarixdir” 4 cildlik kitabı da Azərbaycanın

    ayrılmaz hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlayaraq onun qeyri-maddi mədəni irsini təbliğ edir.

    Bu gün “Qarabağın tarixi haqqında qısa məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri” nəşrləri də bütün dünyanı dolaşır. Şübhəsiz ki, tarixi həqiqətləri əks edirən bu nəşrlər, həmçinin Azərbaycan musiqisi, muğamı Azərbaycanın qədim mədəniyyət beşiyini işğal altında saxlayan erməni faşizminə qarşı nifrət hissi oyadır.

    Hətta ermənilər özləri də yaxşı bilirlər ki, tarix boyunca "böyük dövlətlərin maşası'' rolunu oynayaraq bütün Qafqazda sabitliyi pozmaqla dağıdıcı funksiyanı yerinə yetirirlər. XIX əsrdə bu regiona köçürülən və XX əsrin əvvəllərində öz xüsusi "xidmətlərinə'' görə qədim Azərbaycan torpaqlarında "dövlət payı'' əldə etdikdən sonra da erməni adı Qafqazda separatizmin simvolu kimi tanınır. Erməni separatçılarına şərait yaradan isə ilk növbədə böyük dövlətlərin – güc mərkəzlərinin region ölkələrinə yanaşmasında ikili standartların mövcudluğudur. 1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin qanunsuz olaraq Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları mövcuddur. KİV-də yayılmış məlumatlarda bildirilir ki, Qarabağ ASALA və PKK terror təşkilatları üçün narkotik ticarəti üçün əsas bazaya çevrilib. İşğal olunmuş Qarabağda terrorçuların yerləşdirilməsi, orada narkotik maddələrin yetişdirilməsi bütün dünya üçün təhlükəlidir.

    Bütün bunlara baxmayaraq bu gün istər hərbi müstəvidə, istərsə də diplomatik sferada üstünlük Azərbaycanın tərəfindədir. Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində dediyi kimi: “Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

    Nurəddin MUĞANLI,

    yazıçı-jurnalist
    Könlüm keçir Qarabağdan...
    Könlüm keçir Qarabağdan...
    Könlüm keçir Qarabağdan...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR