Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində müşahidə olunan müsbət irəliləyişlərdən danışıb.
Azərbaycan və Ermənistan arasında münasibətlərdə müsbət dəyişikliklər baş verir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cənubi Qafqazdakı vəziyyəti və iki ölkə arasındakı münasibətlərin dinamikasını şərh edərkən bildirib.
“Bu prosesdə bir sıra müsbət irəliləyişlər müşahidə olunur”, – deyə Ceyhun Bayramov qeyd edib.
Diplomat xatırladıb ki, ötən ildən etibarən Azərbaycan ərazisi vasitəsilə Ermənistana tranzit yükdaşımalarına başlanılıb. 2025-ci ilin dekabrından isə Azərbaycan Ermənistana, o cümlədən neft məhsulları tədarük edir. Hazırda Bakı və İrəvan tədarük olunan məhsulların siyahısının yeni çeşidlərlə genişləndirilməsi ilə bağlı danışıqlar aparır.
“Rəsmi nümayəndə heyətləri və dövlət qurumları arasında təmaslar intensivləşib, vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlər daha tez-tez keçirilir”, – deyə nazir vurğulayıb.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bütün bu addımların sülh prosesinin möhkəmlənməsinə töhfə verdiyini bildirib.
Ceyhun Bayramov, həmçinin Ermənistanda yeni Konstitusiya layihəsinin dərc olunmasına və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin praktiki icrasına başlanılmasına diqqət çəkib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.