Dağlar qoynunda yerləşən Kəlbəcərdəki quruculuq Azərbaycanın gücünün təcəssümüdür

Xanlar Fətiyev,
Milli Məclisin deputatı
Noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsinin 6-cı ili tamam olur. 2020-ci il noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanata əsasən Kəlbəcərin azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, uğurlu diplomatik strategiyasının və Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin məntiqi nəticəsi idi. Ağdamdan sonra Kəlbəcərin də itkisiz azad edilməsi 44 günlük müharibədəki qələbəmizi daha da şərəfləndirdi, 25 noyabr tarixi isə təqvimə Kəlbəcər Şəhəri Günü kimi yazıldı.
Ərazisi dağlıq və meşəlik olan, hər tərəfindən gursulu çaylar axan, zəngin təbii mineralları ilə tanınan Kəlbəcər Azərbaycanın ən dilbər guşələrindən biridir. İstisu mineral bulaqları, füsunkar yaylaqları, qədim alban məbədləri, tarixi abidələri və misilsiz təbiət mənzərələri bu torpağın əvəzolunmaz sərvətlərindəndir. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Lakin yalnız təbii zənginliklərinə və qədim tarixinə görə deyil, həm də strateji əhəmiyyətinə görə Azərbaycanın ən qiymətli bölgələrindən biridir. Bu baxımdan 1993-cü ilin aprel ayında Kəlbəcərin Ermənistan tərəfindən işğal edilməsi ölkəmiz üçün böyük itki idi. O vaxtkı iqtidarın idarəetmədə buraxdığı səhvlərin nəticəsi olaraq Kəlbəcərin işğal edilməsi Qarabağla Ermənistan arasında coğrafi bağlantını gücləndirməklə işğalçıya mühüm strateji üstünlük qazandırmışdı.
Kəlbəcərin işğalı zamanı 511 nəfər mülki vətəndaşımız öldürüldü, 321 nəfər əsir götürüldü və ya itkin düşdü. Məcburi köçkünə çevrilən rayon sakinləri respublikanın 56 rayonunda müvəqqəti məskunlaşdılar. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, yüzlərlə inzibati bina, minlərlə mənzil talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manat dəyərində sərvəti Ermənistana daşınmışdı.
BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsi məhz Kəlbəcərin Ermənistan tərəfindən işğalına görə qəbul edilib. Qətnamədə işğalçı Ermənistanın hərbi qüvvələrinin Kəlbəcərdən və eləcə də Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin beynəlxalq münasibətlər sistemində ikili standartların hökm sürməsi və Minsk Qrupunun erməni təəssübkeşliyindən çıxış etməsi həmin Qətnamənin icra edilməsinə imkan vermədi.
Ermənistanın torpaqlarımızı işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində xalqımız ərazilərimizin azad ediləcəyinə olan inamını heç vaxt itirmədi. O cümlədən kəlbəcərlilər günlərin birində doğma yurda qayıdacaqlarına inandılar. Ordumuzun şanlı zəfəri və torpaqlarımızın azadlığı ilə nəticələnən 44 günlük Vətən müharibəsi bu inamın təntənəsi oldu.
Qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Ordusunun qalibiyyət yürüşünə başladığı istiqamətlərdən biri Kəlbəcər rayonu idi. Kəlbəcərdəki strateji yüksəkliklər döyüşlərin ilk günlərində azad edilmişdi. Məhz bu istiqamətdə əldə edilən strateji üstünlüklər nəticəsində Ermənistan ordusunun hərəkəti iflic vəziyyətinə salınmışdı.
Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Bununla da Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad olundu.
2020-ci ilin noyabrında Kəlbəcəri boşaldan qeyri-qanuni erməni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi.
İşğaldan azad edilmiş digər rayonlarımız kimi bu gün Kəlbəcər də bərpa edilir, dağlar qoynunda yeni həyat başlayır. Xüsusilə qeyd olunmalıdır ki, yenidən qurulan Kəlbəcər şəhəri işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin ən möhtəşəm nümunələrindən biridir. Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. İndiyə qədər isə şəhərdə 162 ailədən ibarət 681 nəfər məskunlaşıb.
Kəlbəcər şəhərinin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Baş plana əsasən 2040-cı ilədək şəhərdə əhalinin 4250 mənzillə təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, 1 reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.
Rayonda Yanşaq, Zallar və Zar kəndlərinin də təməlləri qoyulub və tezliklə bu yaşayış məntəqələri doğma sakinlərini qarşılayacaq.
Kəlbəcər çaylar rayonudur. Təsadüfi deyil ki, rayonun su ehtiyatları elektrik stansiyalarının inşası üçün əlverişlidir. Bu imkanlar nəzərə alınaraq rayonda su elektrik stansiyalarının tikintisi diqqət mərkəzində saxlanılır. İndiyədək Kəlbəcərdə istifadəyə verilən “Kəlbəcər-1”, “Qamışlı”, “Meydan”, “Soyuqbulaq”, “Çıraq-1”, “Çıraq-2”, “Yuxarı Vəng”, “Zar”, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” su elektrik stansiyaları rayonun elektrik enerjisi ilə təminatında böyük rol oynayır.
Mineral bulaqları ilə tanınan Kəlbəcərdə vaxtilə istehsal olunan “İstisu” təkcə Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da sevilən nadir mineral su olub. Kəlbəcərdə aparılan bərpa və quruculuq işləri çərçivəsində təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb. Hazırda illik istehsal gücü 100 milyon şüşə butulkadan artıq olan bu zavodun fəaliyyəti Azərbaycan iqtisadiyyatına, həm də Kəlbəcər və Laçın rayonlarında əhalinin məşğulluğuna mühüm töhfə verir.
Rayonda həyata keçirilən layihələr sırasında Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın yollarının inşası xüsusi əhəmiyyət kəsb edir. Ən müasir standartlar əsasında inşa olunan bu yollar Kəlbəcərin digər rayonlarımızla nəqliyyat əlaqələrinin yaradılmasına, bölgənin iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına və turizm imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Kəlbəcərin bugünkü mənzərəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq siyasətinin real nəticələrini əks etdirir. Vaxtilə düşmən tapdağı altında qalan, təbii sərvətləri talan edilən, tarixi-mədəni irsi dağıdılan bu qədim diyar indi yenidən dirçəlir. Ən əsası, Kəlbəcərə həyat qayıdır, illərlə doğma yurd həsrəti ilə yaşayan sakinlər öz evlərinə dönürlər. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin və dövlətimizin gücünün təzahürüdür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.