Vətən müharibəsinin ildönümü ilə əlaqədar rayon Masallı rayonunun Mərkəzi Kitabxanasında tədbir keçirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Sentyabrın 29-da Masallı rayon Mərkəzi Kitabxanasında İkinci Qarabağ müharibəsi mövzusunda tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri iştirak edib.Tədbirdə çıxış edən Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qürur hissi ilə deyə bilərik ki, bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Zəfər olmamışdır.
Sonra kitabxana işçilərindən Arif İbrahimov, Ağahüseyn Hüseyni və Bilqeys Məmmədova çıxış edərək, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücünün, qüdrətinin bariz nümunəsi olan Qələbənin haqqın, ədalətin təntənəsi olduğunu bildiriblər.
Qeyd olunub ki, sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı və 30 ilə yaxın davam edən işğala həmişəlik son qoyuldu.
Güclü Silahlı Qüvvələrimizin əsgər və zabitləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.
Ülkər Piriyeva