“Yeni Azərbaycan Partiyası - Qüdrətli Azərbaycan naminə” mövzusunda tədbir təşkil olunub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyası - Qüdrətli Azərbaycan naminə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi, Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri iştirak ediblər.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Dilbər İbayeva xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisi olduğunu vurğulayıb. D. İbayeva ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdığını, yeni hədəflər müəyyənləşdirdiyini bildirib.
Daha sonra söz Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayevə verilib.
Qardaş Fətullayev çıxış edərək partiyanın keçdiyi şərəfli inkişaf yoluna nəzər salıb. Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən söz açan natiq Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının uğurla reallaşdırıldığını və dövrün tələbləri baxımından inkişaf etdirilərək bütün sahələrdə möhtəşəm nailiyyətlərin əldə olunduğunu vurğulayıb.
O qeyd edib ki, ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malik olan Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir. Q. Fatullayev Azərbaycanın bugünkü inkişafının, tərəqqisinin hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaratdığını qeyd edib.
Gənlər isə öz çıxışlarında ölkə başçısı, Partiyanın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini, Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə hər bir sahədə fəallıq göstərdiklərini bildiriblər.
Daha sonra Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda xatirə şəkli çəkilib.
Ülkər Piriyeva