AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Üzü dönsün ayrılığın...

  • + A
  • - A
  • 15-09-2021, 18:24


    Ölməz sənətkarımız Yaqub Zurufçunun xatirəsinə
    ...Ayrılıqlar da, qovuşmalar da taleyin və zamanın qismətidir. Tale Yaqub Zurufçunun qismətinə illərlə həsrətində olduğu doğma Azərbaycana “Ayrılıq” mahnısı ilə qovuşmaq qismət eləmişdi. Həyatda hər kəsin, hətta torpağın, daşın, quşun, yarpağın, dənizin, bulağın da öz nəğməsi var, deyirlər. Hərə öz dilində oxuyur nəğməsini. Yaqub Zurufçu da hələ qürbətdə ikən özünün təkrarsız və bənzərsiz nəğməsi ilə milyonlarla azərbaycanlının qəlbində əbədi yuva qurdu.
    ...Sonra Yaqub Zurufçunun “Ayrılıq”ından xalqımızn bir araya yığışdığı məkana - Azadlıq meydanına intizar, həsrət, göz yaşları yağdı. İnsanlar bu nəğmə yağışının altında keçmişdən gələcəyə, bu taydan o taya ümidlə boylandı.
    Daha sonra “Ayrılıq” Azərbaycanın milli - mənəvi dirçəlişinə təkan verdi, “el arası çəpər olmaz” məntiqi ilə bütün ayrılıqlara son qoymağa, müqəddəs torpaqlarımıza göz dikən yağı düşmənlə savaşa ruhlandırdı.
    Əbəs yerə Yaqub bəy demirdi ki, “Ayrılıq”ı oxumaq üçün, ya gərək aşiq olasan, ya da ki, vətənpərvər. “Mən onu vətənpərvər kimi oxumuşam.” Müğənninin tale və sənət yollarına silsilə məqalələr
    həsr etmiş Əməkdar jurnalist Rəhman Orxanın təbirincə desək, Yaqub Zurufçu Vətən həsrətli-eşqli qəlbini "Ayrılıq"dan qopardıb, bütün dünyanı dolaşaraq, onu yalnız Azərbaycanda tapındıra, ovundurub-sevindirə bilib. Görkəmli sənətkar 65 illik ömründə dünyanın çox olkələrinə səfər etmişdi...
    ...7 yaşında Təbriz şəhərinin Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub Zurufçu elə həmin illərdə Təbriz radiosunun uşaq proqramında iştirak edərək, şövqlə oxuduğu "Cücələrim" mahnısı ilə bütün İranda tanınmış, dillər əzbəri olmuşdu. 15 yaşında isə Təbriz Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin, ay nənə", "Dilbər" mahnısını ifa edən müğənni bu istedadını və oxumaq istəyini atası Qulu kişinın uzun müddət Bakıda yaşaması və doğma xalqının musiqisinə olan sonsuz sevgısi ilə əlaqələndirdi.
    ....Gənc yaşlarında Tehran opera teatrının xorunda öz musiqi fəaliyyətini davam etdirən sənətkar 1979-cu ildə İranda xalq inqilabından 1 il sonra Almaniyaya köçdü. Lakin Təbrizdən başlayan sənət uğurunu sonralar qürbətdə davam etdirərək bütün dünyada, xüsusilə müsəlman aləmində, Şərq dünyasında böyük şöhrət qazandı. Onun Almaniya, ABŞ, Latın Amerikası və Avropa ölkələrində təşkil olunan ənənəvi konsertləri millətindən və dinindən asılı olmayaraq, bütün dinləyicilər tərəfindən həmişə sevilərək, rəğbətlə qarşılandı.
    Hansı ölkədə yaşamasından asılı olmayaraq Yaqub Zurufçunun ürəyi həmişə Azərbaycan eşqi ilə döyünürdü... İki il öncə müsahibələrinin birində deyirdi ki, bu il Can Azərbaycana gəlişimin 30 ili tamam olur. “Çox xoşbəxtəm ki, Gülağa Məmmədovun dəvəti ilə 1989-cu ilin əvvəllərində Azərbaycana gəldim və illərlə həsrətində olduğum Vətən mənə doğma anam kimi qucaq açdı, bağrına basdı. Bu, həmin illər idi ki, Azərbaycan xalqı böyük bir imperiyaya qarşı azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxmışdı. Xoşbəxtəm ki, “Ayrılıq” mahnısı xalqımız tərəfindən sevildi... Və xoşbəxtəm ki, Vətənimin müstəqillik tarixində mənim də adım, mənim də payım var".
    Yeri gəlmişkən qeyd edək ki, dünya şöhrətli məşhur Azərbaycan və Türkiyə müğənnilərinin ifa etdikləri “Ayrılıq” Yaqub bəyə qədər bəzən xalq mahnısı hesab olunurdu. Sonralar məlum odu ki, “Ayrılıq” və eləcə də “Sizə salam gətirmişəm” mahnılarının musiqisi Bakıda doğulan, lakin Stalin repressiyası zamanı İran təbəələri kimi ailəsi ilə birgə ora sürgün edilən mərhum bəstəkar Əli Səlimiyə məxsusdur. Hər iki mahnı kövrək və həsrətlə ifa olunsa da sanki Azərbaycanın Cənub və Şimal hissələrini mənən və ruhən qovuşdurur...
    ... İctimai Televiziyada işləyəndə Yaqub Zurufçu Təbrizə getdi və “Təbriz həsrəti” adında klip çəkdirdi. “Təbriz üçün çox darıxmışdım. 26 ildən sonra Təbrizə getdim və doğma şəhərimi tanımadım, əgər bura - Azərbaycan olmasaydı, mən çox tez dünyadan gedərdim. Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi həmişə mənə dəstək olub.” İranda Azərbaycan dilində təhsilin olmadığını dilə gətirən müğənni ürək yanğısıyla deyirdi ki, orada mənim özümün gül kimi dilim var, amma onu nə yaza, nə də oxuya bilirəm. “Niyə axı? Niyə belə olmalıdır?”
    ...Təqribən 22 -23 il qabaq Yaqub Zurufçunun bizim doğma Masallıya gəlişini xatırlayıram. Məni onun ifasından çox heyrətləndirən, rayonda uşaqdan böyüyə hamının tanıyıb sevdiyi, cəddinin möcüzələri barədə sağlığında əfsanəvi söz-söhbətlər gəzən Seyid Sadıq ağanı ziyarət etməsi oldu. Viləşçay dəryaçasının sahilində Seyid Sadıq ağa ilə yadigar şəkil çəkdirən müğənni ondan xeyir-dua istədi...
    ...2009-cu ildə Yaqub Zürufçu həm Azərbaycan vətəndaşlığı aldı, həm də "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görüldü.
    ...Sentyabrın 15-də qəlbi hər zaman Azərbaycanla döyünən Yaqub Zurufçu azərbaycanlı sənətsevərlərin çiynində “Qurd qapısı” qəbiristanlığında son mənzilə yola salındı. Sənətkarın dəfn mərasimində ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak etdilər. Yaqub Zurufçunun canlı ifasını dinləyənlər üçün onu belə tez itirmək çox üzücüdür.
    Ancaq onun ifasında təkrarsız gözəlliyi, ürəyəyatımlılığı ilə seçilən, qəlb oxşayan melodik Azərbaycan mahnılarını dinləmək bizə - qaIib ölkənin musiqisevərlərinə həmişə böyük sevinc bəxş edəcək. Allah rəhmət eləsin!

    Nurəddin ƏDİLOĞLU
    15.09.21. Bakı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR