AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı metrosu 7 aydan sonra qapılarını sərnişinlərə açacaq - dəyişikliklər və tövsiyələr

  • + A
  • - A
  • 28-05-2021, 11:16

    Bakı metrosu 7 aydan sonra qapılarını sərnişinlərə açacaq - dəyişikliklər və tövsiyələr

    Şəhərdəki tıxaclarda ən çox arzulanan nəqliyyat vasitəsi metrodu. Son dəfə sərnişinlər oktyabrın 17-də metrodan istifadə edib. Sosial şəbəkələrdə də oxuyuruq ki, bütün sərnişinlər metro üçün, hətta metronun spesifik iyi üçün darıxıb. Nəhayət Operativ Qərargah insafa gəldi. 31 may 2021-ci ildə doğma metromuz qapılarını sərnişinlərinin üzünə açacaq.

    Bakı Metropoliteni QSC-nın İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Bəxtiyar Məmmədov Azadmedia.az-ın suallarını cavablandırır:

    - Metroda nə olacaq, nə etməliyik, necə istifadə etməliyik?

    - Cavab sadədir: əvvəlki açılışda necə istifadə edirdiksə, elə də qalır. Dəyişən bir şey yoxdur.

    Amma 7 aydan çox keçib. Bir daha bəzi məsələlərdən agah olaq.

    Beləliklə...

    Sərnişindaşımanın təşkili və hərəkət qrafiki ilə əlaqədar

    1. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq;
    2. Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni sərnişindaşıma fəaliyyəti göstərməyəcək:
    5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;
    13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;
    19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;
    26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək;
    3. Sərnişindaşıma fəaliyyəti dövründə Bakı metropoliteni normal iş rejimində fəaliyyət göstərəcək;
    4. Qatarların hərəkəti, texniki-istismar və normativ tələblərə uyğun olaraq, mümkün optimal hərəkət qrafiki ilə təmin olunacaq;
    5. Əlil arabası istifadəçisi olan sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək.

    Bəxtiyar müəllim söhbət zamanı sərnişinlərə də diqqətli olmağı tövsiyə etdi və onları aşağıdakı tələblərə əməl etməyə çağırdı:

    1. “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir. Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar;
    2. Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan müvafiq qaydada istifadə etməsi və sərnişinlərin hərarəti seçimli şəkildə tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq. Seçmə qaydada yoxlama zamanı yüksək hərarəti olan sərnişinlər metropoliten ərazisinə buraxılmayacaqlar;
    3. Sosial məsafənin qorunmasını, tibbi maskadan istifadəni, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statik məlumatlandırması üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlara məlumatlandırıcı işarələr yapışdırılacaq, zərurət yarandığı halda, sərnişinlərin rabitə vasitələri və səsucaldanlarla məlumatlandırılması təmin olunacaq;
    4. Bakı metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılacaq;
    5. Sərnişinlərin sosial məsafəni qoruması və metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilərin qoyulması və digər profilaktik, tənzimləyici tədbirlər istisna olunmur.

    Sanitar-profilaktik tədbirlərlə bağlı məsələdən danışan Bəxtiyar Məmmədov dezinfeksiya işləri davam etdirilərək əsaslı və cari olmaqla iki istiqamətdə aparılacağını bildirdi və qeyd etdi ki, əsaslı dezinfeksiya tədbirləri sərnişin daşınmadığı vaxtlarda təmin olunacaq. Stansiya və qatarların əsaslı dezinfeksiyası müəyyən edilmiş qrafik üzrə təşkil ediləcək. Bu zaman Bakı metropoliteninin və “COVID-19” virusunun xüsusiyyətləri nəzərə alınmaqla seçilmiş geniş spektrli maddədən istifadə olunacaq.
    Metro sözçüsündən onu da öyrəndik ki, cari dezinfeksiya işləri gündəlik qaydada aparılacaq. Bu işlər stansiyalarda əllə təmas olunan bütün səthlərdə gün ərzində 6 dəfədən az olmamaq şərtilə yerinə yetiriləcək. Qatarlar xətdən depoya texniki baxış, qulluq və xidmət üçün göndərilərkən,depo şəraitində müvafiq sanitar-gigiyenik tədbirlər görüləcək. Bütün sanitar-gigiyenik tədbirlərə, o cümlədən dezinfeksiya işlərinə ən yüksək səviyyədə yoxlama-nəzarət mexanizmləri tətbiq ediləcək.
    Söhbətin sonunda B.Məmmədov bir daha sərnişinləri diqqətli olmağa səslədi:
    "Ölkəmizdə xüsusi karantin rejimi müddətinin və koronavirus təhlükəsinin davam etdiyi dövrdə Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa olunsa da, “Bakı Metropoliteni” QSC bir daha sərnişinlərinə müraciət edərək, metropolitendən istifadə qaydalarına, metodiki göstəriş və sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə, diqqətli olmağa çağırır.
    Unutmayaq, koronavirus təhlükəsinə yalnız birlikdə güclü olub qalib gələ bilərik".
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR