Ankarada futbol üzrə Avropa çempionatı öncəsi turnirin iştirakçı və təşkilatçı ölkələrinin Türkiyədəki səfirləri arasında maraqlı yarış keçirilib.
“Report”un məlumatına görə, Azərbaycan, İtaliya, İspaniya, Polşa, İsveçrə və İngiltərənin səfirləri penalti vurmaq bacarıqlarını nümayiş etdiriblər.
Finalda isveçrəli həmkarı Dominik Paraviçini məğlub edən Xəzər İbrahim yarışın qalibi olub.
Bununla bağlı təəssüratlarını bölüşən səfir Türkiyə millisinin AVRO-2020 çərçivəsində Bakıda 2 oyun keçirəcəyini xatırladıb: “Biz hazırda öz məmləkətimizdəyik. Burada Türkiyə millisinin forması ilə mübarizə apardım. İnşallah, bizim uşaqlar da Bakıda qələbə qazanacaqlar. Çünki “bir millət iki dövlət” şüarı yalnız siyasətdə və mədəniyyətdə deyil, futbolda da var. Türkiyə yığmasını Bakıda 2 oyun gözləyir. Mən İsveçrəni burada məğlub etdim, inanıram ki, bizim uşaqlar da Bakıda qalib gələcəklər”.
Qeyd edək ki,Türkiyə millisi Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. “Ay-ulduzlular” daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.