AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Başgicəllənmənin səbəbləri

  • + A
  • - A
  • 2-05-2021, 22:03

    Başgicəllənmənin səbəbləri

    İnsanların əksəriyyəti bu halla tanışdır.
    Başgicəllənməsi zamanı insanda onu əhatə edən əşyaların onun ətrafında fırlanması və ya öz bədənin fırlanması hissi yaranır. Buna tibbdə "həqiqi baçgicəllənmə" (vertiqo) deyilir. Bəzən insanlar digər simptomları hiss etdikdə (zəiflik, gözlərin qaralması, halsızlıq və s.) onları səhvən başgicəllənməsi kimi anlayırlar. Lakin bu belə deyil.
    Həqiqi başgicəllənmə tez-tez təkrarlanırsa, bu bir sıra pozulma və xəstəliklərin əlaməti ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduqda terapevt xəstəni digər həkimlərin (LOR, nevropatoloq, nevroloq, ortoped və s.) müayinələrinə göndərə bilər.
    Beləliklə, tez-tez təkrarlanan başgicəllənmə bu kimi hallarda meydana çıxa bilər:

    - vestibulyar (bədənin müvazinətini nizama salan mərkəz) sinirlərin iltihabı,

    - daxili qulağın iltihabı (eşitmə qabiliyyətinin azalması, qulaqdan hər hansı ifrazatların gəlməsi ilə müşayiət olunur),

    - baş beyini şişləri (güclü baş ağrıları, ürəkbulanması, qusma ilə müşayiət olunur),

    - miqren (baş ağrısı, ürəkbulanması, qusma, qulaqlarda küy və s. kimi simptomlarla müşayiət olunur),

    - Menyer xəstəliyi (bu xəstəlik güclü başgicəllənmələri tutmaları, bir qulaqda eşitmə qabiliyyətinin azalması, ürəkbulanması, qusma ilə müşayiət olunur),

    - baş və boyun travmaları (xüsusilə avtomobil qəzalardan sonra),

    - boyun osteoxondrozu (başgicəllənməsindən əlavə xəstə boyun nahiyyəsində ağrılar və hərəkətliliyin pozulmasını hiss edir),

    - beyin qan dövranı pozulması, insult. Bu halda başgicəllənməsi uzunsürən olur (hətta bir neçə gün ərzində davam edə bilər), xəstədə qollarda və ayaqlarda keyimə hissi, nitqin pozulması (xəstə hətta öz adını aydın deyə bilmir) və s. ağır simptomlar meydana çıxır. Dərhal "təcili yardım" çağırmaq və xəstəni xərəkdə xəstəxanaya çatdırmaq lazımdır.

    Lakin onu da nəzərinizə çatdıraq ki, əksər hallarda həqiqi başgicəllənməsinin səbəbi travma və ya infeksiyanın nəticəsində insanın vestibulyar apparatında olan pozulmalardır. Belə başgicəllənmələri insanın həyatı üçün ciddi təhlükə yaratmır. Lakin insan daha diqqətli olmalıdır ki, başgicəllənməsi tutması zamanı yıxılmasın və travma almasın. Başgicəllənməsinin bu formasını nevropatoloqlar müalicə edir.

    Hamiləlik zamanı qadın orqanizmində ciddi dəyşikliklər baş verir ki, bunun nəticəsində qadında tez-tez başgicəllənmələri ola bilər. Adətən bunun səbəbi hamilə qadınların qanında qlükozanın səviyyəsinin və ya qan təzyiqinin aşağı düşməsidir. Əgər başgicəllənməsi hamilə qadında tez-tez təkrarlanırsa, bu haqda mütləq qadına nəzarət edən ginekoloqa məlumat vermək lazımdır. Belə başgicəllənməsi fizioloji sayılır (yəni xəstəliyin simptomu sayılmır). Hamiləlik başa çatdıqda belə fizioloji başgicəllənməsi də artıq təkrarlanmır.

    Hamiləlikdən əlavə fizioloji başgicəllənməsi bu kimi hallarda ola bilər:

    - İnsan böyük auditoriya qarşısında çıxış etdikdə, qəfildən sevindikdə və ya əksinə kədərləndikdə, onun qanında adrenalin hormonu çoxalır ki, nəticədə başgicəllənməsi inkişaf edə bilər.

    - Nəqliyyatda getdikdə (xüsusilə su nəqliyyatında), karuseldə yelləndikdə insan başğıcəllənməsi hiss edə bilər.

    - Balanslaşdırmamış pəhrizlər də başgicəllənməsinə səbəb olur. Bu zaman insanın orqanizmi az miqdarda qlükoza alır ki, beyin "ac qalır" və bunun nəticəsində insanda başgicəllənməsi inkişaf edir.

    - Çoxlu miqdarda siqaretlərin çəkilməsi, alkoqollu içkilərin və narkotiklərin qəbulu da başgicəllənmələrə səbəb ola bilər.

    - Uzun müddət ərzində kompüterdə işləyən insanlarda da başgicəllənmələri tez-tez olur. Bundan əlavə bu qrup insanlarda baş ağrısı, ürəkbulanması, tez yorulma, zəiflik əmələ gəlir. Bu xoşagəlməz simptomlardan qurtulmaq üçün bu insanlar daha az vaxt kompüterdə işləməli, daha çox açıq havada olmalı, idmanla məşğul olmalıdırlar.

    - Bəzi dərmanların qəbulu insanda başgicəllənməsinə səbəb ola bilər. Bu dərmanların arasında: allergiya əleyhinə preparatlar, bəzi antibiotiklər, güclü sakitləşdirici preparatlar və s. Əgər hər hansı preparatın qəbulundan sonra sizdə başgicəllənməsi əmələ gəlibsə, mütləq bu haqda öz müalicə həkiminizə məlumat verin.
    Sağlamolun.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR