Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şəki şəhərində içməli və tullantı su layihələrinin icrası davam etdirilir. Dövlət büdcəsi vəsaiti hesabına hazırda şəhərdə şəbəkələrin yenidən qurulması işləri aparılır, eyni zamanda tullantı sutəmizləyici qurğunun tikintisi işləri həyata keçirilir.
Qədim tarixə və böyük turizm potensialına malik Şəki şəhərində mərkəzləşdirilmiş su təchizatı sistemləri ötən əsrin ortalarında yaradılıb və uzun illər istismar olunduğundan yararsız vəziyyətdə olub. Üstəlik tez-tez baş verən daşqınlar və şəbəkələrdə baş verən qəzalar əhalinin içməli su təchizatında problemlər yaradırdı.
Şəki şəhərinin içməli su təchizatının yenidən qurulması məqsədilə Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının birgə layihəsi çərçivəsində Kiş mənbəyində sugötürücü qurğu, magistral kəmərlər və su anbarları inşa edilib. Eyni zamanda içməli suya olan tələbatın tam ödənilməsi üçün dövlət büdcəsi hesabına Kiş çayının məcrasında 15 yeni subartezian quyusu qazılıb və quyulardan Şəki şəhərinə magistral su xətti çəkilərək şəhərə içməli suyun verilməsi təmin edilib. Ötən müddətdə Şəki şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələli şəkildə davam etdirilib. 2021-ci ilin Tədbirlər Planına uyğun olaraq 9 km içməli su və 8,5 km kanalizasiya şəbəkəsinin yenidən qurulması və 600 ünvanın yeni şəbəkələrə qoşulması nəzərdə tutulur. Hazırda 9 tikinti briqadası tərəfindən işlər aparılır və indiyədək layihənin 45 faizi yerinə yetirilib.
Ümumilikdə Şəki şəhərində inşası nəzərdə tutulan 314 km su xətlərinin 230 kilometrlik, 294 km kanalizasiya kollektoru və xəttinin isə 168 kilometrlik hissələri inşa edilib. Yeni tikilmiş şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb.
Şəki şəhərində tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğusunun tikintisi işləri də davam etdirilir. Şəki şəhərində icra olunan layihədən 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 80 minədək sakin faydalanacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.