Nazirlər Kabineti 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.
Müvafiq dəyişiklik barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Dəyişikliyə əsasən, “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın 11-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:
"Uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişi mediator tərəfindən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına təqdim edilməlidir".
Qeyd edək ki, 11-ci hissə "Mediasiya prosesinin yekunlaşdırılması" adlanır və aşagıdakı bəndləri özündə ehtiva edir:
Əgər tərəflər mediasiya nəticəsində barışıq əldə edirlərsə, mediator tərəflərin xahişi ilə barışıq sazişinin hazırlanmasına kömək edə bilər. Mediator tərəflərin qarşılıqlı razılığı ilə barışıq sazişinin şərtlərini müəyyən edir və tərəflərə bildirir;
Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanılır;
Barışıq sazişi tərəflər və mediator tərəfindən imzalanır;
Barışıq sazişi təmsilçi vasitəsilə bağlanıla bilər. Təmsilçiyə verilən etibarnamədə onun bu səlahiyyətləri xüsusi olaraq göstərilməlidir.
İkinci dəyişikliyə görə, barışıq sazişi "qüvvədə olan qanunvericiliyə" deyil, qanuna zidd olmamalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.