AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Ermənistanı məhkəməyə verib: Bakı ilk presedent yarada bilər

  • + A
  • - A
  • 27-01-2023, 10:43

    Azərbaycan Ermənistanı məhkəməyə verib: Bakı ilk presedent yarada bilər


    Azərbaycan Ermənistanı 30 illik işğal dövründə zəbt etdiyi ərazilərdə ətraf mühitə vurduğu ziyana görə beynəlxalq məhkəməyə verib.

    Bu barədə Böyük Britaniyanın nüfuzlu “The Guardian” nəşri məlumat yayıb.

    Məlumatda bildirilir ki, rəsmi Bakı İrəvandan Qarabağın Ermənistan silahlı qüvvələrinin işğalında olduğu dövrdə ətraf mühitin və biomüxtəlifliyin məhv edilməsinə görə kompensasiya tələb edir.

    “The Guardian”ın məlumatına görə, ilk dəfədir ki, hər hansı bir ölkə Bern Konvensiyasına əsasən, dövlətlərarası arbitraj üçün müraciət edir.

    “The Guardian” yazır ki, Azərbaycan qalib gəlsə, biomüxtəlifliyə və ətraf mühitin məhvinə iqtisadi dəyər vermək üçün presedent yaradacaq.

    Beynəlxalq məhkəmə Azərbaycanın iddiası ədsasında ətraf mühitin məhv edilməsinə, o cümlədən meşələrin qırılması və təbiətin çirklənməsinə dair sübutları nəzərdən keçirə, Ermənistandan təzminat ödəməyi tələb edə bilər.

    “Azərbaycan müharibə zamanı ətraf mühitə dəymiş ziyana görə Ermənistanı məhkəməyə verir” sərlövhəli məqalədə “Təbiət haqqında Bern Konvensiyasına əsasən qaldırılan işin müharibə zamanı biomüxtəlifliyin məhv edilməsi üçün presedent ola biləcəyi” vurğulanır.

    Azərbaycan iddiada bildirib ki, ərazilər işğaldan azad olunarkən yaşayış yerlərinin dağıdıldığı və növlərin zədələndiyi, təbii ehtiyatların tükəndiyi, biomüxtəlifliyin məhv edildiyi aşkarlanıb.

    “The Guardian” qeyd edir ki, bu iddia “iki dövlət arasında daha geniş diplomatik münaqişənin tərkib hissəsidir”.

    Britaniyalı jurnalistlərin fikrincə, Azərbaycan geosiyasi nöqteyi-nəzərdən Avropa və Asiya arasında əsas strateji mövqe tutur, eyni zamanda müxtəlif bitki və heyvan növləri üçün bioloji kəsişmə nöqtəsidir.

    Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal zamanı nadir, nəsli kəsilməkdə olan və endemik növlərin, o cümlədən Qafqaz bəbiri, qonur ayı, boz canavar, çöl qartalı, eləcə də daha böyük xallı heyvanların yaşadığı meşələrin böyük hissəsinə ziyan vurulub.

    Nazirlik 7000 hektardan çox (17,000 akr) qorunan meşələrin məhv olunduğunu qeyd edb. Bu qoruqların bəziləri nadir və kövrək ekosistemləri, məsələn Bəsitçay vadisində şərq çinar meşəsini mühafizə etmək üçün yaradılmışdı.

    Müharibə zonasında təxminən 2000 illik ağacların kəsildiyi bildirilir. Onlar mikroiqlimin tənzimlənməsində və biomüxtəlifliyin qorunmasında mühüm rol oynamaqla yanaşı, mühüm mədəni əhəmiyyət də kəsb edirdi.

    Həmçinin vurğulanır ki, BMT-nin Ətraf Mühit Proqramının ötən il Azərbaycan üçün hazırladığı hesabatda qiymətli kənd təsərrüfatı torpaqlarına və su idarəetmə sistemlərinə ciddi ziyan vurulduğu qeyd olunub.
    Bildirilir ki, Çardaqlıda kömür hasilatı və karxanalar lazımi ekoloji nəzarət olmadan işləyib ki, nəticədə də kimyəvi çirklənmə baş verib.

    Minaların problem olaraq qaldığı, mal-qaranın və canlıların tələf olmasına, həmçinin yanğınların yaranmasına səbəb olduğu da vurğulanıb.

    Ağır metallar və partlayıcı maddələrin qalıqları torpağı və suyu çirkləndirir.

    Azərbaycan iddia edir ki, Ermənistan bütün vəhşi flora və faunanın saxlanması, yaşayış yerlərinin mühafizəsi və bərpasının təmin olunması, konkret növlərin, o cümlədən köçəri növlərin qorunması ilə bağlı Bern Konvensiyasından irəli gələn öhdəlikləri pozub.

    “Ermənistan qeyri-qanuni işğal zamanı biomüxtəlifliyi və ətraf mühiti qorumaq əvəzinə, onları məhv edib”, - Azərbaycanın xarici işlər nazirinin müavini, Beynəlxalq Ədalət Məhkəməsindəki nümayəndəsi Elnur Məmmədov bildirib.

    Məmmədovun sözlərinə görə, Azərbaycan 18 aydan artıqdır ki, mübahisəni diplomatiya yolu ilə həll etməyə çalışır.

    “Təəssüf ki, Ermənistan Azərbaycanın səylərinə mane oldu və məhəl qoymadı. Ona görə də bizim Ermənistanın ətraf mühitə məsuliyyətsiz şəkildə vurduğu ziyana görə cavab verməsi üçün bu işi başlamaqdan başqa yolumuz qalmadı”.

    Məqalədə deyilir, Ermənistan hökuməti hələ ki iddia ilə bağlı rəsmi açıqlama verməyib.

    “The Guardian” Londonda yerləşən “Clyde & Co” firmasının hüquqşünası Zaneta Sedilekovanın fikrinə istinad edib. Onun sözlərinə görə, bu, "insanlar üçün sağlam ekosistem xidmətlərinə təsir edən işğalçı dövlət tərəfindən biomüxtəlifliyin geniş şəkildə məhv edilməsinə qarşı mübarizənin unikal nümunəsidir".

    İndi hər iki ölkənin arbitrlər təyin etmək üçün üç ay vaxtı var ki, onlar hər hansı zərərin sübutunu nəzərdən keçirəcək və Ermənistanın təzminat ödəyib-ödəməməsi və nə qədər ödəyəcəyinə qərar verəcəklər.

    Azərbaycan təzminat tələb etməklə yanaşı, beynəlxalq tribunaldan Ermənistana ətraf mühitə ziyan vurmaqda davam edən fəaliyyətləri dayandırmağı əmr etməsini istəyir.

    2021-ci ildə Azərbaycan tərəfindən Oxçuçayda aparılan təhlillər suda və çöküntüdə ağır metalların, o cümlədən kadmium, qurğuşun, nikel, dəmir, molibden və sinkin həddindən artıq yüksək konsentrasiyasını göstərib.

    Azərbaycan bir neçə qorunan balıq və suda-quruda yaşayan növlərinin təhlükə altında olduğunu bildirir və problemin Ermənistandakı mis və molibden mədənlərinin tullantı suları, eləcə də məişət tullantıları ilə bağlı olduğunu iddia edir.

    UNEP-in hesabatında qeyd olunub ki, Oxçuçayın çirklənməsi Ermənistanda uzun müddətdir narahatlıq doğurur.

    Bildirilib ki, Ermənistanın ətraf mühit və vətəndaş cəmiyyəti təşkilatları mütəmadi olaraq “çayın ağır metallar və digər çirkləndiricilərlə çirklənməsi ilə bağlı həyəcan təbili çalıblar və erməni alimlərinin araşdırmaları da vəziyyətin pisləşdiyini üzə çıxarıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR