AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sirlərlə dolu sehirli məkan - Basqal

  • + A
  • - A
  • 16-08-2022, 03:13

    Sirlərlə dolu sehirli məkan -  Basqal

    İsmayıllının mərkəzindən 20 dəqiqə avtomobil yolu var Basqalın, bəlkə daha az. Restavrasiyadan sonra möcüzəli, qədim, sirlərlə dolu Basqala gəlişimiz Turizm İnformasiya Mərkəzi ilə başlayır. Bura stol-stullarla təmin olunmuş 2 məlumat otağından ibarətdir.

    Həyətdə təmiz, müasir standartlara cavab verən tualetlərdə əngəlli vətəndaşlar da nəzərə alınıb.

    Mərkəzlə tanışlıqdan sonra suyu qurumuş Basqal çayı üzərindəki körpüdən keçib Bazar meydanına tərəf gedirik.

    Basqal səfəri zamanı ayağınıza rahat ayaqqabılar geyinmək mütləqdir. Çünki yerlərə düzülmüş daşlar narahat ayaqqabıda gəzintinizə mane ola bilər.

    Basqal küçələri İçərişəhəri xatırladır. Fərq ondadır ki, ərazi seysmik zona hesab edildiyi üçün hasarlarda və evin divarlarında ortadan taxta parçaları gedir düz xətt üzrə, bu da dağıntının qarşısını almaq üçündür.

    Evlərin tini ovaldır. Bu da nəqliyyatın döngələrdə sərbəst hərəkətini təmin edir. Həm də o dövrdə faytonların, arabaların divarları zədələməməsi üçün nəzərdə tutulub.

    Bütün darvazalarda zəngi əvəz edən dəmirlər var, təqqulbab adlanır. Qapılardakı aksessuarlar Dəmirçi bazar küçəsinin sakinləri tərəfindən hazırlanıb. Bərk səs çıxaran təqqulbabı qapıya kişi gələrkən döyür, yavaş səsi çıxanı xanımlar. Qapıda bir halqa da var ki bu da ev yiyəsinin, yaxud qonağın heyvanının qapıya bağlanması üçündür.

    Bazar meydanına gedən küçədə 2 üstü daşla hörülmüş bulaqlar var. Qız gəlinlər bulaqda paltar, xalça-kilim yuyarkən görünməmək üçün o formada tikilib.

    Bulağın üstünə qoyulan işarələr vasitəsilə sakinlər, tacirlər növbə ilə ordan istifadə edirmiş. Qadınlar olarkən bulağın baş tərəfindən qırmızı yaylıq asılarmış.

    Bulaqda kitabələr var. Kitabda Qoşa bulaq haqqında ayə var. İnanca görə Quranda adı keçən qoşa bulaq oradı. Qoşa bulaqdan su içənlərin cənnətə gedəcəyinə inanarmışlar.
    Bulağa vurulan lövhədə yazılana görə 1923-cü ildə yenidən bərpa edilib. Bulağın tikilməsi 16-18-ci əsrlərə aid edilir. Amma divarda 14-cü əsr yazılıb, təəssüf ki, məlumatın heç bir qaynağı yoxdur.

    İkinci bulağın yanında tam fərqli hündür tikili var. Basqalın tarixi şəxsiyyətlərindən biri olan Məmməd Bağırovun evidir. O da Əhmədiyyə Cəbrayılov kimi Avropada partizan hərəkatında iştirak edib. İtaliyada partizan hərəkatında iştirak etdikdən sonra Azərbaycana qayıdıb. Onun partizan dostlarından biri sonradan İtalyanın Prezidenti olub. Müxtəlif vaxtlarda İtalya prezidenti onu ölkəsinə dəvət edib. Məmməd Bağırovun arzusu olub ki, həyatında İtalya böyük rol oynadığına görə İtalyan stilində ev tikdirsin (posqana stilində-müəl.). Məlumata görə ulu öndər Heydər Əliyev bu dostluqdan xəbərdar imiş. İtalyaya səfəri zamanı Məmməd Bağırovu yanında aparırdı həm tərcüməçi kimi, həm birgə səyahət edirmişlər. Evdə hal-hazırda partizanın ailə üzvləri yaşayır.

    Tanımayan, bələdçisiz qonaqlar da divara vurulmuş lövhələr vasitəsilə asanlıqla Bazar meydanına gedə bilər.

    Bazar meydanına çatmamış Dəmirçilər məhəlləsində yol üstündə bir ev var, digərlərindən seçilir. Onun 1-ci mərtəbəsi 1937-ci ildə həbsxana kimi istifadə edilib. Qəsdən o yer seçilib ki, Meydan tərəfə gedən əhali onların əzabını eşitsin, qorxsun.
    Evlərin pəncərələrinin dəmir barmaqlıqları bir-birinə keçirmə ilə birləşib. Dəmirçilərin bu işi xırda işdir, həm də əziyyət tələb edən.

    Yolumuza kənd sakini çıxır, xoşgəldindən sonra fəxrlə deyir ki, bizim kəlağayılar 1860-cı ildə Londonda bürünc medal alıb.

    Sovet dövründə kollektivləşmə olduğu zaman gizli fərdi kəlağayı sexləri olub. Satış yerləri divarlarda gizli qapılar vasitəsilə sakinlər tərəfindən tanınırdı.
    Biraz da piyada gəldikdə hazırda yerli əhalinin istifadə etdiyi məscid var. Məscid də Bazar meydanına daxildir.

    Meydanda cərgə ilə düzülmüş mağazalarda kəlağayılar, keramika əsərləri, İsmayıllının dadlı şirniyyatları turistlərin yolunu gözləyir. Ən bahalı kəlağayı 400 manatdır.



    Meydanda yerləşən Tarix Memarlıq Qoruğunun inzibati binasında da turistlər əl-üzlərini yuya, təbii ehtiyaclarını ödəyə bilərlər. Hamısı yeni təmirdən çıxıb, inanıram ki, qonaqlar təmizliyə riayət edəcək.



    Qoruqdan biraz yuxarıda hamam yerləşir. Hamamda xüsusi şeypur var, o çalınanda bilinirmiş qadın hamamı günüdür. Sərinləmək otağı girişə yaxındır, lap axırda gizli otaq da var.

    Orda dərvişlər gizli yığıncaq edərmiş. Üzərinə ovsun oxunan ayələrlə bəzənmiş cam var həmin gizli otaqda. Günahı olanlar tövbə edib o qabla başlarına su töküb qüsullanarmış.

    Qadınlar üçün aksessuarlar satışı bölməsi də maraqlıdır. Hamamda kişi, qadın, hətta uşaqlar üçün ayrı-ayrı misdən qablar var. Yeni doğulan uşaq və ana üçün 40 günlüyündə çimib qüsul almağa xüsusi otaq və otaqda ayələr oxunmuş qablar var, hansı ki 40 dəfə bu qabla su tökülüb 40-ı çıxarırmışlar.



    Hamamla üzbəüz yaşı 500 il olan Çinardı. Yeganə uzunömürlü Çinardı ki, yaşı dəqiq bilinir.

    Çinarın yanında bulaq var. Pirbulağı adlanır.

    Çinarın arxası isə Məsciddir. Şeyx Məhəmməd məscidində aparılmış arxeoloji qazıntılar nəticəsində tapılan qədim kitablar və daş üzərində yazılar, müxtəlif əşyalar da turistlərdə maraq yaradacaq.



    Divarda məscidin yaranma tarixinin orijinal kitabəsi var. Kitabədə yazılana görə məscid 1531-ci ildə inşa edilib. Divardakı kitabə dünyada unikal kitabədir. Kitabədə Çinarın Şeyx Məhəmmədin oğlu Şeyx Səfi tərəfindən əkilməsi barədə məlumat var, hicri-qəməri tarixi ilə 970-ci il. Miladi ilə bu 1563-cü il edir.




    Məscidin bərpasından əvvəl arxeoloji qazıntı aparılmasına qərar verilib, məlum olub ki, məscidin altında daha qədim tikililər yerləşir . Alt təbəqələr 10-cu əsrə qədər gedib çıxır. Təndir 11-12-ci əsrin təndiridir. Ocaq yeri də var, burada ocaq yeri dəmirçiliyin yeridir.

    Çinarın yanındakı bulağın tarixi su xətti də məcidin içindən keçir. Bu qazıntılar sübut edir ki, Basqal ərazisində 10-cu əsrdən arasıkəsilməz yaşayış olub. Burda çoxlu zəlzələlər olub, hər zəlzələdən sonra əhali onun üzərində yeni tikili tikib.







    Bazar meydanı bizi öz cazibəsinə necə salmışdısa, havanın qaralmasından xəbərimiz olmadı. Qeyd edim ki, nəfis işıqlandırma sistemi qurulub Basqal küçələrində və Bazar meydanında .



    Turistlər gecə gəzintisindən də rahatlıqla zövq ala bilərlər. Basqalda turistlər əsasən yerli əhalinin evlərində kirayə qalır. Avtomobili olanlar mərkəzdə yerləşən otellərə gedir, səhərlər bu ecazkar məkanı gəzməyə gəlir.
    Bizi qədim dövrə aparan nağıllar aləmi Basqalı çox sevdim. Siz də gedin gəzin, əminəm ki, sevəcəksiniz.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR