AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ümidim Sənsən” İB-nin sədri Fidan Abbaslı - “Yaxşılıqlar paylaşdıqca çoxalır” - Reportaj

  • + A
  • - A
  • 23-08-2021, 09:30

    “Ümidim Sənsən” İB-nin sədri Fidan Abbaslı - “Yaxşılıqlar paylaşdıqca çoxalır” - Reportaj

    “Hər insanda ürək var, amma hamı ürəkli deyil, bəli, Yaxşılıqlar paylaşdıqca çoxalır” – bu sözləri Azadmedia.az-ın Redaktoru Ülkər Piriyevanın "İşgüzar Azərbaycan xanımı" layihəsinin qonağı “Ümidim Sənsən” sosial inkişafa yardım ictimai birliyinin sədri Fidan Abbaslı deyib.

    Fidan xanım Xoş gəldiniz!
    Xoş gördük!

    Özünüzü təqdim edərdiniz, Fidan xanım deyəndə ilk ağla gələn..
    Abbaslı Fidan Zahir qızı.
    Fidan xanım deyəndə, ilk ağla gələn - Xeyriyyəçi xanım..
    Ailəliyəm, 3 oğul anasıyam. Artıq 16 ildir ki, uşaq bağçasında tərbiəçi olaraq olaraq işləyirəm. 4 ildir ki, sosial işlərlə məşğulam. Həm də, “Ümidim Sənsən” sosial inkişafa yardım ictimai birliyinin sədriyəm.



    Bir cümlə ilə ilə özünüzü ifadə edərdiniz..
    Təmənnasız iş görməyi sevən xanım.

    İxtisasınız, işiniz və iş əsnasında başınıza gələn maraqlı hadisələr..
    II Qarabağ müharibəsi..

    İxtisasca Filoloqam. Hazırda, Ərkivan qəsəbəsi uşaq bağçasında çalışıram. Uşaqlarla aramda çox güclü bağ yaranıb. Deyərdimki, onlar çox məsumdurlar. Onlar bağçada az bir müddət qalır, sonra orta məktəb təhsilləri başlayır. Ancaq təlim tərbiyə verdiyim uşaqlar hər dəfə bağçanı bitirdikdə, mən də onlarla birlikdə ağlayıram. Yaşımın üzərinə yaş gəldikcə də, yeni uşaqlar gəlməyə davam edir. İndi də eyni yerdə işləriyəm. Özümü uşaqların içində çox yaxşı hiss edirəm. Onları sevindirməyi olduqca xoşlayıram.
    Üstəlik İB-min işləri olduqda, iş əsnasında uşaqları gördükdə yaranan sevincim məni heç də təəccübləndirmədi. Çünki bütün bunlar bağçadakı ilk işimdən irəli gəlirdi. Uşaqlarla olan gözəl təmasımızdan.



    “Ümidim Sənsən” İB. 4ildir fəaliyyətdəsiniz. Ümumiyyətlə, bugünə qədər həyata keçirdiyiniz layihələrin bir neçəsini bizimlə bölüşərdiniz. Hansı özəl və dövlət təşkilatları ilə qarşılıqlı işləyirsiniz?
    Deməli, ilk olaraq təşkilatımız 2018-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və Masallıda 5-6 QHT qeydiyyatdan keçibsə, onlardan biri də Ümidim Sənsən İB-dir.
    Amma mən bundan öncə, Ümidim Sənsən xeyriyyə icması yaratmışam ki, öz şəxsi ofisim var. Bu ofis də 4,5 ildir ki fəaliyyət göstərməkdədir. Fəaliyyətimiz ondan ibarətdir ki, biz istifadəyə yararlı geyimləri bir yerə toplayırıq. Sonra da ehtiyacı olan ailələrə veririk. Oraya gələn ailələrin problemlərini dinləyirik, onlara lazım olan dərman və başqa şeylərdə, eləcə də, təhsillə bağlı bazi problemlərdə dəstəyimizi göstərir və ya yönləndiririk gücümüz çatan yerlərə.

    Devizimiz budur – “Yaxşılıqlar paylaşdıqca çoxalır.”


    Bu devizimizlə biz paylaşırıq, insanlara yardım əlimizi uzadırıq.
    Həmişə el içində Xeyriyyəçi dedikdə, ən çox gözümüzdə imkanlılar canlanır.



    Lakin mən bunun tamamilə əksinə olan insanam. Yəni imkanım sadəcə ailəmə yetəcək qədərdir. Mən bütün xeyriyyə işlərini imkanlı, xeyriyyəçi, yardımsevər insanların sayəsində edirəm.
    Bu xeyriyyə işlərində sizə dəstək olanların bir neçəsinin adlarını sadalayardınız.
    Bizə adətən yardım edən insanlar..
    Doğrudan da deyirlər ki, hər insanda ürək var, amma hamı ürəkli deyil. Adətən, bizə qoşulan könüllü yardım sevərlərimiz çoxdur.
    Məsələn, bir müəllimdir gəlib bir müraciət edir ki, ehtiyacı olan ailənin övladına mən pulsuz dərs keçərəm. Dil öyrədərəm.
    Və ya ustadır, gəlib deyir ki, bir kasıb ailənin evini mən təmir edərəm. Belə əməyi sevən insanlara olan simpatiyam daha güclüdür, nəyinki imkanlı adamlar bizə gəlib yardım edəndə. O insanların hər birinin birliyi məni daha çox cəlb edir. Mən elə insanlarla işləyirəm ki, görürəm doğrudan da, onlar təmənnasız iş görməyi sevirlər.



    Biz II Qarabağ müharibəmiz dövründə - 44 gün ərzində çox çalışdıq. Müharibəni həmişə tarixdən oxuyurduq.
    Ancaq canlı görməmişdik. Biz necə fədakar xanımlarımızı, oğullarımızı gördük. Onlarla canlı ünsiyyətdə olduq.
    Müharibə dönəmində işiniz əsnasında maraqlı nələrlə qarşılaşdınız..
    Əslində o dönəmdə yaşadıqlarımızı heç vaxt unuda bilmərik.

    O dönəm, mən elə ailələrə baş çəkdim ki, ana vardı onun övladı yaralı idi, lakin ana bilmirdi. Ancaq mən bilirdim..
    Ofisimə ailə qurmayan subay qızlarımız öz cehizlərini gətirdilər ki, vətən keşiyini çəkən qəhrəmanlarımıza göndərək deyə.. Elə vaxt olmuşdu ki, bunların sayı 3-4 qazel olurdu və biz qospitallarımıza göndərirdik. Müharibə bölgəsinə göndərirdik.



    Elə gün olmuşdu ki, mən 14 qazi evinə getdim. Yəni eyni ərazi deyil. Rayonumuzun müxtəlif ərazilərində olan..
    Təsəvvür edin, analarımızın məğrur duruşu – onların sadəcə insan kimi yanlarında olmamıza ehtitacı vardı və olduq da. Müharibə dönəmində, arxa cəbhə olaraq elə xanımlar vardı ki, həyat yoldaşları əsgər gedmişdi, hamilə olanları vardı içində. Bizlər, yardımsevərlərimizin sayəsində onların xəstəxana məsrəflərini və başqa ehtiyaclarını təmin elədik. Əlimizdən gələni edirdik.
    Yəni əməkdaşlığımız əslində bütün insanlarladır. Qapımız hər kəsə açıqdır.

    Ümidim Sənsən İB –lə əlaqə saxlamaq istəyənlərə məlumat verərdiniz.
    Bu mənim bir uşaqlıq arzum olub – xeyriyyə işləri ilə məşğul olmaq.
    Bu yola çıxmışam. Sağolsun ilk növbədə, ailəm mənim arxamdadır. Biz də bu dünyaya qonaq gəlmişik. Allahın verdiyi hədiyyə ömrü mən də istərdim ki, nümunəvi halda yaşayım. Bundan sonrakı nəsillərə nümunə olaq.



    İlk növbədə qeyd etmək istərdim ki, işimizdəki ən əsas nüans “aşkarlıq”dır. Bizə maddi yardım edən insan da bilir ki, kimə getdi yardımı. Çünki hər işi paylaşırıq. Başlıca nüans aşkarlıqdır. Biz, bu gün bütün şəhidlərimizin ailələrinə onların doğum günlərində onları yad etməyə gedirik, şəkil xatirinə yox, o ananın əlindən tuturuq. O şəhid evləri bizim ocaqlarımızdır, sanki. Biz o evdə şəhid anasına sarılırıq, onun əlindən tutur, o şəhidlərin ruhunu biz hiss edirik. O anaya az da olsa, təsəlli olmağa çalışırıq. Mənəvi olaraq bütün bunlar olduqca çətindir.

    Yeni il ərəfəsində Masallı rayonunda 56 şəhidimizin hər birinin övladına yeni il hədiyyəsi apardım. Eləcə də, Novruz Bayramı ərəfəsində də. Həsirdən toxunmuş Zənbillər hazırladıb məhz, onlarda onların övladlarına hədiyyələr apardım. 1 İyun uşaqlar günü ilə bağlı da şəhidlərimizin övladlarını öz anaları ilə birlikdə ekskursiyaya apardım. Məqsədimiz mənəvi olaraq hər zaman onların yanında olmağımızdır.



    Əli Kərimlinin “Qaytar Ana Borcunu” şeiri mənim əzbərimdir.
    “Ürəyində ağlayıb gülmək öyrətdi ona” – bizlər də o övladların gözlərində o gülüşü, o sevgini, o sevinci görmək istəyirik. Az da olsa, sevindirməyə çalışırıq.

    Qız uşaqlarının gözləri bayramlarda hər zaman qapıda olar. Atam gələcək deyə.
    Ailə qursa da, uşaq olsa da. .



    Bizim o şəhid ailələrimizə - analara, xanımlarına Allahdan dözüm, iradə, səbr diləyirəm.
    Onların o cür mətin duruşu bizdən sonrakı nəsillərə bəs edir.
    Onların oğulları, qardaşları, həyat yoldaşları bizim və gələcək nəsillərin rahat yaşaması naminə canlarından keçdilər. Onlarla biz hər zaman fəxr edirik, fəxr edəcəyik də!



    Pandemiya işinizə necə təsir göstərdi?
    Belə deyim – öz aramızda mənə və komandamıza "Pandemiya Qəhrəmanları" adı veriblər.
    Axı mən pandemiya dönəmində demək olar ki, evdə olmurdum, hətda elə vaxt olub ki, evdəkilər yığıb deyirdilər ki, istəyirsən evə gəlmə, virus keçə bilər..
    Səni onsuzda sosial şəbəkədə görürük..
    Pandemiya dönəmində iş yerləri dayandı deyə, mən daha çox insana yardım əli uzada bildim. Bütün gücümü ailələrə verdim. Spirt, maska, geyim, ərzaq tədarükü, bütün bu işlərimiz daha da artdı.



    Millət vəkilimiz Məşhur Məmmədovla sıx əməkdaşlığımız oldu. Onun göndərdiyi yardımlarla biz demək olar ki, xeyli sayda ailəyə dəstək olduq. Həm də Masallı Təhsil Fondunun səkkiz üzvündən birisiyəm.

    Burada olduğuma da çox şadam. Bu fonda üzv oldum, yaxud olmadım, istərdim ki, Masallı Təhsil Fondu hər zaman yaşasın yaşadılsın, təbii ki, başda Məşhur müəllim olmaqla. O, o qədər təvazökar insandır ki, hər zaman belə qeyd edir – “Mənim adımı yardımlarda çəkməyin”.



    O həm millət vəkili olduğu dönəmdə, həm də ondan öncə hər zaman rayonumuzda gözəl işlərə imza atıb.

    Həqiqətən çox sevinirik, pandemiya vaxtı güc birlikdədir deyib, bu yola çıxdıq. Müharibə də oldu, pandemiya da oldu, lakin 2020 Azərbaycan xalqı üçün Zəfər ili oldu.


    Bölgələrimizdə gender bərabərliyi ilə bağlı fikirləriniz – bu barədə xüsusilə, Masallı rayonu ilə bağlı düşüncələrinizi bölüşərdiniz.
    Masallıda bilirsiniz ki, elə əvvəldən erkən nikahlarla bağlı bizim problemlər hər zaman olub. Hərçənd ki, müəyyən statistika tam məlum deyil.
    Özümün bununla bağlı “Erkən Nikah çarə deyil” adlı layihəm olub.
    Biz bunu beş ərazidə həyata keçirmişik. Pandemiya ərəfəsinə düşsə də belə, biz şəxsən ailələrlə görüşmüşük. Onlara başa salmışıq ki, təkcə qızınız o demək deyil ki məktəbdə təhsil almalıdır, ali məktəb oxumalıdır, əgər bu da mümkün deyilsə, müəyyən peşəyə də yiyələnə bilər. Erkən nikahın fəsadlarını istər həkim, istər psixoloqlarımız vasitəsilə anlatmağa çalışmışıq. Hətda evdəki xanımlar bu fikirlərimizlə tamamilə razılaşıblar, çox da gözəl qarşılayıblar.



    Çox istərdim ki, gender bərabərliyi ilə əlaqədar olan təşkilatlarımız sadəcə adla deyil, həm də qapıları ilə vətəndaşların üzünə açıq olsunlar. Yəni çarəsiz qalan hər hansı bir qadınımız gəlib saatlarla bir ofisin qapısında qalmasın. Sən ora bir əlaqə telefonu qoy – bir sözlə, əlçatan ol!
    Dəfələrlə olub ki, neçə ananı öz övladını uşaq evinə qoymaqdan çəkindirmişəm.

    Ofisinizin ünvanı bildirərdiniz.
    Ərkivan-İskəndərli yolu üzərində yerləşir, İsti suya gedən yolun üzərindədir. Ümidim Sənsən İB - Ümidim sənsən.az saytı - əlil qadınlar və online platformasının yaradılması olub. Bu iki layihənin qalibi olmuşam.

    Hobiləriniz ..
    Hobilərim kitablarla bağlıdır – Kitabları online olaraq təbliğ edirik.
    Məsələn Ərkivandakı məktəblərə 28 May Respublika Günü ilə bağlı 200 kitab payladıq. Doğrudan da, builki uşaqların coşğusu tamailə başqadır. Yəqin ki, bu pandemiya dövrü ilə bağlıdır. Hər zaman özüm də uşaqlara yeri gəldikcə qeyd edirəm, hər zaman evinizdə kiçik də olsa bir kitabxananız olsun və bunları zaman gəldikcə oxuyun və paylaşın. Pandemiya dönəmində uşaqlar bizim ofisə ancaq kitab aparmağa gəlirdilər. Uşaqlarımız meyllidirlər kitab oxumağa.



    Masallı rayonu Kitabxanasının fəaliyyətindən razısınızmı?
    Xeyr, razı deyiləm, çünki əlçatan deyil.
    Yəni mərkəz sayılmır bizim üçün.
    Təklif edərdim ki, Masallıdakı kitabxana səyyar kitabxana olsun, əlçatan olsun. Biz hər hansı bir kənddən oraya gəlmək üçün 4-5 manat yol pulu verib gəlib o kitabı aparmalıyıq. Bir aydan sonra da onu gətirməliyik. Kitablar əlçatan olmalıdır. Kitabxanaya gələndə də bilməliyik ki, saat neçədən neçəyə açıqdır və s..



    İş qadını üçün xarici dili bilmək vacibdirmi, Masallıda bu balans sizcə, necədir, bəs, özünüz neçə xarici dil bilirsiniz?
    Mən Masallıda son illərdə olduqca çox inkişaf görürəm. Xanımlarımızın meyli təhsilə daha çoxdur. Demək olar ki, oğlanlarımız da belə təhsilli xanımlara üstünlük verirlər. Hətda bunu etiraf edən bəylər də olub – məsələn, bir vəkil etiraf edib ki, mən təhsilli xanımla evləndim.

    O işləməyərək də, ailəmizə xeyir verib. Necə olduğunu soruşduğumuzda, cavabı belə olub – xanımım evdə öz övladımıza dərslərində dəstək olaraq maddi cəhətdən ailə büdcəmizə qatqısı olub.

    Digər tərəfdən, gözdə olan xanımlarımızın işi daha çətindir – iş dünyasının xanımı oldunsa əgər, heç bir bəhanəyə yer yoxdur. Sən mütləq baxımlı və nümunəvi, planlı olmalısan.

