AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zöhrəvi xəstəlik SÜZƏNƏK

  • + A
  • - A
  • 10-04-2021, 20:36

    Zöhrəvi xəstəlik SÜZƏNƏK

    Qonoreya, başqa adla desək, süzənək sidik-cinsiyyət orqanlarının, nadir hallarda isə ağızın, düz bağırsağın selikli qişalarını və konyuktivanı zədələyən zöhrəvi xəstəlikdir.

    Xəstəlik hələ 3,5 min il əvvəl yazılmış “Ebres papirusunda” təsvir olunsa da, tərcümədə toxumun axması mənasını verən “qonoreya” adı eramızın II əsrində qədim roma həkimi Qalen tərəfindən verilib. Törədicinin tapılması isə alman dermatoveneroloqu Albert Neysserin adı ilə bağlıdır. O, ilk dəfə qonoreyanın törədicisini uretra və konyuktivadan ayrılan irində tapmış və mikroba "Neysser qonokokku" adı verilmişdir.

    Törədici

    Neysser qonokokkları mikroskop altında paxla formasında, cüt-cüt, çökək tərəfləri ilə üz-üzə yerləşən bakteriyalar şəklində görünür. Xarici mühitdə dayanıqsız olsa da, orqanizmə düşəndə qoruyucu kapsulla əhatə olunur və bu örtük bakteriyanı immunoqlobulinlərin təsirindən qoruyur. Mikrobun ifraz etdiyi beta-laktamaza fermenti isə antibiotikləri parçalayaraq onların təsirini zəiflədir və xəstəliyin xronikləşməsinə səbəb olur.

    Yoluxma

    Cinsi yolla yayılan infeksiya olsa da, doğuş zamanı anadan dölə yoluxa bilər. Bundan əlavə ağız və düz bağırsağın selikli qişasından da yoluxma mümkündür. Qonokokklar nadir hallarda ananın çirkli əlləri, dəsmal, hamam süngəri və alt paltarı vasitəsilə qızlara ötürülə bilər.

    Simptomlar

    Yoluxmadan ilk əlamətlərin baş qaldırmasına qədər keçən inkubasion dövr 2-7 gün çəkir. Antibakterial preparatların kiçik miqdarda qəbulu və yoluxanın immun müqavimətinin aşağı olması inkubasiya dövrünü 2-3 həftəyə qədər uzada bilər.

    Sidik yollarının selikli qişasına düşən qonokokklar güclü iltihabi reaksiya törədir. Süzənəyin kəskin dövrü təqribən 2 aya qədər davam edir, bundan sonra xəstəlik xroniki formaya keçir.

    Kişi və qadın orqanizminin anatomi-fizioloji xüsusiyyətləri bir qədər fərqli olduğuna görə xəstəliyin gedişi və əlamətlərinin fərqli cəhətləri var.

    Kişilərdə qonoreya əlamətləri

    Kişilərdə süzənək sidik kanalında qaşınma və yanma hissi ilə başlayır və həmin əlamətlər sidik ifrazı zamanı xüsusilə artır. Cinsiyyət orqanının başı iltihablaşmış olur, sıxanda sidik kanalından irin damcıları xaric olur. İnfeksiya uretranın arxa şöbələrinə yayılanda sidik çağırışları tezləşir, sidikburaxmanın sonunda qan damcısı xaric olur. Çox zaman prosesə qasıq limfa düyünləri də qoşulur, iltihablaşır və böyüyür.

    Müalicə olunmayanda infeksiya bütün sidik kanalı boyu yayılır, prostat vəzə, xayalara və xaya artımlarına yayılır. Xəstədə sidik çağırışları çoxalır, sidiyəgetmə çətinləşir və güclü ağrı ilə müşayiət olunur, orqanizmin temperaturu yüksəlir, titrətmə və defekasiya zamanı ağrı əlamətləri olur.

    Qadınlarda qonorreya əlamətləri

    Qadınlarda qonoreyanın ilkin mərhələsində uretra, uşaqlıq yolu və uşaqlıq boynu kanalının selikli qişası zədələnir. Sidik kanalının iltihabı qaşınma, ağrılı tezləşmiş sidiyəgetmə, vagina və uşaqlıq boynunun zədələnməsi isə uşaqlıq yolundan irinli ifrazat, cinsi əlaqə zamanı ağrı əlamətləri ilə özünü göstərir. İrinli axıntı xarici cinsiyyət üzvlərinə düşəndə vulvit inkişaf edir.

    Təəssüf ki, qadınlarda xəstəlik əlamətləri kişilərdə olduğu qədər qabarıq olmur və çox vaxt simptomsuz keçir. Ona görə qadınlarda süzənək əksər hallarda xronik formada aşkar olunur. Vaxtında və adekvat müalicənin aparılmaması infeksiyanın uşaqlıq, uşaqlıq boruları və yumurtalıqlara yayılmasına səbəb olur, qadında uşaqlıqdankənar hamiləliyə və sonsuzluğa aparıb çıxarır.

    Ekstragenital formalar

    Qonokokk proktiti daha çox irinli vaginal sekretin və ya infeksiyalaşmış spermanın düz bağırsağa düşməsi səbəbindən baş verir, ya gizli keçir, ya da düz bağırsaqda qaşınma və defekasiyanın ağrılı olması ilə müşayiət olunur.

    Qonokokk faringiti və tonzilliti adətən simptomsuz keçir, bəzən udqunma zamanı ağrı olur. Həmin xəstələr infeksiyanın yayılmasında böyük rol oynayır.

    Qonokokk blefariti – blenoreya – törədicinin çirkli əllər və ya doğuş yollarından konyuktivaya yayılması nəticəsində inkişaf edir. Gözlərin sulanması, qızarması, sarımtıl-yaşıl rəngli irinli ifrazatın axması kimi əlamətlər yaranır. Müalicə olunmayanda buynuz qişa və digər göz toxumalarının zədələnməsi və korluqla nəticələnir.

    Diaqnostika

    Xəstəliyə diaqnoz qoymaq üçün kişilərdə sidik kanalından, qadınlarda isə uşaqlıq yolundan, sidik kanalından və endoserviksdən yaxma götürülür. Ekstragenital cinsi əlaqə olanda yaxmanı udlaq və düz bağırsaqdan da götürmək vacibdir.

    Ağırlaşmalar

    Ən çox rast gəlinən ağırlaşmalar qonoreya prostatiti, orxit, adneksit və ooforitdir və onlar da bir qayda olaraq həmin orqanlarda çapıqlaşma, toxumun və yumurta hüceyrənin hərəkətinin pozulması və sonsuzluqla nəticələnir. Uretranın strikturası, yəni çapıqlaşması sidiyəgetmənin pozulmasına aparıb çıxarır. Nadir hallarda qonokokk peritoniti, artrit və ya sepsislə ağırlaşa bilir.

    Müalicə

    Süzənəyin müalicəsində ilk antibakterial preparatlar penisillin qrupu antibiotiklər olmuşdur. Lakin müasir dövrdə qonokokklarda ona qarşı davamlılıq yarandığından daha çox ftorxinolonlar, tetrasiklin sırası və makrolidlərdən istifadə olunur. Xroniki formaların müalicəsində yanaşı olaraq immunomodulyatorlar, biostimulyatorlar və fizioterapiya üsulları da tətbiq olunur.

    Xalq təbabətində qonoreyanın müalicəsi üçün antibakterial və immunostimulyator bitkilərdən istifadə olunur.

    Xalq təbabəti reseptləri

    - İmmun sistemi möhkəmləndirmək üçün 300 qram qoz ləpəsi və 100 qram sarımsaq həvəngdəstədə əzilir, qarışdırılır, 15 dəqiqə su hamamında dəmlənir. Soyuyandan sonra 2 xörək qaşığı üyüdülmüş şüyüd toxumu və 1 kq bal əlavə olunur. 2 həftə gündə 3 dəfə yeməkdən yarım saat sonra 1 xörək qaşığı qəbul edilir. Məcunun antibakterial və iltihab əleyhinə təsirləri də var.

    - Orqanizmin müqavimətini artırmaq üçün jenşen, eleuterokokk və ya araliya cövhərlərindən də istifadə olunur. Eyni məqsədlə 10 gün ərzində İmmunotea çayının dəmləməsi qəbul olunur.

    - Hərəsindən 1 xörək qaşığı çöl qatırquyruğu otu və aptek çobanyastığı çiçəkləri 2 stəkan qaynar suda 30 dəqiqə dəmlənir, süzüləndən sonra gün ərzində içilir.

    - Hərəsindən 1 xörək qaşığı xırdalanmış ardıc meyvəsi, tozağacı yarpaqları və zəncirotu kökləri 1 stəkan qaynar suda yarım saat dəmlənir və gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir.

    - Süzənək zamanı kəcəvər kökləri ilə hazırlanan vannalar yaxşı səmərə verir. 30 qram xırdalanmış köklər 1 litr suda 10 dəqiqə qaynadılır, ocaqdan götürüləndən sonra 1 saat dəmlənir. İsti vannaya əlavə olunur və 20 dəqiqə vanna qəbul edilir.

    - İrinli ifrazatı azaltmaq üçün 1 xörək qaşığı atpıtrağı kökləri 1 stəkan soyuq suya əalvə olunur, qaynama dərəcəsinə çatandan sonra 15 dəqiqə vam ocaqda qaynadılır. Süzülmüş bişirmə hər yeməkdən 20 dəqiqə əvvəl 1-2 çay qaşığı qəbul edilir.

    - Qadınlarda uşaqlıq yolunun yuyulması üçün 10 gün müddətində gündə 1 dəfə Profemin çayının dəmləməsi istifadə olunur.

    Mənbə: Herba Flora jurnalı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR