Masallı rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, karantin rejimi qaydalarına riayət olunmaqla Masallı rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Belə ki, tədbirdə Mərkəzin kollektivi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin könüllüləri iştirak ediblər.
Tədbirdən öncə faciə qurbanlarının, Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva 20 Yanvar faciəsinin baş vermə səbəblərindən, xalqımızın azadlıq mübarizəsindən danışaraq bu faciəni həm də qəhrəmanlıq tarixi adlandırıb. Qeyd edib ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib.
Qeyd edək ki, tədbirin sonunda Mərkəzin kollektivi və gənc könüllülər 20 Yanvar faciəsinin qurbanlarına həsr edilmiş sənədli film izləyiblər.
Ülkər Piriyeva