    Valideyniniz jurnalist Zahir Əmənov rayonun nümunəvi şəxslərindəndir. Zahir müəllim kimi bir valideynin övladı olmaq da, zənnimcə daha başqa bir məsuliyyət tələb edir. Atanıza ürək sözünüz..
    Qeyd edim ki, mən atamla dostam. Əslində kimsə yanımda tənqiddən danışanda, bildirirəm ki, yetər, çünki mən 35 ildir ki, bir tənqidin içindən gələn insanam. Həqiqətən də, atanın işinə yaxın bir işdə çalışmaq gözəl bir hissdir.



    Ondan nəsə nümunə götürmək özü də fərəhləndirir, insanı. Anamın da yaşım qədər stajı var. 35 ildir ki, uşaq bağçasında müdür olaraq işləyir. Günümün yarısını atamla, yarısını isə anamla çiyin-çiyinə işləyirəm. Onların sağ əliyəm. Buna görə, özümü xoşbəxt hiss edirəm.
    İnsanları da xoşbəxt edə bilirəm, işimlə təbii ki. Bu da məni xoşbəxt edir.

    3oğul anası olmaq necə bir hissdir?
    Gözəl bir hissdir. Övladlarımla yaxın dostam. Tədbirlərimdə mənə yaxından dəstək olurlar. Çox istərdim ki, onlar elə bizdən örnək götürsünlər. Turan Əlisoy, Aydın Əlisoy, Güney Əlisoy. Adlarını ataları qoyub. Çünki ad qoymaq olduqca məsuliyyətli işdir. Allah hər kəsin övladını qorusun və xoşbəxt eləsin.
    3 oğul – 3 əsgər deyək. Onlar hətda mən evdən çıxanda, balaca oğlum deyir ki, yenə əsgərlərimizə gedirsən. Deyirəm hə. Onlar da mənimlə çiyin-çiyinə çalışırlar.
    Hətda ən birinci aksiyamda övladlarımın geyimlərini qoymuşdum. Artıq onlar özləri bölüşürlər. Bunu sevirlər.



    Ali Baş Komandanımıza və Qəhrəman Ordumuza ürək sözləriniz..
    Bu gün bütün nümunəvi hər şey öz ölkəmizdədir.
    Məsələn hər ailəyə nəsib olmaz, xanımı dil bilsin, ona dayaq olsun, övladları mənəvi dəstək olsun.
    Biz də o ailədən nümunə götürdük. Bundan böyük xoşbəxtlik nə olar ki..



    Azadmedia.az – ın "İşgüzar Azərbaycan Xanımı" layihəsinə ürək sözləriniz, təklifiniz..
    Ülkər xanım sizə təşəkkür edirəm.
    Vaxtınızı ayırdınız. Bizlər ilə birlikdə çiyin-çiyinə Şəhid ailələrimizlə dərddil oldunuz.

    Millət vəkili Məşhur Məmmədovun köməkçiləri Mirnizaman Vahabov, Hacı Hekayət Nəzərov və Rəmzi Şahverdiyevlə birlikdə şəhidlərimizi doğum günlərində yad etdik və ailələrinin dərdlərinə az da olsa şərik olduq.



    Bundan əlavə, xəbər portalınıza adı qədər azadlıq arzu edirəm, həm də ki, "İşgüzar Azərbaycan Xanımı" - bu layihəni ona görə uğurlu hesab edirəm ki, ilk növbədə bu layihənin başında sizin kimi uğurlu bir xanım dayanır. Onun məhz, icra edicisi sizsiniz.

    Mən xanımlarımızı belə layihələrdə görəndə çox sevinirəm. Çünki ehtiyacımız olan da məhz, budur.

    Təklifim, Azadmedia.az-la Ümidim Sənsən təşkilatının birlikdə tədbirini təşkil edək. Belə ki, növbəti gəlişinizdə gənclərimizlə ağbirçəklərimizin birgə görüşünü təşkil edək. Fikirlərimizi bölüşək və müzakirə edək. Onlar nə dərəcədə bir-birindən razıdır. [/justify]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR