Hər şeyə rəğmən sosial məsuliyyət həlledici əhəmiyyət kəsb edir
Yeraltı nəqliyyat vasitəsi kimi metropolitendə havalandırmanın təşkili mühüm əhəmiyyət kəsb edir. Ventilyasiya sistemi təbii və süni olmaqla yer səthindən hava kütləsinin metropoliten obyektlərinə daxil və xaric edilməsini nəzərdə tutan prosesdir.
Metropolitendə ventilyasiya üç əsas vəzifəyə xidmət edir: təhlükəsizlik, stansiya və tunel avadanlığının rütubətdən qorunması və sərnişinlərin rahatlığı. Fövqəladə hallarda, ilk növbədə, yanğın və ya tüstülənmə zamanı zərərli maddələrlə çirklənmiş hava ventilyatorların sovurma rejimi ilə stansiya və tunellərdən çıxarılaraq, əvəzinə təmiz atmosfer havası vurulur. Tunellərin, qurğu və avadanlıqların aqressiv geoloji təsirlərdən, ələlxüsus rütubətdən qorunmasında havalandırmanın xüsusi yeri var. Nəhayət, ventilyasiya sistemi tunel və stansiyalarda oksigen miqdarını artırmaqla sərnişinlərin rahatlığının təmin olunmasına xidmət edir.
Metropolitenlərdə bütün bunlar stansiya və tunelləri yer səthilə birləşdirən şaxtalardakı ventilyasiya köşkləri vasitəsilə həyata keçirilir. Bir sözlə, ventilyasiya şaxtaları yeraltı məkanların məcburi və ya təbii hava mübadiləsini təmin edir.
Təbii ventilyasiya havanın öz axını ilə yerüstü səthdən şaxta boyunca xüsusi quraşdırılmış yollar və kanallarla metropolitenə daxil olmasıdır. Süni havalandırma isə xüsusi güclü sənaye ventilyatorları vasitəsilə həyata keçirilir. Hazırda Bakı metropolitenindəki 121 güclü ventilyatorun hər biri texniki cəhətdən saz və işlək vəziyyətdədir.
Qeyd edilənlərlə yanaşı, stansiya qapılarından daxil olan, qatarların hərəkətindən yaranan hava kütləsinin də metropolitendə normal iqlim şəraitinin təmin edilməsində müəyyən rolu var. Son illərdə metropolitendə havalandırma sisteminə baxış dəyişib, köklü yeniliklər gətirilib. Sistemin funksionallığının və səmərəsinin artırılması ilə yanaşı, avadanlıqların yenilənməsi, daha məhsuldar və istismar baxımından sərfəli qurğuların alınmasına diqqət artırılıb.
Metropolitendə havalandırma sisteminin səmərəli işi həm də ventilyatorların iş qrafikinin düzgün təşkilindən asılıdır. Araşdırmalar nəticəsində köhnə qrafikin nəinki səmərəsiz, hətta bəzi məqamlarda əks təsirli olduğu aşkar edilib. 2018-ci ildə iki mərhələli yay və qış qrafiki, 4 mərhələli - yay, payız, qış və yaz qrafiki ilə əvəzlənib. Yeni qrafik stansiyalarda temperatur rejimini, iqlim şəraitinin ən optimal göstəricilərini daha asan şəkildə təmin etməklə yanaşı, iqtisadi səmərəliliyi ilə fərqlənir.
Yeni qrafikin səmərəsini stansiya və tunellərdə mikroiqlim şəraitinin bir neçə aspektdən (havanın hərarəti, rütubət göstəriciləri, axın istiqamətləri, oksigenin miqdarı) aparılan monitorinqlər təsdiq edib. Stansiyalarda vəziyyət barədə əldə olunan məlumatın reallığı tam əks etdirməsi üçün ölçmələr hər stansiyanın 15-20 nöqtəsində aparılır.
Məlumdur ki, yeni tip koronavirus infeksiyası olan “COVID-19”un 2020-ci ilin mart ayından bütün dünyada geniş yayılması səbəbilə pandemiya vəziyyəti elan edilib. Bu virusun özəlliklərindən biri hava yolu ilə bir insandan digərinə keçməsi və qapalı məkanlarda daha sürətlə yayılmasıdır. Belədə metropoliten yoluxmanın böyük risk sahələrindən birinə çevrilir.
Koronavirus infeksiyasının yaratdığı epidemioloji təhlükə ilk günlərdən “Bakı Metropoliteni” QSC-nin xüsusi diqqət mərkəzində olub. 2020-ci il fevral ayının 21-dən metropolitendə əsaslı və cari xarakterli geniş dezinfeksiya işləri aparılır. Bu xüsusda ventilyatorlar dünya metropolitenlərinin təcrübəsinə istinad edilməklə hazırlanmış yeni qrafik üzrə xüsusi iş rejiminə keçirilib. Lakin virusun yayılmasının minimuma endirilməsi məqsədilə tətbiq edilən bu və digər tədbirlərin təsiri sosial və ictimai məsuliyyətdən, "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər"in tələblərinə əməl olunmasından asılıdır. Bu göstərişlərin irəli sürdüyü iki tələb mahiyyət etibarı ilə zəruri və məcburidir: sosial məsafənin qorunması və tibbi maskadan düzgün istifadə edilməsi. Yalnız bu iki halda, virusun yayılması ilə mübarizə effektli ola bilər.
Bununla yanaşı, sərnişinlərin sanitar-gigiyenik qaydalara əməl etməsi, xüsusən fəal virus mənbəyi olan kulinariya və qida məhsullarının stansiya və qatarlara atılmaması, əllə təmas olunan səthlərin çirkdən qorunması heç də az əhəmiyyət kəsb etmir.
Əminik ki, qeyd edilən qaydalara, prinsipial vəzifələrə riayət edildikcə, sərnişinlərə nümunəvi xidmət göstərmək üçün bütün qüvvəsini səfərbər etmiş metropolitenin təhlükə mənbəyinə çevrilməsinə imkan verilməyəcək. Bu məsələdə metropoliten işçiləri və Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları ilə həmrəy olaraq, sərnişinlər sosial fəallığına güvənirik.
Birlikdə güclü olub, birlikdə qalib gəlmək naminə qüvvələrimizi səfərbər edək.